İranda ən qədim qayaüstü rəsmlər tapılıb

Məhəmməd Nazerifard aşkar etdiyi qayaüstü rəsmlərlə

İranın mərkəzi vilayətində indiyə qədər məlum olan ən qədim qayaüstü rəsmlər aşkar edilib. Alimlərin ilkin analizlərinə görə, tapıntının yaşı 40 min ildən artıqdır.

Sözügedən tapıntı İranın mərkəzi vilayəti olan Xomeyndə aşkar edilib. Arxeoloqlara görə, rəsmlər çox yaxşı qorunub saxlanıb, yaradılmasından on min illər ötsə də rəsmlər hələ də pozulmayıb. Tapıntı, elmlər doktoru Məhəmməd Nazerifard (Mohammad Naserifard) tərəfindən aşkar edilib.

Elmlər doktoru Nazerifad, öz sözlərinə görə, İran vilayətlərində 50 minə yaxın qədim rəsm və qayaüstü oymalar aşkar edib. Lakin bu kimi tapıntıların hansı dövrə aid edildiyi, neçə il bundan öncə oyulduğunu tam müəyyən etmək olmur. Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə, onların məlumat bazalarına girişdə və müəyyən analizlər üçün istifadə edilən alətləri əldə etməkdə çətinlikləri var.

Hollandiya alimləri tapıntının yaşı ilə bağlı fərziyyəni təsdiq ediblər.

Rəsmi məlumatda bildirilir ki, qayaüstü rəsmdə ov səhnəsi təsvir edilib. Rəsmdə ailələrinə yem axtaran bir neçə kişinin təsviri, həmçinin insanların ətrafında rəqs etdiyi ocağın üzərində tanrıların simaları da yer alır. Rəsmlərin daha dəqiq analizi üçün qayadan götürülən foto görüntülər İran Elmlər Akademiyasına göndərilib.

Daha öncə İspaniyada yerləşən Arminçe mağarasında da bənzər bir tapıntı aşkar edilmişdi. Alimlərin orada tapdığı qayaüstü rəsmlərin yaşı isə 20 min ildən çox olduğunu göstərib.