Eyniadlı kitabı oxuduqca həm yüksək qürur və fəxr hissi duyur, həm də indiki dövrdə bu şəxsiyyətlərə yetərincə dəyər verilməməsinə görə təəssüf hissi keçirirəm.
Millətin ideallarının olması və bu idealları həyata keçirməsi üçün istinad nöqtəsinin olması çox vacibdir.
Sözsüz ki, özünəgüvənlilik həm bir fərdin həyatında, həm də bir millətin taleyində həlledici ola bilər. Millətin ideallarının olması və bu idealları həyata keçirməsi üçün istinad nöqtəsinin olması çox vacibdir.
Bizim millət olaraq formalaşma prosesini başladan fikir və əməl böyüklərimizin həyat səhifələri hər birimiz üçün belə bir istinad nöqtəsi olmalıdır.
XIX əsrdə üç Mirzə - Mirzə Ələkbər Sabir, Mirzə Cəlil Məmməquluzadə, Mirzə Fətəli Axundov - və Həsən bəy Zərdabi ilə başlayan, XX əsrdə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər onlarla şəxsiyyətimizlə davam edən ümmətçilikdən millətçiliyə və dövlətçiliyə keçid yolu hər birimiz üçün qürur mənbəyi olmalıdır.
Bu böyük şəxsiyyətlər dövrün Şeyx Nəsrullahlarının fətvaları əsasında cəhalət və xürafat həyat normalarına çevrilmiş cəmiyyətdən bir millət yaratma uğrunda elə böyük fədakarlıqlar göstərmişlər ki, onları ifadə etməkdə sözlər belə gücsüz qalır.
Şərqdə cəmi yeddi müsəlman monarxik dövlət olduğu halda, bu görkəmli insanlar ilk demokratik Azərbaycan Cümhuriyyətinin əsasını qoyub, Azərbaycan adını coğrafi sferadan siyasi sferaya keçirdilər.
Ancaq təəssüf ki, M. Ə. Rəsulzadənin də qeyd etdiyi kimi, biz milliyyətdən millətə keçmə mərhələsini tamamlaya bilmədik.
Ancaq təəssüf ki, M. Ə. Rəsulzadənin də qeyd etdiyi kimi, biz milliyyətdən millətə keçmə mərhələsini tamamlaya bilmədik. Ümumi kollektiv şüur konsepsiyası formalaşmadı, və bunun nəticəsində, torpaqlarımızı da itirdik. Məğlubiyyət psixologiyasına məhkum olduq.
Yuxarıda dəyərlərimizə layiqi qiymətin verilməməsini bildirdim. Burda indiki bərbad təhsil sistemimiz və heç bir mənəvi ucalığı qalmayan, dəyərsizləşdirilən və şəxsiyyətsizləşdirilən müəllim adının da öz rolu var. Təbii ki, bu da son nəticədə, fərdlərin özünəgüvənsizliyinə gətirib çıxarır. Özünə güvənməyən fərdlərdən formalaşan bir toplum isə məğlubiyyətə məhkumdur.
Ancaq gənclik olaraq, özümüzdə də günah payı heç də az deyil. Ətrafımızda tez-tez işlədilən neqativ “bu millət belə”, “bu millət elə” ifadələrini işlətməkdənsə, oxuyaq-araşdıraq ki, bizim babalarımız hansı fədakarlıqları göstərmiş, nə kimi məhrumiyyətlərə qatlaşmışlar. Biz gənclik böyük şəxsiyyətlərimizin həyatlarının hər bir səhifəsini oxuduqca anlayacayıq ki, belə LƏYAQƏT SİMVOLLARI olan bir millət heç bir zaman bəhanələrə sığınmamalıdır.
Dəyərlərimizə sahib çıxaq ki, dəyər qazanaq, dəyərli bir millətin nümayəndələri kimi qürur hissi keçirək.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.