"Apple" bir gündə 32 milyard itirib

Apple şirkəti bir gündə bazar dəyərinin 32 milyard dollarını itirib.

Səbəb odur ki, 3-cü rübdə iPhone telefonların satışı 35 faiz artsa da, Apple satışın 48,8 milyard dollar olacağını gözləyirdi, satış isə “cəmi” 47,5 milyard dollar olub. Aradakı bu 1,3 milyard dollar fərq Apple-in səhmlərinin bazarda kəskin enişinə gətirdi. Nyu York birjasında iyulun 22-də Apple-in səhmləri 4,2 faiz dəyərdən düşdü.

2014-cü ilin yanvarından bəri Apple səhmləri bir gündə bu qədər dəyər itirməmişdi.

Ancaq Bloomberg yazır ki, şirkətin vəziyyəti güclü olaraq qalır. Şirkətin nağd vəsaiti 202 milyard dollardır.

Çin Apple üçün əsas inkişaf yeri olaraq qalır. Burda satış iki dəfə artaraq 13 milyarda çatıb.

SATIŞ

Son 3 rübdə Apple 183 milyon iPhone satıb. Bu da bir il əvvəllə müqayisədə 41 faiz çoxdur.

İpad satışı azalır. Son rübdə iPad satışı 18 faiz azalıb və 11 milyona düşüb.

Apple watch saat satışından gəlir 950 milyon dollar olub. Bu da 2 milyon saat satışı deməkdir.