Rus əsgərləri Qarabağa gəlsə...

Rusiya sülhməramlıları Cənubi Osetiyada - 2008

-

AXIR Kİ, KONKRET BİR ŞEY DEYİLDİ...

Dağlıq Qarabağ probleminə qonşu Rusiyanın gətirəcəyi yeniliklər barədə aramsız söhbətlərə, nəhayət, konkret məzmun gəldi. Qərb mərkəzlərindən biri münaqişə bölgəsinə Rusiya sülhməramlı kontingentinin yerləşdiriləcəyi barədə xəbər yaydı...

Etibarlı qaynaqlar təsdiqləməsə, bu xəbər də il yarım, bəlkə iki ildir davam edən şayiə və söhbətlərdən, sadəcə, biri ola bilər. Tək fərqlə - əvvəlki şayiələri yerli və ya postsovet məkanındakı mənbələr yayırdısa, bu dəfə çox uzaqdan –Qərb dövlətlərindən soraq gəldi...

Amma rəsmilər hələ də açıqlama verməyə tələsmir, deyilən xəbəri nə təsdiqləyir, nə də inkar edirlər. Elə o səbəbdən həmin məsələ haqqında tam ciddiyyətlə danışmaq olmur...

Əslinə baxsan, hələ atəşkəs razılaşması əldə edilərkən bölgəyə sülhməramlıların yerləşdiriləcəyi deyilirdi. ATƏT-in razılaşmadan bir müddət sonra baş tutan Budapeşt sammitində isə sülhməramlıların beynəlxalq tərkibindən söz açılmışdı...

Düzdür, o vaxt da belə güman edilirdi ki, ATƏT-in digər üzvləri, böyük ehtimalla, bölgəyə sülhməramlı kontingent göndərmək əziyyətinə qatlaşmayacaqlar. Beləcə, atəşkəs rejimi sülhməramlılar və ya ayrıcı qüvvələr olmadan düz 21 il gözlənildi – yer-yer pozuntular, hərbçilər vəmülki əhali arasında itkilər olsa da, bütövlükdə götürəndə, irimiqyaslı hərbi əməliyyatlar başlanmadı və mövcud hərbi teatrda ciddi dəyişiklik baş vermədi...

Bu, özlüyündə unikal hadisə, təbii ki, əbədi davam edəbilməz. Axı problemin həlli mövcud status-kvonun dəyişməsini tələb edir. Bu dəyişikliyin davamlı və təminatlı olması üçünsə bölgəyə sülhməramlılar yerləşdirilməlidir. Qalır bir məsələ: o qüvvələrin tərkibi və münaqişənin qlobal həllini nəzərdə tutan böyük sülh planının nə vaxt və necə qəbul edilməsi...

Böyük və dolğun sülh planı olmadan Abxaziya və Cənubi Osetiyada yerləşdirilən sülhməramlı kontingent münaqişəni, sadəcə, müvəqqəti dondurdu. Sülhməramlıların yalnız Rusiyadan olması onları da münaqişə tərəfinə çevirdi.

GÖZ ÖNÜNDƏ GÜRCÜSTAN VAR...

Prinsipcə, atəşkəs təminatı üçün bölgəyə sülhməramlılar yerləşdirməyə ehtiyac yoxdur, əvvəldə də qeyd etdik ki, atəşkəs rejimi, aşağı-yuxarı, qorunur. Üstəlik, digər münaqişəli bölgələrdə, məsələn, Gürcüstanda sülhməramlıların yerləşdirilməsi acı təcrübədən başqa bir şey vermədi. Böyük və dolğun sülh planı olmadan Abxaziya və Cənubi Osetiyada yerləşdirilən sülhməramlı kontingent münaqişəni, sadəcə, müvəqqəti dondurdu. Sülhməramlıların yalnız Rusiyadan olması onları da münaqişə tərəfinə çevirdi.

Bax bu üzdən Azərbaycan diplomatiyası iki məsələni çözməlidir. Əvvəla, böyük sülh planı qəbul edilməli və yalnız bundan sonra bölgəyə ayırıcı və ya sülhməramlı qüvvələr yerləşdirilməlidir. İkincisi, çalışmaq lazımdır ki, Budapeşt sammitinin sənədlərində əks olunduğu kimi, bu, beynəlxalq tərkibli kontingent olsun və beynəlxalq nəzarət altında fəaliyyət göstərsin.

Azərbaycan bunları nəzərə alacağına ümid edək. Əlbəttə, daha əvvəl də ATƏT-in digər həmsədrlərini fəallaşdırmaq lazım gələcək, çünki onlar fəallıq və maraq nümayiş etdirməsələr, münaqişənin həlli birmənalı şəkildə Rusiyanın inhisarına keçər...

DOST QAZANDIRA BİLMİRSƏNSƏ...

Azərbaycanın kimə daha çox meylli olmasına gəlincə, təbii ki, son vaxtlar rəsmi Bakı ilə Moskva arasında münasibətlər o qədər istiləşib ki, bunu danmaq mümkün deyil. Amma bu yaxınlaşma institusional şəkil almayıb və Azərbaycan bugünədək nə Kollektiv Təhlükəsizlik Təşkilatına, nə Avrasiya İttifaqına, nə də Gömrük Birliyinə üzv olub. Yaxınlaşma daha çox hakimiyyətlər arasındakı münasibətlərə şamil edilə bilər...

...Rusiyanın tələbləri ödənsə, Azərbaycan da Ermənistanın indiki vəziyyətinə düşməyəcəkmi? Yeddi rayon da daxil, bütün Azərbaycan Rusiyadan asılı olmayacaqmı?..

Qərb dövlətləri ilə münasibətlərin soyuması, təbii ki, sual doğurur. Məsələn, soruşmaq olar ki,Azərbaycan Rusiyanın təzyiqlərinə nə qədər dözə bilər? Digər tərəfdən unutmaq olmaz ki, bir sıra Qərb ölkəsi də Qarabağ münaqişəsinin həlli ilə məşğuldur və onların da içində münaqişənin həllini tamamilə Rusiyanın öhdəsinə buraxmaq istəyənlər var. Münasibətlərin soyuması bu meyli daha da gücləndirə və Azərbaycanın Rusiya ilə təkbətək qalmasına gətirib çıxara bilər. Azərbaycanın Rusiya ilə münasibətləri nə qədər yaxşı olsa da, o qədər yaxşı deyil ki, Rusiya durub özünün geosiyasi maraqlarından, bölgədə «forpost»u adlandırdığı müttəfiqindən əl çəksin və Azərbaycanı müdafiə etsin...

Yerli təhlilçilərin bir qismi 7 rayon qaytarılsa, Rusiyanın tələblərini yerinə yetitməyin mümkünlüyünü, hətta Avrasiya İttifaqına üzvlüyün məqbul olması fikrini israrla irəli sürür. Bu «xor»u hakimiyyətyönümlü partiyalar da dəstəkləyir. Bu isə o deməkdir ki, belə mesajlar düşünülmüş şəkildə ötürülür və bir növ cəmiyyətin reaksiya öyrənilir...

...Rusiyanın tələbləri ödənsə, Azərbaycan da Ermənistanın indiki vəziyyətinə düşməyəcəkmi? Yeddi rayon da daxil, bütün Azərbaycan Rusiyadan asılı olmayacaqmı?..

Elə ona görə də düşünürəm ki, Azərbaycan israrla Avropa ilə münasibətlərini yaxşılaşdırmağa çalışmalıdır. Necə deyərlər, indi ölkənin dost itirən vaxtı deyil...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.