Öz bədənlərinə nəzarəti tamamilə itirmiş, iflic olmuş, lakin şüuru yerində olan adamlar yeni yaradılmış skanerin köməyilə ünsiyyətə girə biləcəklər. Skaner xəstənin beyni ilə birbaşa bağlı olacaq. Yeni skaner artıq Avropada uğurla sınaqdan çıxarılıb.
Sözügedən sistemin köməyilə həkimlər hətta gözlərini belə tərpədə bilməyən xəstələrə sadə "hə" və "yox" cavabı tələb edən suallar verməklə 70% hallarda onları dəqiq anlaya biliblər. Beyinlə birbaşa əlaqə yaradılır. Daha doğrusu insanın beyin qan dövranını dəyərləndirməklə onun reaksiyasını anlayırlar. Məsələn, insan suala müsbət cavab verirsə, (ağlından "hə" cavabını keçirirsə), o zaman onun beyninin frontal hissəsində oksigenə tələbat artır, yəni bu nahiyəyə qan axını çoxalır. Skanersə bunu asanlıqla qeyd edir.
Bundan sonra kompüter "hə" və "yox" cavabları arasında qan axınları arasındakı fərqi hesablayır. Bu texnologiya praktikada, birincisi, həkimlərə xəstənin özünü necə hiss etdiyini anlamaq imkanı verəcək, ikincisi isə, xəstənin özünə öz istəkləri barədə danışmaq imkanı verəcək. Evtanaziya məsələləri şəxsən xəstənin özü tərəfindən həll ediləcək.
Layihənin müəlliflərindən biri, Cenevrədəki Wyss Bio və Neyromühəndislik Mərkəzindən nevroloq professor Nils Birbaumer (Niels Birbaumer) deyir: “Bu şokedici nəticə mənim belə insanların ünsiyyətə girməyə qadir olmamasına dair nəzəriyyəmi alt-üst etdi. Yoxladığımız dörd nəfərin hər biri verdiyimiz şəxsi sualları cavablandırmağa qadir oldu".
Həftələrlə davam edən tədqiqat müddətində xəstələrə verilmiş “Xoşbəxtsinizmi?" sualına davamlı olaraq "hə" cavabı verilib.