İlin ən qısa günü və ən uzun gecəsi dünyada necə qeyd edilir?

Stonehenc

Uzun gecələrdən və gündüzlərin daim qısalmasından yorulanlar sevinə bilərlər: bu gündən günlər uzanmağa başlayır. Çərşənbə günü Şimal yarımkürəsində 2016-cı ilin ən qısa günüdür. Bu gün Şimal Qütbü Günəşdən bir qədər də - 23,5 dərəcə uzaqlaşır. Bu, Bakı vaxtı ilə Dekabrın 21-i saat 14:44-ə təsadüf edir.

Bu, həm də astronomik qışın başlanğıcıdır. Ancaq bu gündən sonra günlərin get-gedə uzanmasını, gecələrinsə qısalmasını bayram etməyə dəyər! Bir çox xalqlar tarix boyu bu təbiət hadisəsini xüsusi qeyd ediblər.

BÜTPƏRƏSTLƏR

Minillikər əvvəl, insanlar həyatda qalmaq üçün məhsul yığımından asılı olanda, fəsillər və günəş onlar üçün çox böyük əhəmiyyət kəsb edirdi. Qış gün dönümü isə günlərin uzanmasının başlanğıcı kimi yenidən doğuluş kimi qeyd edilirdi. Bir çox qədim sivilizasiyalar, o cümlədən qədim misirlilər, yunanlar və romalılar günəşin qayıdışını qeyd etmək üçün allahlara qurbanlar verərdilər.

Bu günlə bağlı xristianlıqdan öncəki bayramlardan biri qədim germanların qeyd etdiyi Yule bayramıdır. Həmin gün germanlar Odin adlı allahlarına qurbanlar verirdilər. Bu, şadlıq, yemək-içmək və mahnılarla qeyd olunan bir bayram idi.

STOUNHENC

Qış gün dönümü münasibətilə bugünə qədər keçirilən mərasimlərdən biri məşhur Stounhencdə baş tutur. Min illərlə bundan əvvəl kelt druidləri batmaqda olan günəşlə eyni istiqamətdə sıra ilə düzülərdilər. Bu bayramda heyvanlar qurban kəsilər, insanlar çoxlu yeyib-içərdilər. 2016-cı ildə druid olub-olmamasından asılı olmayaraq hər kəsə Sounhencə sərbəst daxil olaraq gün dönümünü izləmək imkanı veriləcək. Ancaq qurbanlar kəsilməyəcək.

MİLAD

Qış gün dönümü ilə bağlı mərasimlər Milad bayramı ilə yaşamaqda davam edir. Yule bayramının bir çox ənənələri bu gün Miladda öz əksini tapıb. Qədim zamanlarda Yule bayramı zamanı Yule ağacı yandırılardı. Bu ənənə, şəklini dəyişərək günümüzə Milad zamanı süfrəyə verilən dadlı bir desert (rulet) şəklində gəlib çatıb. Bayramın Milad yolkaları və hədiyyə vermək kimi atributlarının da kökü qədim Yule bayramına gedib çıxır.

Miladın qeyd edildiyi günün özünün belə kökləri bütpərəst ayinlərlə bağlıdır. Belə ki, İncildə Həzrəti İsanın doğum tarixi göstərilməyib. Qədimdə xristian təqvimində Pasxaya daha böyük əhəmiyyət verilirdi. Yalnız dördüncü əsrdən etibarən Milad bayramının qeyd edilməsi xristian təqviminə daxil edildi. Bəziləri Miladın qeyd edilməsi üçün məhz dekabrın 25-nin seçilməsini qismən qədim romalıların eyni gündə qeyd etdikləri Saturnalia bayramı ilə əlaqələndirirlər.

Saturnalianın özü də qış gün dönümü münasibətilə qeyd edilirdi. Bir həftə ərzində qeyd edilən bu bayram Saturn allahının adı ilə bağlı idi.

Həmin gün qədim yunanlar Apollona, inklər günəş allahə İntiyə, mayyalılarsa Kiniç Ahau allahına qurbanlar kəsirdilər.