İntiharçılar

Suicide

Uzun zamandır beynimi bir fikir ara vermədən məşğul edir: İntihar və onun baş vermə səbəbləri. 2017-ci il qədəmlərini təzəcə basan kimi ötən ilin intihar xəbərlərinin davamı gəldi; ardı-ardına Biləsuvarda 32 yaşlı, Cəlilabadda isə 38 yaşlı kişi öz həyatlarına qəsd etdilər.

Qeyd edim ki, ötən ildəki intihar hallarında da yaş həddi əsasən 11-40 arası idi. Yəni intihar ildən-ilə gəncləşir. Həyatına qəsd edən insanların əksəriyyəti ömürlərinin olğunlaşma həddinə belə çatmağa macal tapmır. Bir insan ona cəmi bircə dəfə verilən həyat şansını niyə sonlandırmağa çalışsın ki? Bu kimi suallara cavab tapmağım üçün durub dünya üzrə statistikanın yalan-gerçək hesabatlarına baş vursam, guya nə dəyişəcək ki? Mənə bütün dünya deyil, bu dünyanın kiçicik parcası olub, lakin adam başına düşən intihar hadisələrinin sayına görə SOS dərəcəsində təhlükəli həddə olan məmləkət –Azərbaycan maraqlıdır.

...intihar edən insanların bioqrafiyasının məhrəm pərdəsini azacıq aralamış olsanız, onların şəxs olaraq heç də pis adam olmadıqlarının şahidi olarsınız.

Bu ölkənin insanlarına özünə qəsd etməyə səbəb verən həyat şərtləri maraqlıdır. Əgər intihar edən insanların bioqrafiyasının məhrəm pərdəsini azacıq aralamış olsanız, onların şəxs olaraq heç də pis adam olmadıqlarının şahidi olarsınız. Pis adam özünə niyə qıysın ki? Pis adam elə ətrafındakı insanlara zərər verməklə məşğuldur da. Başqa canlar dura-dura, pis adam heç öz canına qıyar? Onun həyat konsepsiyası, onu yaşadan məhz bu amal deyilmi?

İntihar edənlər pis adam olmur, əzizlərim. Ölkəmizdə məlum iqtisadi-sosial səbəblərdən dolayı, əhalinin çətin həyat şərtləri artıq dözüm sınağı ilə qarşı-qarşıyadır. Bu mərhələdə insan şüuru onun nəzarət etdiyi cismini idarə etmək gücünu itirməkdədir. Bir insanın ömrünun qaldıra biməyəcəyi mənəvi yükünə həm də maddi sıxıntı yükünün əlavə olunması, məhz bu nəzarətin iplərinin açılması deməkdir. İnsan övladının bunca gərginliklərlə baş edə biləcəyi iradə sınanır bu vaxtlarda.

Çarəsizlik adlandırdığımız məfhum intihar edən şəxsin yalnız özünə qəsd edəcək qədər güc rezonansı effekti yaradır. Bu aktı edə biləcək qədər qeyri-iradi, insan üstü güc. Bu səbəblərdən olan intiharçılar (təəssüfedici adlandırma) yaşadığı ortamın verdiyi bunca haqsızlığa, bulunduğu cəmiyyətin daş kimi laqeydliyinə, xahişsiz-minnətsiz gəldikləri bu dünyada verdikləri yaşam mücadiləsində, məcbur edildikləri xahiş və minnət yükünün onların onur və qürurlarını sındırmasına, ümid və arzularının oğurlanmasına qarşı ən sonda onu yaradan Tanrıya acıq verirmiş kimi, ya da əksinə, onun dərgahına sığınmağı son çarə olaraq görürmüş kimi, cismani tərk olunmağa qərarlı yaxşı adamlardırlar.

Pisin bunu etməyə ürəyi olmaz! Pisin buna gücü çatmaz! Pisə bunun mədəsi dar, qüruru kiçik, şərəfi yoxsuldur.

Pisin bunu etməyə ürəyi olmaz! Pisin buna gücü çatmaz! Pisə bunun mədəsi dar, qüruru kiçik, şərəfi yoxsuldur. Mənə arqument olaraq məşhur, dahi insanların intihar hadisələrini misal gətirməyin, lütfən. Çünki istisnalar hər zaman asqıda. Onlar özünü müdafiədə əsas predmet olmaq gücünü çoxdan itiriblər. Müasir insan artıq istinaya inanacaq dərəcədə sadəlövh deyil. Belə ki, istisnalar qrupuna daxil etdiyimiz o şəxsiyyətlərin intihar dövrləri artıq əsrlə ölçülən zaman kəsimiylə məhdudlaşaraq keçmişə gömülüb.

İndi yüksək texnologiyalar əsridir. Artıq insan informasiyanı göyərçin qanadlarında, atların yəhərlərindəki qasid boğçalarında, yaxın keçmişdəki poçt qutularında deyil, indi nəfəs alarkən udduğu havanın sirkulyasiyası sürətində mənimsəyir, yəni istəsə də, istəməsə də insan gün ərzində xeyli yüklənir. Nəticədə müasir dövrün insan modeli dediyimiz postmodel insan ortaya çıxır ki, bu insan da bulunduğu ortamı artıq realizə edərək, hər kəsin yaxşı yaşamalı olduğu mühitin olması faktı ilə qarşı-qarşıya qalır: normal həyat şərtləri şəraitində yaşamaq və yaşatmaq arzusu.

İndi kasıb, yoxsul yaşamaq uzun illər öncə olduğu kimi ictimaiyyət tərəfindən sənə hörmət və baş ucalığı gətirmir. İndi "ac ol, kişi ol" kimi cəfəngiyatlar qarın doyuzdurmaq bir yana, mənəvi boşluğu nəinki doldurmur, hətta əksinə insanı insan olmaqdan çıxma təhlükəsiylə qarşı-qarşıya qoyur. Laqeyd bir cəmiyyətin mövcud olduğu mühitdə olum və ölüm çabası verən insan çoxluq içində yalnızlaşır, səssizləşir, ruhən tərki-dünya olur. Artıq bədəni ruhunu daşımaqda zorlanır...

...intihar aktı heç də qəhrəmanlıq deyil. Qorxaqlığın, zəifliyin, iradəsizliyin etirafından qaçışdır intihar.

Intihar edən şəxslər əslində biz düşündüyümüz qədər zəif insanlar deyil. Əksinə çox güclüdürlər. Yaxşı, bəs onda bu lənətə gəlmiş intiharı törətməyə yetəcək bu güc haradan peyda olur? Intihar-bir insanın canından könüllü surətdə imtinadır... Lakin inandırım sizi, bayaq güclü adlandırdığım şəxslərin etdikləri intihar aktı heç də qəhrəmanlıq deyil. Qorxaqlığın, zəifliyin, iradəsizliyin etirafından qaçışdır intihar. Eqoistliyin başqa bir üzüdür intihar. Arxanda buraxdığın insanları düşünmədən eqoistcəsinə öz cisminin mümkünsüzlüyə təslimidir intihar. Şansların yoluna divardır - intihar. Mübarizədən zavallıcasına qaçışdır - intihar.

İntihar edəcək şəxs, "sənsizliyinin acısı səni sevənlər üçün bir ömür boyu dəvam edəcək "xəyalların mənasızdır, yanlışdır, bunu bil! Hər şey unudulur, enində-sonunda hər kəs unudulur. Atam rəhmətə gedəndə, yoxluğuna dözməyəcəyimi düşünürdüm. Onsuzluğun boşluğunun dolmayacağını düşünürdum. Lakin məzarını ziyarətə ildə bir neçə dəfədən artıq getmirəm. Soruşsanız, o qədər arqumentlər gətirəcəm ki, mənə o saat haqq qazandıracaqsınız. Məsəl var, torpağın üzü soyuqdur, insanlar kimi...

Ən dəhşətli acıların arxasınca belə ən azı 40 gün, ən uzağı 1 il göz yaşları tökürlər. Zamandan zamana arada bir xatırlayıb köks ötürürlər, vəssalam.

Ən dəhşətli acıların arxasınca belə ən azı 40 gün, ən uzağı 1 il göz yaşları tökürlər. Zamandan zamana arada bir xatırlayıb köks ötürürlər, vəssalam. İstisnalar vardır, bu istisnalara sahiblik şansın milyonda birdir, əzizim. Ən yaxşı halda, gələcəkdə hansısa bir körpənin valideyni ola bilmək şansını əlindən alma, ya da valideynlərini övlad dağı ilə baş-başa buraxma. Odur ki, əziz qardaşım, bacım, böyüklərim, kiçiklərim, dəyməz, inanın ki, dəyməz. Sənə Rəbbimiz tərəfindən biçilmiş ömrü, bəndələrə və yaxud bəndələrin yaratdığı ortamın ağırlığına görə ruhi boşluq göstərib, nəbadə sınma, əksinə acılara qatlaşıb mətinləş, özünü əzdirmə, həyata acı-acı gül, sənə verilməyən şansı dırnaqlarınla qopar, olmadı, bir daha cəhd et... cəhd et... cəhd et... Arzularına seyrçi qalma...

Arzularının, etmək istəyib edə bilmədiklərinin üzərinə bir daha get və sənin layiq olacağın şansı sənin qarşında sənə divar olanlardan sökə-sökə al. Bunun üçün öncə həyat dərsini al. Deyirlər ki, Allah məzlumların Allahıdır. Xeyr! Məzlumdan Allah da bezardır. Təcrid olunma, "heç kəs məndən üstün ola bilməz"i həyat şüarına çevir, "mən"ini sev, o sənə möhtac, o sənin dəstəyinə möhtac...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.