Multikulturalizmdən multiplikasiyaya doğru...

VOLTER BAŞQA ŞEYLƏR YAZIR AXI...

Azərbaycanda kimdən soruşsan “kilsə nədir?”, heç düşünmədən “Allahın evi” deyəcək. Bu indi də belədir, əlli il bundan əvvəl – “multikulturalizm” sözünü hələ eşitmədiyimiz vaxtlarda da belə olub...

Məncə məsələnin kökü bir az da dərinə gedir. Dahi Volter yazırdı ki, Türkiyə dünyada cəmi iki-üç dövlətdən biridir ki, adamdan hansı dinə qulluq etdiyini soruşmurlar.

Düşünürsən ki, görəsən azərbaycanlıların çoxəsrlik ənənələrini, yaşam və düşüncə tərzini də öz uğuru kimi qələmə verməkdə hakimiyyətin məqsədi nədir?

Ona görə də indiki Azərbaycan hakimiyyətinin ölkədəki dini dözümlülüyü özünün əsas nailiyyətlərindən biri kimi qələmə verdiyini görəndə, adamın köks ötürməkdən savayı əlacı qalmır.

Düşünürsən ki, görəsən azərbaycanlıların çoxəsrlik ənənələrini, yaşam və düşüncə tərzini də öz uğuru kimi qələmə verməkdə hakimiyyətin məqsədi nədir?

Dini dözümlülük – tolerantlıq çox maraqlı məsələdir. Maraqlananları mütləq Volteri də oxumağa çağırardım.

Onu oxuyanda, son vaxtlar az qala qəlibə çevrilmiş bəzi təsəvvürlərə gülməkdən savayı yol görmürsən. Baxıb görürsən ki, bir çox məsələlər heç də indi yazılan və deyilən kimi olmayıb...

BAŞQALARINI GÜDMƏK DƏ MƏDƏNİYYƏTDİR?

Amma yazımın mövzusu da, qayğım da Azərbaycan və azərbaycanlılardır. Multikulturalizm və tolerantlıq sözlərinin özündə nəyi ehtiva etdiyini mən də yaxşı anlayıram. Hətta bir vaxtlar bu sözləri öz partiyalarımızın proqramlarına yazanda, onların Qarabağ probleminin həlli üçün önəmini qabartmağa çalışanda indiki hakimiyyət ideoloqları tamam başqa şeylər haqqında düşünürdülər...

Üstəlik, biz bu sözləri heç vaxt sırf dinlə və ya ölkədəki dini-etnik konsensusla məhdudlaşdırmırdıq.

Bu illər ərzində hər şey bir tərəfə qalsın, qadın və kişi müxalifətçilərin, ictimai fəalların və jurnalistlərin evində gizli kameraların quraşdırılmasının, sonra da bütün bunların internetlə, efirlə yayılmasının şahidi olduq.

Tolerantlıq da, multikulturalizm də özündə daha geniş mənaları ehtiva edir. Bu, həm də müxtəlifliyi və yad flkirliliyi qəbul etmək, ona dözümlə yanaşmaq deməkdir.

Ən azı multikulturalizmdə bir “mədəniyyət” kökü də var. Fəqət, biz bu illərin ərzində nələr görmədik? Nələrin şahidi olmadıq?..

Bu illər ərzində hər şey bir tərəfə qalsın, qadın və kişi müxalifətçilərin, ictimai fəalların və jurnalistlərin evində gizli kameraların quraşdırılmasının, sonra da bütün bunların internetlə, efirlə yayılmasının şahidi olduq.

Görünüb ki, müxalifətçilər hakimiyyət strukturlarının qarşısında aksiya keçirər. Amma bu ölkədə tərsinə olur – hakimiyyət adamları müxalifətçilərin evlərinin qarşısında “etiraz aksiyaları” keçirir!.. Budurmu “kulturalizm”?..

SƏDDAM HÜSEYN NƏYİ NƏZƏRDƏN QAÇIRMIŞDI?

Hakimiyyətin dinə diqqətini təqdir etmək olar. Amma ABŞ politoloqu Farid Zakaria bir maraqlı detala diqqət yetirir. O, qeyd edir ki, Səddam Hüseyn də, digər diktatorlar da müxalifət partiyalarını, müxalif fikri və azad medianı yasaq etmişdilər. Təkcə məscidlərə toxunmamışdılar.

Di gəl, sonda nə oldu? Siyasi fikir, siyasi etiraz məscidlərə köçdü və bunun hansı nəticələrə gətirib çıxardığını yada salmağa lüzum yoxdur.

Di gəl, sonda nə oldu? Siyasi fikir, siyasi etiraz məscidlərə köçdü və bunun hansı nəticələrə gətirib çıxardığını yada salmağa lüzum yoxdur.

Çox təəssüf ki, elə Azərbaycan hakimiyyəti də eyni yolla gedir. Məsələn, bu gün ölkə parlamentində, bir vaxtlar hakimiyyətin ən yaxın tərəfdarı kimi tanınanlar belə müxalifətçi kimi görünürlər. Bu adamlar həqiqətən də müxalifətçidirlərmi? Həqiqətən də müxalif düşüncə sahibləridimi? Əlbəttə ki, yox! On il əvvəl necə idilərsə, elə də qalıblar. Dəyişən Azərbaycan parlamentidir. Parlament o qədər dəyişib ki, burada artıq yalnız və yalnız hakimiyyəti tərifləmək olar. İstənilən başqa fikir və münasibət ən yaxşı halda boşboğazlıq, “parlamentarilərin qızıl kimi vaxtını mənasız yerə sərf etmək” kimi yozulur.

ON İLDƏN SONRA NƏ OLACAQ?

Ona görə də ölkədə miltikulturalizm və tolerantlıq haqqında deyilənlər ən yaxşı halda ironiya hissi doğurur. Bəli, indi hər şey qaydasındadır. Gəl, on ildən, iyirmi ildən sonra nə olacağını demək çox çətindir.

Buna da bax: Kredit dərdi, yoxsa "sivil toplum" açılımı

Ölkədə bərqərar olmuş çağdaş siyasi sistem insanların digər vərdiş və təcrübələrini tamam aşındırır, siyasi mədəniyyətlərini heç edir, demokratiya və siyasi dözümlülük keyfiyyətlərini azaldır. Belə adamlar hətta dini və etnik baxımdan da qorxularından “tolerant” və dözümlü olurlar.

Amma heç bir qorxu əbədi deyil. Bilmək olmaz bu gün qorxudan “tolerant” olan azərbaycanlı sabah bu avtoritar siyasi sistem laxlayanda nə edəcək? İnsanların bütün emosiyaları, kin-küdurətləri etnik və dini müstəviəyəyə transformasiya olunmayacaqmı?

SİZİN ÖZ FİKRİNİZİ DEMƏYİNİZ ÜÇÜN...

Politoloqlar avtoritarizmə totalitarizmlə demokratiya arasındakı keçid mərhələsi kimi baxırlar. Odur ki, avtoritarizmin məhz keçid xarakterli olmasını, onun bir gün laxlayacağını yaddan çıxarmaq lazım deyil. Bu keçidin xarakteri isə son nəticədə kimin – hakimiyyətin, yoxsa cəmiyyətin güclü çıxacağından asılıdır.

“Mən sizin bir sözünüzlə belə razı deyiləm, amma sizin öz fikrinizi deyə bilməyiniz üçün ölməyə hazıram”...

21-ci asrdə totalitar keçmişə qayıdışı heç təsəvvür etmək olmur. Deməli, bir yol qalır – avtoritarizmin demokratiya ilə əvəz olunması. Bunun üçün isə müəyyən demokratik vərdişlər və təcrübə, siyasi mədəniyyət lazımdır. Sonuncuları yetişdirən institutlar isə Azərbaycanda yox səviyyəsindədir. Doğrudanmı, məscidlər həmin bu funksiyaları da yerinə yetirmək iqtidarında olacaq? İnanmaq istərdim, amma alınmır. Gərək çalışaq ki, multikulturalizm sonda multiplikasiyaya çevrilməsin.

Sonda Volterin adına çıxılan amma əslində Evelin Holla məxsus bir fikir yada düşür: “Mən sizin bir sözünüzlə belə razı deyiləm, amma sizin öz fikrinizi deyə bilməyiniz üçün ölməyə hazıram”. Elə əsl multikulturalizm və əsl tolerantlıq da budur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.