Bu gecə "Super Ay"ı qaçırmayın

Bu gün, Bazar ertəsi, noyabrın 14-də bütün Yer sakinlərini gözəl kosmik tamaşa gözləyir. Son 68 ildə ilk dəfə Ay planetimizə ən yaxın məsafədə olacaq!

"Guardian" yazır ki, siz təqaüd yaşına çatmamısınızsa, Ayı hələ bu qədər böyük və parlaq görməmisiniz.

Astronomlar bildirirlər ki, Yerin təbii peyki bu dəfə daha böyük görünəcək.

Superayın sirri Ayın elliptik (ellips şəkilli) orbitindədir. Onun sayəsində Ay gah Yerdən uzaqlaşır, gah da ona yaxınlaşır. Özü də, fərqli zamanlarda bu məsafə fərqli olur.

Buna da bax: Ay Yerlə başqa planetin toqquşmasından yaranıb

Bu zaman Ay Yerdən 363105 kilometr uzaqlıqda olacaq. Ayın Yerdən ən uzaq olduğu məsafə isə 405,696 kilometrdir. Ayın Yerin ətrafında 27 günlük ovalşəkilli dövrəsi zamanı onun planetimizdən orta uzaqlığı 348,400 kilometr olur.

Kardif Universitetinin professoru Kris Nors deyir: "Bədirlənmiş ayın bu dəfə "super" olmasının səbəbi bütöv Ayla perigeyin (Ayın orbitinin Yerə ən yaxın nöqtəsi) eyni vaxta düşməsidir. Beləliklə, Ay tam bədirlənmiş olanda, həm də Yerə ən yaxın məsafədə olacaq," deyə alim izah edir.

“Fərq xeyli azdır. Özü də, qışda ay səmada çox yüksəyə qalxdığına görə, fotoşəkilləri müqayisə etmədən görmək çətin olacaq. Əlbəttə, hava da buludlu ola bilər. Hərçənd, parlaq, bütöv ayı nazik bulud təbəqəsinin altından görmək də maraqlı ola bilər", - o deyir.

Buna da bax: Amerikalı astronavt kosmosdan səs verib

“Hətta hava tamamilə çiskinli olarsa belə, yaxın bir neçə gecə ərzində Ayı görmək üçün başqa imkanlar da olacaq".

Bazar ertəsi, Qrinviç vaxtı ilə səhər saat 11.30-da (Bakı vaxtı ilə 15:30) Ay öz perigeyinə - Yerə ən yaxın nöqtəsinə çatacaq. Sonra isə çox yavaş, tədricən uzaqlaşacaq. Günorta saat 1.30-da Yer, Günəş və Ay demək olar ki, ideal düz xətt üzrə düzülmüş olacaq. Astronomiyada bu fenomenə "sizigiya" deyilir.

Beləliklə, Bakıda superayı görmək üçün ən yaxşı vaxt günəşin batdığı vaxtdır. Bu vaxt Ay öz perigeyindən cəmi 17 kilometr uzaqlaşmış olacaq.

Yer sakinləri buna bənzər superayı 1948-ci ildə müşahidə edə bilmişdilər. O zaman da Ay planetimizə maksimum yaxın və böyük idi. Astronomların hesablamalarına görə, astronomik hadisəni bir də 2034-cü il noyabrın 25-də müşahidə edə biləcəyik. Odur ki, bu gün hava buludlu olsa, narahat olmayın. Bu mənzərəni bir də 2034-cü ilin 25 noyabrında müşahidə edə biləcəksiniz.