Ağ Ev niyə böyük görünür?

\

Əgər 8 il əvvəl sizə desəydim ki...

Obama-nın gözüyaşlı vida çıxışını dinlədim.

Mənim də gözlərim yaşardı...

ƏGƏR 8 İL ƏVVƏL SİZƏ DESƏYDİM Kİ...

Obama dedi: “Əgər mən 8 il əvvəl sizə desəydim ki...

ABŞ-ı iqtisadi böhrandan çıxmağa,

Avtomobil sənayesini dirçəltməyə

Və ölkə tarixində heç zaman olmamış dayanıqlılıqla iş yerlərinin açılmasına nail olacağıq...

Əgər mən sizə desəydim ki:

Kuba xalqı ilə münasibətlərimizdə yeni səhifə açacağıq...

Bircə güllə atmadan İranın nüvə silahı proqramını qapadacağıq...

11 sentyabr terrorunun arxasında dayanan şəxsi məhv edəcəyik...

Əgər mən sizə desəydim ki...

Nigahda bərabərliyə nail olacağıq...

Daha 20 milyon vətəndaş üçün tibbi sığorta imkanlarını təmin edəcəyik...

Əgər bütün bunları sizə o zaman desəydim...

Yəqin siz deyərdiniz ki, bu hədəflərə çatmaq bir qədər çətin ola bilər”.

AĞ EV NİYƏ BÖYÜK GÖRÜNÜR?

Barak Obama ilk dəfə Ağ evi 21 yaşında görüb.

Bir telemüsahibədə belə demişdi.

Əyalətdən gələn bir gəncin necə təsirləndiyini təsəvvür edin, - Obama jurnalistə belə deyirdi.

Jurnalist: Heç ağlınıza gələrdimi ki, zaman gələcək və siz oranın sahibi olacaqsınız?

Obama: Heç yox! Əslində, Ağ Ev düşündükləri kimi böyük deyil Onun tikildiyi vaxt, indiki kimi, nəhəng binalar ucaltmırdılar. Məncə, Ağ Ev azadlığın, demokratiyanın simvolu kimi böyük görünür!”.

Barak Obama belə düşünürdü və vida çıxışında da bunları təkrarladı.

“Bəli, biz bacarırıq”.

Dedi və bacardığını sübut etdi.

Bəs biz?

8 İL ÖNCƏ BİZ NƏ DEYİRDİK?

8 il öncə AzadlıqRadiosu FM tezliyində canlı efirdəydi.

Demokratiya, insan haqları barədə verilişlər verirdi.

“Bu yol bizi hara aparır?” mövzusunda silsilə müzakirələr açırdı.

Böyük bir dinləyici kütləsi qazanmışdı.

AzadlıqRadiosunu hər yerdə dinləyirdilər - evdə, maşında, dükanda...

Zənglərin ardı-arası kəsilmirdi.

Şit, bayağı verilişlərdən bezənlər özlərinə doğma olan mövzuların müzakirəsinə qoşulur, ürəklərini açıb tökürdülər.

Sonra nə oldu?

FM qapadıldı.

Bir neçə il sonra Bakı Bürosu darmadağın edildi...

ƏGƏR 8 İL ƏVVƏL BUNLARI DESƏYDİK...

Əgər bunu 8 il əvvəl desəydik, yəqin ki, bizi heyranlıqla dinləyənlər inanmazdılar.

Amma oldu.

“Bəli, biz bacarırıq” şüarı bu məkanda keçmədi...

Nəfəslik qapadıldı!

PREZİDENTLƏR DƏ AĞLAYIR!

Obama Çikaqoda son vida çıxışını söylədi.

İnsanlar axın-axın onun son çıxışını dinləməyə gəldilər.

Heç bir ölkədə yaşamağı arzulamayan bu sətirlərin müəllifi həyatında ilk dəfə Amerika xalqına həsəd apardı.

Onun prezident seçiminə qibtə etdi.

Gedəndə də belə gedərlər!

Ləyaqətlə, əminliklə, göz yaşına səbəb olan zəifliklə - əsl insan kimi!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.