-
BUGÜNNAMƏ...
Əvvəllər burada - Azərbaycanda da yaşamağın mənasız olmadığını əsaslandırmaqdan ötrü tez-tez yapon yazıçısı Kobo Abe-nin «Qumsallıqda qadın» romanına üz tutur və «kimsə talenin yükünü çəkməlidir» fikrini aşılamağa çalışırdım.
İndi çox ötüb o vaxtlardan. Çox... Bu müddət boyunca fikrimin nə qədər dəyişib-dəyişmədiyini heç özüm də yəqinləşdirə bilmirəm. Arabir öz içimdə də özümə qarşı bir üsyan qalxır və qeyri-ixtiyari özümə deyirəm ki, ilahi, mənim nə qədər qeyri-ciddi, hətta sərsəm məntiqim olub?!.
Axı həyat adama cəmi bircə dəfə verilir və adlarımızı nəvə-nəticələrimizə versək də, bu həyatda ikinci dəfə yaşamaq hələ heç kimə qismət olmayıb...
O səbəbdən artıq 50 il bu ölkədə yaşayandan sonra gəldiyim qənaət budur: Bəlkə buralarda da yaşamaq olar, amma maraqlı yaşamaq çox çətindir...
Niyə? İndi deyərəm. Əslində, bu ölkədə, sözün əsl mənasında, bir neçə yüz adam yaşayır, qalanları, sadəcə, günü günə calamaqla məşğuldur.
Bu ölkədə, sözün əsl mənasında, bir neçə yüz adam yaşayır, qalanları, sadəcə, günü günə calamaqla məşğuldur.
Yox, heç maddiyyat da önəmli deyil. Şəxsən mən aza qane olmağı bacaran adamam. Amma adam istəyir ki, həyatın bir mənası olsun, günlər elə-belə, boş-boşuna keçməsin. Elə keçsin ki, bir ildən, beş ildən sonra xatırlamağa nəsə tapasan...
HƏTTA BÖHRANLI YUNANISTANDA...
...Bir müddət idi ki, uzaqdan da olsa, ağır iqtisadi böhran keçirən Yunanıstandakı seçki prosesini izləyirdim - böhranla iç-içə yaşayan Yunanıstandakı...
«Böhran» sözünü vurğulamağımın səbəbi var. Allah eləməsin, bizdə belə bir problem olsaydı, hamı qayıdardı ki, ay adam, camaat acından ölür, heç seçkinin yeridir?..
Əslində, təfəkkür üçün müqayisə yaxşı üsuldur. Amma müqayisədən müqayisəyə fərq var. Bu ölkədə ağzını açıb bir söz deyə bilməzsən. Elə ki bir adamın arxasında durur, ona dəstək olurlar, elə ki ağzını açıb nəsə bir söz deyirsən, o saat qayıdırlar ki, bəs bir milyon qaçqın-köçkünü görmürsən?
Bir milyon qaçqın və köçkünün qutuya kiminsə xeyrinə bülleten atmamağa, seçkinin nəticələrini necə var, düzgün protokollaşdırmağa nə dəxili var?..
Demirəm ki, görmürəm. Hamıdan çox görürəm. İllərlə onlarla qonşuluqda yaşamışam. Onu da etiraf edirəm ki, çətin məsələdir, bu gün Avropa bir neçə yüz min qaçqının əlində girinc qalıb, Azərbaycanda isə onların sayıbir milyona çatıb. Əksəriyyəti ölkənin öz içində məcburi köçkünə çevrilsə də. Həqiqətən çətindir...
Amma mənə deyin görüm, bir milyon qaçqın və köçkünün seçki bülletenlərini düzgün saymağa, qutuya kiminsə xeyrinə bülleten atmamağa, seçkinin nəticələrini necə var, düzgün protokollaşdırmağa və onun nəticələrini tanımağa nə dəxili var?..
Bir milyon qaçqın və köçkünün ədalətli məhkəmə keçirməyə, insanların hüquq və azadlıqlarına sayqı göstərməyə və digərlərinin də sözünü deməsinə imkan yaratmağa nə dəxili var?..
Belə çıxmırmı ki, Azərbaycanda demokratiya önündəki ən böyük maneə qaçqın və köçkünlərdir?Etiraf edin ki, gülünc qənaətdir. Bəyəm qaçqın və məcburi köçkünlərin özləri də vətəndaş deyilmi, onlara haqq və hüquq gərəkməzmi?..
Arabir təqvimə də baxaq – Qarabağda irimiqyaslı hərbi əməliyyatlar düz 22 ildir ki, dayanıb. Biz də 22 ildir ki, qaçqın və məcburi köçkün deyib durmuşuq...
YALNIZ YOXSULLARIN PROBLEMİDİR?
Bir məsələni də deyim. Neçə adam tanıyıram ki, mənzillərini qaçqın-köçkün tutduğundan, halalca evinə köçə bilmir, yataqxanada və ya kirayədə yaşayır. Belələrinin içində bir nəfər də imkanlı adam yox idi. Nədənsə qaçqın və köçkünlər də kasıb-kusubun, zavallının mənzilini zəbt edib və heç ağıllarına da gəlməyib ki, gedib imkanlıların böyük villalarında yaşasınlar...
Onda nə alınır? Qaçqınlar yalnız kasıbların, hüquqsuzların problemidir? Elə təsəvvür yaranmasın ki, onları cəmiyyətdən ayırıram. Yox! Əsla! Amma heç olmasa, arabir təqvimə də baxaq – Qarabağda irimiqyaslı hərbi əməliyyatlar düz 22 ildir ki, dayanıb. Biz də 22 ildir ki, qaçqın və məcburi köçkün deyib durmuşuq...
Belə çıxır ki, bu ölkədə qaçqınlıq və məcburi köçkünlük də nəsillə ötürüləcək, atadan oğula, ondan da nəvəyə keçəcək?
Bunu ona görə deyirəm ki, 22 ildə 22 qarış torpaq azad edilməyib. Nə qaçqınların problemləri çözülür, nə başqa insanların... Belə bir nəticə də hasil olur ki, bu ölkədə bizə demokratiya görmək də qismət olmayacaq, axı bir milyon qaçqın və məcburi köçkünümüz var...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.