Yeni video «iPhone»u "öldürür"

İnternetdə yayılmış videonun işə salınması iPhone və iPadi sıradan çıxarırmış. Bu barədə məlumatı 9to5mac saytı yayıb. Videonun işə salınması zamanı qurğu komandalara reaksiya verməyi dayandırır və tamamilə donur.

MP4 formatlı videonun standart Safari brauzerində işə salınması iOS əməliyyat sistemi ilə çalışan istənilən qurğunu "öldürür". iOS-un son versiyası olan 10.2 də istisna deyil. EverythingApplePro Youtube kanalı bütün bu prosesi əks etdirən video yerləşdirib.

Maraqlıdır ki, iOS 10.2 beta 3 qurğularında virusu uzun müddət telefonda saxlayanda o sönür və adətən telefonun sönməsi prosesi zamanı gördüyümüz çarxı göstərməyə başlayır.

Sözügedən videonu istənilən başqa brauzerdə işə salanda heç bir problem yaranmır. Android smartfonlarının istifadəçiləri də bu məsələdən narahat olmalı deyillər.

Problemin yeganə həll yolu qurğunu söndürüb yenidən işə salmaqdır. Əlinizdəki qurğu iPhone 7-dirsə, 10 saniyə ərzində bloklama və səsin azaldılması düyməsini basaraq ekranda Apple loqotipinin görünməsini gözləmək lazımdır. Digər qurğularda isə bloklama düyməsini basaraq «Home» komandası vermək lazımdır.

Buna da bax: Galaxy S7 təhlükəsizdirmi?

Oktyabrın sonunda amerikalı haker Mit Desai iPhone-larda məsafədən əlavələri açmaq və zənglər etməyə imkan verən müdaxilə işləyib hazırlayıb. Apple-dan mükafat almağa ümid edən haker iOS-un təhlükəsilik sistemindən yan keçməyə və 911 nömrəsinə zəng vurmağa imkan verən ziyanlı proqramın yekun kodunu YouTube və Twitterdə paylaşıb. Pis niyyətli adamlar bundan istifadə edərək bir neçə yüz smartfonu 911 xilas xidmətinə zəng vurmağa məcbur ediblər. Nəticədə 911 qaynar xəttinin işi iflic olub.

Bu, iOS-la bağlı ortaya çıxan ilk belə hal deyil. Hələ iPhone 3G-nin dükanlarda rekordlar qırdığı zamanlarda sistem mühəndisi Piergiorgio Zambrininin yaratdığı buna bənzər video problemi qurğunu sıradan çıxara bilirdi.

Bu ana qədər sözügedən ziyanlı videoya baxmağın hər hansı uzunmüddətli təsirləri qeydə alınmayıb. Böyük ehtimalla Apple özünün növbəti proqram yeniləmələrində bu problemi həll edəcək. Ancaq o vaxta qədər unutmayın ki, ehtiyat igidin yaraşığıdır.