Kəsişən kimliklər

Gender bərabərsizliyi və qadınlara qarşı olan ictimai iqtisadi və s. ayrı-seçkiliklər haqqında bir çox əsərlərdə oxumaq mümkündür. Bununla belə, qadınların cəmiyyətlərdə əzilmiş vəziyyətindən bəhs edən əsərlərin bir çoxunda bir problemlə rastlaşa bilərik. Bu problem eyniləşdirmə problemidir. Biz, “qadınlara qarşı ayrıseçkilik var”, “gender bərabərsizliyi” kimi sözləri deyəndə ağlımızda olan qadın necə bir qadındır görəsən!? Bir çox halda təsəvvürümüzdə olan qadının aid olduğu sinif, etnik mənsubiyyət, evli olub-olmamaq və s. haqqında bilgisiz oluruq.

Məsələn, İranda yaşayan Azərbaycan türkü, Şiə məzhəbinə mənsub, orta sinfə aid, ali təhsilli bir qadının İranda yaşadıqları ilə Türkiyədə yaşadıqlarının eyni olması mümkün deyil.

Qadınları eyniləşdirmək fərqli statuslara sahib olan qadınlar haqqında bilgi əldə etmək baxımından da yanıldıcıdır. Hətta eyni statusda olan bir qadının da fərqli ölkələrdə eyni şəkildə yaşaması mümkün deyil. Çünki qadınlıq o insanın sadəcə gender kimliyidir və hər bir insan gender kimliklə yanaşı bir çox kimliyin sahibidir. Məsələn, İranda yaşayan Azərbaycan türkü, Şiə məzhəbinə mənsub, orta sinfə aid, ali təhsilli bir qadının İranda yaşadıqları ilə Türkiyədə yaşadıqlarının eyni olması mümkün deyil. Bu hər cəmiyyətin insanlara tanıdıqları imtiyazlar və çatışmazlıqlarla bağlıdır. Məsələn, türk etniki, və şiə məzhəbinin bir ölkədə imtiyaz sayıldığı halda, başqa ölkədə mənfi yön kimi görülə bilər. İnsanların cəmiyyətdə yerləri də bu kontekstdə formalaşır.

Əslində insanların cəmiyyətdəki yeri, onların sahib olduqları imtiyazlar və çatışmazlıqlar bəlli edilir. İranın ictimai-siyasi şəraitində şiə, təhsilli və orta sinfə mənsub olmaq bəhs edilən qadın üçün imtiyaz sayılsa da, ölkədə dominant olmayan etnosa aid olmaq da çatışmaz bir tərəf hesab edilə bilər. Eyni qadın Türkiyədə yaşayardısa şiə və xarici vətəndaş olduğu üçün, Amerikada yaşayardısa müsəlman olmaq kimi faktorlara görə fərqli təcrübələri yaşaya bilərdi.

KƏSİŞMƏ NƏZƏRİYYƏSİ

Kəsişmə nəzəriyyəsinə (Intersectional Theory) görə qadınların yaşadıqları fərqli təcrübələr sadəcə onların gender kimliyi ilə deyil, həm də etnik, din, məzhəb, sinif və hətta bədən forması və s. kimi digər faktorlarla bağlıdır. Bu faktorlar bir-birindən ayrı şəkildə deyil, bir bütün olaraq insanların həyatına təsir buraxırlar. Başqa sözlə, insanların cəmiyyətdəki yeri, sahib olduqları fərqli kimliklər və faktorların kəsişməsinin nəticəsində ortaya çıxır. Bu kəsişmədə bir çox faktorlar o cümlədən gender, irq, sinif, etnik, milliyyət, cinsi orientasiya, din, yaş, əlillik, xəstəlik kimi faktorların rolu ola bilər.

Bu kəsişmədə bir çox faktorlar o cümlədən gender, irq, sinif, etnik, milliyyət, cinsi orientasiya, din, yaş, əlillik, xəstəlik kimi faktorların rolu ola bilər.

Kaliforniya universitetinin professoru, Kimberli Qrinşaunun (Kimberlé W. Crenshaw) Kəsişmə nəzəriyyəsi indiki dövrdə Qərb feministlərinin yanaşmasına ciddi şəkildə təsir buraxmaqdadır. Bunun bir səbəbi də bu nəzəriyyənin azlıqlara diqqət yetirmə potensialıdır. Elə bu səbəbə görə Amerikadakı irqi və etnik azlıqların istinad etdikləri əsas nəzəriyyə halına gəlmişdir. Amerikada istər homoseksuallar, istər qaradərili qadınlar, cinsi orientasiya və irqçilik faktorlarının onların həyatına buraxdığı izi bu nəzəriyyə sayəsində diqqət mərkəzində saxlamağa çalışırlar.

İnsanların həyatdakı təcrübələrini əsas alan Kəsişmə nəzəriyyəsi cəmiyyətdə marji­nallıq konsepsiyasına da yeni bir anlam verir. Bu dəfə marjinallar unudulmuş azlıq­lardan potensial güc qaynağına çevrilirlər. Daha gender məsələsi deyiləndə sadəcə ölkənin dominant qrupuna mənsub olan tipik qadının problemi deyil, bütün fərqli təcrübə yaşa­yanlar da qəsd edilir. Marjinal sayılanlar özlərini bu nəzəriyyə sayəsində ifadə etmək imkanı tapdıqları üçün get-gedə kollektiv kimlik qazanıb, potensial bir güc halına gəlir­lər. Bu gün İranda Fars olmayan feministlər, o cümlədən Güney Azərbaycan feminist­lərinin fərqli təcrübələrə əsaslanan mövqeləri bu məsələnin bir nümunəsi sayıla bilər.

Bu perspektiv, fərqliliyi əsas almayan hər növ həmrəylik anlayışına da qarşı çıxmaqdadır. Kəsişmə nəzəriyyəsinə qəbul edənlərə görə həmrəylik və ittifaq eyniliyə əsaslanmamalıdır. Qadınları eyniləşdirən və hər hansı fərqliliyi vurğulamamağın bir nümunəsi də feministlərin təbliğ etdiyi “bacılıq” mesajıdır. Artıq bir çox feministlər, həmrəylik şüarları üçün fərqliliyi göz ardı etməyə ehtiyac yoxdur, gender bərabərsizliyinə qarşı mübarizə etmək üçün eyniləşməyə ehtiyac yoxdur kimi fikirləri səsləndirirlər.

DƏRDİN İYERARXİYASI

Əyər insanlar eyni zamanda fərqli faktorların basqısı altında qalırlarsa və bu faktorlar bir-birinə kilidlənmiş halda insanların həyatına təsir buraxırsa o zaman ədalətsizliyə qarşı mübarizə yolu necə olmalıdır sualı da ortaya çıxır. Məsələn, irqçilik və cinsiyyətçiliyin hakim olduğu İranda, Güney Azərbaycan qadını bu ictimai problemlərin hər ikisi ilə qarşı-qarşıyadır. Bu mürəkkəb şəraitdə ictimai ədalət uğrunda sadəcə gender kimliyini əsas alaraq gender bərabərsizliyinə qarşı mübarizə etmək çıxış yolu sayılmaya bilər, çünki kəsişmə nəzəriyyəsində də söylənildiyi kimi bu problem bir-birinə hörülmüş vəziyyətdədir.

Qərb təcrübəsinə əsasən bu məsələnin həll yolu hər hansı bir iyerarxiya tanımadan düyünlənmiş ədalətsizliyə qarşı mübarizə etməkdir. Amerikada qaradərili feministlərin etdiyi də bundan ibarət olmuşdur. İrqçilik və cinsiyyətçiliklə eyni zamanda mübarizə etmişlər. Eyni perspektivi fərqi cəmiyyətlərə də tətbiq etmək olar. Bir Güney azərbaycanlı qadın, qadın cəmiyyəti içində azərbaycanlı, Azərbaycan cəmiyyətində isə bir qadındır. Azərbaycanlılara qarşı hər hansı bir irqçi yanaşma eyni zamanda qadınların da məsələsidir, çünki milyonlarla azərbaycanlı qadındır. Başqa tərəfdən, qadınlara qarşı olan cinsiyyətçi yanaşma azərbaycanlıların məsələsidir, çünki milyonlarla qadın Azərbaycanlıdır. Bu problemlər, insanların cinsiyyətindən aslı olmayaraq, bir-birinə hörülmüş problemlərdir. Cəmiyyətdəki hər növ ədalətsizlik və basqıyla, heç bir iyerarxiya tanımadan, bu şəkildə mübarizə etmək mümkün görünür.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.