Rafsanjani və Heydər Əliyevin qayıdışı

Arxiv fotosu: Keçmiş prezident Heydər Əliyev İranda səfərdə olarkən.

Yanvarın 10-da yüz minlərlə iranlı keçmiş “praqmatik” prezident Ali Akbar Hashemi Rafsanjani-ni son mənzilə yola salmaq üçün Tehranın küçələrinə çıxmışdı.

“The Guardian” qəzetinin yazdığı kimi həm İraqla müharibəyə rəhbərlik etmiş, həm də Qərblə açılıma çağırmış Rafsanjani özündən sonra böyük bir siyasi irs qoyub gedir.

Bu siyasi irsin içində müstəqil Azərbaycan Respublikasına yönəlik siyasətin başlanğıcı da var.

Bu mənada İranın keçmiş prezidenti Azərbaycanın siyasi taleyində öz ölkəsinin taleyindəki qədər mühüm və uzaqgedən nəticələrə səbəb olmuş rol oynayıb.

Rafsanjani və Azərbaycanın ən yeni tarixi

Rafsanjaninin prezidentliyi (1989-1997) Azərbaycanın ən yeni tarixinin mühüm dövrünə təsadüf edirdi.

İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991­ci ildә Rafsanjaninin prezidentliyi dövründə tanıyıb.

İki ölkə arasında diplomatik münasibәtlәr 1992-­ci ilin martinda qurulub.

Bu dövrdə İran Dağlıq Qarabağ münaqişəsinin çözülməsində təşəbbüsü ələ almağa çalışırdı.

Rafsanjaninin Bakıya ilk səfəri də 1991-ci ilin dekabrında olub.

Lakin 1992­-ci ildә Azәrbaycanın o vaxtkı rәhbәrliyi Tehranda Ermәnistan tәrәfi ilә danışıqlar apardığı əsnada Azərbaycanın Şuşa şəhəri işğal edilib.

Məhz bundan sonra iki ölkə arasında gərginlik dövrü yaşanıb və soyuqluq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələnədək davam edib.

Bu da qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cəbhəsi hökuməti ilə çox gərgin münasibətlərdə olan İran Heydər Əliyevi hələ o Naxçıvana rəhbərlik etdiyi dövrdən dəstəkləyirdi.

Blokadaların yarılması

1990-­1993-cü illərdə İran rәhbәrliyi Ermәnistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını tәmin edirdi.

Bu mənada Rafsanjani təkcə Naxçıvanı yox, onun rəhbəri Heydər Əliyevi siyasi blokadadan çıxarmışdı.

Rafsanjaninin Bakıda olduğu saatlarda Zəngilan rayonu işğal olunmuşdu

Rafsanjaninin Bakıda olduğu saatlarda Zəngilan rayonu işğal olunmuşdu

O həm də Tehranın Elçibəyin bəzən hətta protokol hüdudlarını aşan nümayişkəranə anti-İran mövqeyi nəticəsində dalana girmiş “Azərbaycan siyasətini” blokadadan çıxara bilmişdi.

Rəsmi Bakı ilə İran arasında diplomatik təmasların olmadığı bir vaxtda Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Məclisinin sədri kimi Tehrana səfər edərək ali rəhbər Ali Khamenei ilə görüşmüşdü.

Bu səfər zamanı Naxçıvanla İran arasında bir neçə ikitərəfli sazişlər də imzalanmışdı.

Ənənəvi siyasətin qayıdışı

Rafsanjaninin Azərbaycana ikinci səfəri zamanı, 26-­28 oktyabr 1993-­cü ildә Heydər Əliyev artıq ölkəyə rəhbərlik edirdi.

Lakin ermənilər bu hadisəni də özünəməxsus şəkildə “qeyd etmişdilər”. Rafsanjaninin Bakıda olduğu saatlarda Zəngilan rayonu işğal olunmuşdu.

Heydər Əliyev İrana cavab səfərini 1994-cü ilin iyun ayında etmişdi.

Həmin səfər zamanı Əliyev İranın 5 şəhərində olmalı idi. Azərbaycan tərəfinin bütün israrlı təkidlərinə və prezident Əliyevin istəyinə baxmayaraq nümayəndə heyətinin Təbrizə səfərinə imkan yaradılmamışdı.

Çünki artıq İranın ənənəvi “Azərbaycan siyasəti” işə düşmüşdü.