Trump və anti-peyvənd hərəkatı

"ABŞ-ın yeni seçilmiş prezidenti vaksinasiya (peyvənd) ilə autizm arasında əlaqənin olmasına inananların qızğın tərəfdarıdır. Özü də bu, onun geri çəkilmədiyi nadir süjetlərdən biridir", deyə jurnalist Nadia Daam Slate.fr portalında yazır.

"Donald Trump vaksinasiyaya qarşı çıxır. O öz fikirlərini respublikaçılar düşərgəsində irəli aparıb. O bu barədə artıq on ildir danışır.", - məqalədə deyilir.

Trump adəti üzrə öz çıxışında şəxsi həyatndan misallar gətirib. O deyib ki, oğlu Barron 22 aylıq olanda ona "köhnə qayda ilə" peyvənd vurdurub. "Barronla hər şeyi çox yavaş-yavaş etdik. O bir dəfəyə bir inyeksiya alırdı, sonra biz köhnə qayda ilə bir neçə ay gözləyib ona növbəti peyvəndi vurdururduq. Ancaq bu gün uşaqlar hələ çox balaca olanda onlara həddindən çox peyvənd vururlar. Biz bunu çox konservativ yolla edirik", - o deyib.

Trump bir çox antivaksinasiya tərəfdarı ilə ünsiyyətdə olub. Bunu bir autizm tədqiqat mərkəzinin rəhbərinin "Facebook"da yerləşdirdiyi postdan görmək olur.

"Trumpın qələbə qazandığı indiki şəraitdə bizim hamımız özümüzü təhlükəsizlikdə hiss edə bilərik. O qırx beş dəqiqə bizimlə söhbət edib və bizim problemlərimizdən yaxşı xəbərdardır", - həmin postda deyilir.

"Xüsusi qeyd edilməlidir ki, antivaksinasiya tərəfdarları, xüsusən də Rand Paulun timsalında, Konqresdə təmsil olunub. Bu respublikaçı senator iddia edirdi ki, uşaqlara peyvənd vurulandan sonra onlar "psixi pozğunluqlara" məruz qala bilərlər", deyə Daam yazır.

"Səhiyyənin bu mühüm probleminə adətən Trumpa qarşı olan Amerika kino aktyorlarının reaksiyasını anlamaq da çətindir. "Hollywood Reporter" jurnalı müəyyən edib ki, ulduzların uşaqlarının oxuduğu məktəblərdə uşaqların yarıya qədəri peyvənd olunmayıb. Onların valideynləri və yaxınları "The Vaccine Book" nəşrinə inanırlar. Bu nəşr valideynləri uşaqları mümkün qədər gec və tövsiyyə olunandan daha az tezliklə peyvənd etməyə çağırır. Trumpın özünün öz oğlu ilə etdiyi kimi", deyə müəllif yazır.

Peyvəndlərin autizmə yol açdığına dair nəzəriyyənin tərəfdarı olan Robert F. Kennedy Jr. ötən həftə bildirib ki, Donald Trump onu peyvənd komissiyasının sədri olmağa dəvət edib. Kennedy uşaqların peyvənd olunmasına dair qanunvericiliyin geri çəkilməsi yönündə iş aparması ilə tanınır. O, Trumpın təklifini qəbul etdiyini bildirib.

Bu bəyanatdan bir neçə saat sonra Trumpın keçid komandasının sözçüsü Hope Hicks bildirib ki, Trump autizm komissiyası da yaratmaq fikrindədir, ancaq bununla bağlı yekun qərar qəbul olunmayıb. Onun sözlərinə görə, yeni seçilmiş prezident autizm müxtəlif şəxslər və qruplarla autizm mövzusunda müzakirələri davam etdirmək fikrindədir.

ABŞ-da tibb və ictimai səhiyyə ekspertlərindən ibarət immunizasiya məşvərət komitəsi fəaliyyət göstərir. Komitənin işi ölkədə peyvəndlərdən istifadə qaydalarına dair tövsiyyələr hazırlamaqdır.