-
Rauf Mirqədirov azadlığa çıxdı.
Lap şərti cəza alsa da, bunun adı «azadlıq»dır.
Nə gözəl!
Fikrimcə bu, bizlərə - Novruz babadan ümidini üzənlərə ən yaxşıNovruz hədiyyəsi oldu...
Rauf bəy dəfələrlə canlı verilişlərimizin qonağı olub.
Həbsini ürək ağrısıyla qarşılamışdım.
Üstəlik, Rauf bəyin anasının durumu məni çox üzürdü.
Hər dəfə anasını AzadlıqRadiosunda dinləyəndə, söylədiklərini eşidəndə dilimdən qeyri-ixtiyari bir söz çıxırdı: «Can Ana! Yazıq Ana!..».
VƏTƏN XAİNİ!
Nə ağır ittihamdır!
Nə dəhşətli sözdür!
Ta uşaqlıqdan bu kəlmədən qorxardım.
Sovetlərdə bu ittiham tez-tez səslənərdi, axı.
Birini xatırladım.
Sovetlərin sevdiyim bir şairi Rəsulzadəni öz şeirində, vaxtilə, belə «əbədiləşdirmişdi»: «O millət xaini Rəsulzadələr...».
AZƏRBAYCAN DAVASI...
Bu şeir yazılan vaxt Məhəmməd Əmin bəy Avropada Azərbaycan davasını sürdürürdü.
Cüzi vəsaitlə müxtəlif qəzetlər, dərgilər buraxırdı.
Aramsız yazışmalar aparırdı.
Xarici fondlara üz tuturdu.
İstibdad altında inləyən Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün min bir əzaba qatlaşırdı.
Bir yandan sovet məxfi dairələri mühacirətin öz içinə nifaq salır, bir yandan da mühacirət liderlərinin «mənəm-mənəmlik» iddiaları onu məqsəddən yayındırırdı.
Amma «millət xaini Rəsulzadə» bütün bu ittihamlara sinə gərdi, badalaqlardan yıxılmadı, tənələrə dözdü.
Çünki öndə Vətən idi, Azərbaycan davası idi...
KİMDİR VƏTƏN XAİNİ?
Çoxlarına aydın həqiqəti niyə xatırlatdım?
Tarixin hər dönəmində millət üçün, Vətən üçün çalışanlar daşlanıb.
Günahsızlar günahlandırılıb!
Baxın, Rauf bəyin həbsdə qaldığı bu iki ilə yaxın müddətdə ölkədə nə qədər sarsıdıcı olaylar baş verdi:
kimlərisə vəzifə səlahiyyətlərini aşmaqda;
kimlərisə şəxsi həbsxana saxlamaqda;
kimlərisə üçqat casusluqda;
kimlərisə saysız-hesabsız sərvəti xaricə daşımaqda günahlandırdılar.
Manat üzməyə başladı... Kimlərsə bundan saysız paralar qazandı...
Kimlərsə kredit məngənəsində əzildi...
Bütün bunlar varkən - həm də uzun illərdir varkən, sadə bir Azərbaycan jurnalistini «vətənə xəyanət»də suçlamaq, onu həbsə atdırmaqnə anlama gəlir?
Nə dərəcədə ədalətlidir?
Nə dərəcədə insanidir?
«CAN ANA!»
Odur ki, gözümdə yaş üzümü Rauf bəyə bu saxta ittihamları düzüb-qoşanlara deyil, Anaya tuturam (onları Tarixin mühakiməsinə buraxıram-ən gözəl hakim Odur).
Oğlun azadlığa çıxdı, Ana!
Onu bağrına bas!
Bu iki ildə bu yaşda nələr çəkdin?!
Gözün aydın, Ana!
Can Ana!
Yazıq Ana!..
Niyə bu Vətəndə doğuldun?
Niyə bu Vətəndə doğdun?
Niyə doğduqların «vətənə xəyanət»də suçlandı?
Cavab vermə...
Həbsdə üzülmüş oğlunu bağrına bas!!!
Can Ana!
17 mart 2016.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.