Iş axtaranlara

Salam, dəyərli oxucular. Bu dəfə son zamanlar əksər gənclərin, xüsusilə universiteti yeni bitirmiş gənclərin qarşılaşdığı bəzi məsələlər barədə yazmağa çalışacağam. Belə ki...

İlk öncə onu qeyd etmək istəyirəm ki, hərbi xidməti başa vurandan sonra və ya universiteti bitirən kimi başlayırıq iş axtarmağa, intensiv CV-lər göndərməyə, həm də necə gəldi, qarşımıza gələn hər vakansiya üzrə. İş axtarmaq çətin bir prosesdir, hədəf və məqsəd olmadan bunu etmək sonda uğursuzluğa gətirib çıxarır və bu da motivasiyanın düşməsi ilə yekunlaşır.

İkincisi, hər bir gənc özünün hansı sahədə daha fayadlı və xoşbəxt olacağını, hansı sahənin onun üçün prioritet olduğunu kəşf etməyi bacarmalıdır. Ən önəmli olan budur - “ÖZÜNÜ KƏŞF ETMƏK”. Məsələn, pedoqoji və texniki sahənin məzunu ola bilərsiniz, özünüzü orada rahat hiss etmirsinizsə, bu heç də dünyanın sonu deyil. Bir ömür boyu xoşbəxt olmayacağın işdə çalışmaqdansa, özünü daha faydalı hesab etdiyin işdə çalışmağın daha düzgün deyilmi?!

Harada faydalı, xoşbəxt və rahat olduğunu müəyyənləşdirdikdən sonra həmin sahə üzrə iş elanlarını nəzərdən keçirmək daha effektiv ola bilər.

Son zamanlar sosial şəbəkələrdə müşahidə edirəm ki, gənclər işə müraciət zamanı olan çətinliklərdən, əksər Kadrlar şöbəsi əməkdaşlarının qeyri-peşəkar rəftarlarından və sairədən çox yazırlar. Təbii ki, peşəkar olmalı olan insanların bu cür davranışları olduqca kədərlidir.

Bu yaxınlarda elektron-poçt (e-mail) adresimdə bir məktubu axtararkən şahidi oldum ki, 2013-cu ilin Avqust ayından 2014-cü ilin Sentyabr ayına qədər olan müddətdə 200- dən çox vakansiya üçün CV göndərmişəm. Nə az, nə çox 200-dən çox məktub. Bir az öncə qeyd etdiyim “özümü kəşf etmək”dən daha öncə olub.

200-dən çox vakansiya üçün göndərdiyim məktublardan yalnız 20 işəgötürən müsahibə mərhələsinə dəvət edib, cəmi 10 faiz, elə də pis deyil. Nə isə, sözümün mustafası var.

Müsahibələr Kadrlar şöbəsi rəhbərləri və mütəxəssisləri, uyğun departament rəhbərləri ilə keçib. Demək olar ki, yarısından çoxunda müəyyən problemlər yaşanıb.

Müsahibəyə gecikən rəhbər işçilər, özlərini həddindən artıq “ağıllı” göstərməyə çalışıb, əslində isə vakansiyanın mahiyyətindən zərrə qədər anlayışı olmayanlar, müsahibəni ingilis dilində aparan, lakin dilin qrammatik və tələffüz qaydalarına əməl etməyən, müsahibəyə dəvət etdiyi vakantın CV-sindən xəbəri olmayan Kadrlar Şöbəsi mütəxəssisinə qədər. Nələr görmədik ki!

Deməsəm haqsızlıq etmiş olaram. Çox şükür ki, kifayət qədər təcrübəli və öz işlərində peşəkar olan əməkdaşlar da var.

Əslində hər müsahibədə öyrəndiklərin olur, hər dəfəsində təcrübən artır.

Sonda isə hər birinizə uğurlar arzu edirəm, həvəsdən düşmək zamanı deyil, sadəcə hədəflərinizi düzgün müəyyənləşdirib məqsədə doğru irəliləməyə çalışın. Hər şey yaxşı olacaq.

Növbəti yazılarda oxunmaq ümidilə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.