Qafqazda qaz savaşı bitdi, əvəzində suallar qaldı...

Qaz

-

HƏR SİTUASİYADA QALİB OLMUR...

Gürcüstanın qaz «şıltaqlığı» bitdi. Artıq bu məsələyə nöqtə qoymaq olar. Bu günlərdə Gürcüstan rəsmiləri bəyan etdilər ki, daha «Gazprom»la danışıqlara və İrandan əlavə qaz almağa ehtiyac qalmadı.

Məlum oldu ki, Azərbaycan Gürcüstana əlavə həcmdə qaz ixrac etməyə və həm də qazın qiymətini 30-40 dollar aşağı salmağa razı olub.

Doğrusu, bu prosesdən kimin qalib çıxdığını demək çətindir. Üstəlik, qalibi və məğlubu olmayan proseslər də var, axı.

O üzdən, birmənalı münasibət bildirmək çətindir. Bəlkə də əsas odur ki, bu prosesdə Azərbaycan Gürcüstanı özü üçün saxlaya bildi, Gürcüstansa daha ucuz və daha çox qaz almaq imkanı qazandı...

TRANZİT İNHİSARI

Amma bir məsələ adama rahatlıq vermir. O da budur ki, Gürcüstan Azərbaycan üçün tranzit inhisarçısı olmağından sui-istifadə edir. Bununla bağlı narahatlıq hələ bir neçə il əvvəl də dilə gətirilmişdi.

Başqa bir çıxış yolu da görünmürdü: Kəmərləri Ermənistandan keçirmək mümkün deyildi. Belə bir variant o vaxt mümkün idi ki,bu ölkə Qarabağın işğalına son qoysun. Təbii ki, Ermənistan bununla razılaşmadı. Üstəlik, İranla bağlı da problem vardı. O vaxt İranla böyük layihələr gerçəkləşdirmək mümkün deyildi.

Gürcüstan Azərbaycan üçün tranzit inhisarçısı olmağından sui-istifadə edir.

QAZLA ZƏNGİN ÖLKƏLƏRİN ƏHATƏSİNDƏ...

Qərəz, indi bütün bunlar arxada qalıb və fakt faktlığında qalır: Gürcüstan Azərbaycandan ötrü müstəsna önəmə sahib ölkədir.

Düzdür, bu ölkə vəziyyətdən sui-istifadə edir. Amma nə etmək olar? Bir məsələ də var ki, Azərbaycan qazla zəngin ölkələrin əhatəsindədir. İrana, Rusiyaya və hətta Xəzərin o biri sahilindəki Türkmənistana Azərbaycan qazı lazım deyil. Bəlkə böyük qaz layihəsi həyata keçiriləndən sonra Azərbaycanın daha çox ölkələrə qaz təklif etmək imkanları yaranacaq. Amma bu, 2020-ci ildən tez olmayacaq (tezləşdirmə, hətta kəməri 2018-ci ilin sonlarına çatdırmaq planları da var – red.). Böyük layihənin ilk işləri hələ indi görülür. Azərbaycan, iqtisadi böhranla çarpışsa da, bu layihə üzərində işi dayandırmaq fikrində deyil.

Hər halda, 2020-ci ilədək Gürcüstanın «şıltaqlığına» dözmək lazım gələcək. Dövlət maraqlarından çıxış edən Gürcüstan qeyri-adi bir iş görmür.

Onlar daha çox və ucuz qaz almaq istəyirlər. Bunu anlamaq olar. Xüsusən nəzərə almaq lazımdır ki, bu ölkənin maliyyə imkanları daelə böyük deyil.

Bizdən ötrü, təbii ki, Azərbaycanın maraqları daha üstündür. Di gəl, sonda yenə «başqa heç nə mümkün deyildi» fikriylərazılaşmalı olursan.

Doğrudan dabaşqa yol yox idi. Ya Azərbaycan öz qaz bazarını İrana və yaxud Rusiyaya verməli, ya da yeni güzəştlərə getməli idi. Son nəticədə ikinci variant seçildi – güzəştlər daha məqbul sayıldı.

Rəsmi Bakı bütün ölkələrə, bütün qurumlara güzəştə getməyə hazırdır, təkcə öz cəmiyyətindən savayı...

ÖZ CƏMİYYƏTİNDƏN BAŞQA

Amma ən böyük anlaşılmazlıq, bilirsiniz, nədədir? Rəsmi Bakı bütün ölkələrə, bütün qurumlara güzəştə getməyə hazırdır, təkcə öz cəmiyyətindən savayı...

Neft ucuzlaşmağa başlayanda belə ümidlər yarandı ki, neft məhsullarının, xüsusən benzinin qiyməti düşəcək. Amma dövlət rəsmiləri tez bir zamanda bu ümidləri alt-üst etdilər və dedilər ki, Azərbaycanda benzinin qiyməti dünyadakı proseslərdən asılı deyil. Onu da dedilər ki, guya burada benzinin qiyməti ABŞ-dakından ucuzdur! Təsəvvür edin, Azərbaycanı ABŞ-la müqayisə etdilər! Amma azərbaycanlıların gəlirləri amerikalıların gəlirləri səviyyəsindədirmi? Təəssüf ki, həmişə olduğu kimi, belə incəliklərə, az da olsa, diqqət yetirilmədi. Azərbaycanlılar bir daha bu məsələni də acı reallıq kimi qəbul etdilər...

Rəsmilər bir məsələdə haqlı idilər ki, Azərbaycanda neft məhsullarının qiyməti dünyadakı konyunkturadan asılı deyil. Amma bu yerdə neftlə zəngin ərəb ölkələrində insanların dediyi bir fikri xatırlamamaq olmur: «Benzin niyə baha olmalıdır, o ki ayağımızın altından çıxır!..».

Prinsipcə, azərbaycanlıların da belə düşünmək haqqı vardı. Amma bu haqqı onların əlindən alıblar...

Hər yeni kadrın ilk işi özündən əvvəlkinin biznes strukturlarını və qazanc mənbələrini ələ keçirmək olur... Axı sistemin özü dəyişmir, hər şey elə olduğu kimi qalır. Dəyişən yalnız adlar, bir də soyadları olur...

Bu səbəbdən reallıqlarla barışmaq lazım gəlir. Çox acı olsa da... Son nəticədə təsəllin - üçrəngli bayraqdır. Ən ağır məqamlarda düşünürsən ki, ən azı, Azərbaycan müstəqildir!..

Qalan məsələlərsə çox qəlizdir. Bəli, rəsmi Bakı vətəndaşlarından, nəyin bahasına olursa-olsun, yüksək faizli bank krediti ödəməyi tələb edə bilir. Halbuki özü digər ölkələrə böyük hədiyyələr edir, hətta faizsiz və müddətsiz kreditlər verirdi...

Neft və qaz haqqında da bunu demək olar. Gürcüstana güzəşt etmək mümkündür, amma söhbət azərbaycanlıların özünə gələndə məsələ düyünə düşür...

DƏYİŞƏN SOYADLARIDIR

Enerji məsrəfləri hər yerdə istehsal xərclərinin çox önəmli hissəsidir. O səbəbdən neftin ucuzlaşması, total şəkildə olmasa da, digər məhsul və xidmətlərin qiymətinətəsir edə bilərdi. Bu, ölkədəki bahalığı qismən azaldar və insanların dolanışığına birbaşa təsir göstərərdi.

Di gəl, bu məsələ hökumət adamlarını qətiyyən qayğılandırmır. Onlar bir daha «buna da dözərlər!» -deyərək öz «işləriylə» məşğul olur, gurultulu iclaslar keçirir və siyasi-iqtisadi sistemi dəyişmək əvəzinə bir kadrı o birisi ilə əvəzləyirlər.

Hər yeni kadrın ilk işi özündən əvvəlkinin biznes strukturlarını və qazanc mənbələrini ələ keçirmək, ciblərini daha çox səylə doldurmaq olur... Axı sistemin özü dəyişmir, hər şey elə olduğu kimi qalır. Dəyişən yalnız adlar, bir də soyadları olur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.