140 ilin oxutmaq əzabı...

Foto illüstrasiya

-

Həsən bəy Zərdabini üzüb əldən salan problem - oxutmaq və oxucu tapmaq problemi hələ də qalır...

EKZOTİKA: ƏLİNDƏ QƏZET TUTAN ADAM!..

Təzəcə jurnalistliyə başladığım vaxtlar bir nəfər elə hey deyirdi ki, yazmaq bir igidlikdirsə, yazını oxutmaq iki igidlikdir. O vaxt mənə - ixtisasına görə jurnalist olmayan bir adama bu, qəribə görünür və inandırıcı təsir bağışlamırdı. Amma zaman ötdükcə, özüm də qəzetçiyə çevrildikcə görürdüm ki, doğrudan da, qəzetçilik təkcə yazmaqdan ibarət deyil...

İşin tərsliyinə bax ki, mən qəzetçiyə çevrildiyim dönəmdə tam başqa proseslər başlandı: nə öyrəndiyimi gərəyincə tətbiq edə, nə də eksperiment apara bildim...

...İndi qəzetçilik forma baxımından, demək olar, tam dəyişir, onun yerini elektron media tutur - özünün çeşidli üsulları və reklam imkanları ilə...

Şəxsən mən bu dəyişikliyin qlobal xarakter daşıdığını deməkdə çətinlik çəkirəm: Doğrudanmı, Azərbaycan internet istifadəçilələrin sayına görə ABŞ və Böyük Britaniyanı, yaxud İtaliya və Türkiyəni üstələyir?

Maraqlıdır ki, sadaladığım ölkələrin hamısında «köhnə media» - qəzetlər həm yaşayır, həm də oxunur. Amma bizdə - Azərbaycanda əlində qəzet tutan adamla rastlaşmaq əsl ekzotikaya – çox nadir olaya çevrilir...

YALNIZ TƏZYİQLƏRLƏ İZAH OLUNSAYDI...

Yox, bunu təkcə hakimiyyətin təzyiq və təsiriylə əsaslandırmaq heç də doğru olmazdı. Düzdür, belə təzyiqlər olub və indi də var. Məsələn, deyirlər ki, metro girişlərində satışı yığışdırandan sonra qəzetlər çətin satılmağa başladı. Bu, göstərilən səbəblərdən biridir. Amma bir məsələ də var, axı: az qala, bütün metro stansiyalarının çıxışında müasir köşklər qurulub, orada bütün qəzetlər satılır. Bəs alan niyə yoxdur və ya çox azdır?

Oxutmaq probleminin yaşı elə bizim mətbuatın yaşı qədərdir.Yaxşı oxucu olmamaq adəti təkcə bu nəslə - bizim nəslə xas deyil...

Deməli, məsələ təkcə hakimiyyətdə deyil, insanlar oxumurlar. Ya da oxuyanlar qəzetlərin yalnız internet versiyasını yetərli sayırlar. Nə deyirsiniz-deyin, ancaq birmənalı və hamını razı salacaq cavab tapmaq, təəssüf ki, olduqca çətindir...

MƏTBUATIN YAŞI QƏDƏR...

Bir məsələdə yəqin razılaşarıq: oxutmaq probleminin yaşı elə bizim mətbuatın yaşı qədərdir.Yaxşı oxucu olmamaq adəti təkcə bu nəslə - bizim nəslə xas deyil...

19-cu əsrdə iki böyük və maraqlışəxsiyyətimiz olub - M.F.Axundov və bir də H.B. Zərdabi. Bunu söyləməklə başqalarının rolunu kiçiltmək istəmirəm. Amma bu iki şəxs daha çox maraq doğurub və indi də doğurmadadır. Onlar milli-mədəni sferaya yeni konsepsiya gətiriblər...

Onlardan biri - Həsən bəy Zərdabi haqqında o qədər gözəl fikirlər yazılıb ki, həmin fikirlərin sayını artırmaq gücümə inanmıram...

Amma bir az əvvəldə qeyd etdiyim fikrə qayıdıram: Zərdabi hər bir qəzetçinin hiss etdiyi problemi - oxutmaq əzabını hamıdan əvvəl - düz 140 il öncə duyub və yaşayıb...

Zərdabi hər bir qəzetçinin hiss etdiyi problemi - oxutmaq əzabını hamıdan əvvəl - düz 140 il öncə duyub və yaşayıb...

Bəli, bu gün elə də inandırıcı görünməsə də, etiraf etmək lazımdır ki, ilk milli qəzet – «Əkinçi» də ciddi oxucu problemi yaşayıb və «zərdablı adam» –Həsən bəy də axırda onun nəşrini dayandırmaq qərarına gəlib (hərçənd, başqa səbəbləri də istisna etmək doğru olmazdı – red.)...

Düzdür, indiki dövrdə - milli simvollara, az qala, pərəstiş dövründə bu, bir qədər qeyri-adi, hətta inandırıcı görünmür. Amma biz necə oxucuyuqsa, ata-babalarımız da elə və bəlkə də hələ bizdən pis oxucu olublar. Axı oxumağı da biz onlardan öyrənmişik və onların yaxşı qəzet oxumaq vərdişi olsaydı, bizə də aşılayardılar....

LİBERALİZM HAQDA ƏN YAXŞI YAZI...

Axı hələ «Əkinçi»də də oxumağa çox dəyərli yazılar vardı. Bir vaxtlar - müxalifət arasında ciddi ideoloji diskussiyalar gedərkən, Zərdabinin liberalizmlə bağlı çox kiçik bir yazısına rast gəldim. Etiraf edim ki, o kiçik yazıda bizim aylarla davam edən mübahisələrdə deyə bilmədiklərimizi yazmışdı - özü də çox sanballı və yığcam şəkildə...

BUNLAR ARTIQ TARİXDİR?

İndi, bəlkə də, bunların hamısı tarixdir. Bəlkə qəzetlər də, bütövlükdə yazılı mətbuat da artıq tarixə çevrilib...

Bu gün ən oxunaqlı materiala göz atanda da, görürsən ki, «like»ların və ya «giriş»lərin sayı hətta 80-ci illərin sonundakı qəzet oxucularının sayı qədər deyil...

Ola bilsin, daha heç adamların qəzet köşkləri qarşısında toplaşmasını görməyəcəyik. Amma nə gizlədək, hələ də ümid edirik ki, bütün bunlar ötücüdür, yenə elə bir vaxt gələcək və hər yerdə insanların əlində qəzet tutduğunu görəcəyik...

...İnsan gərək, hər şeyə hazır olsun. Bəlkə də o vaxtlar bir daha qayıtmayacaq, qəzetlər kağız variantında çıxmayacaq və bütünlüklə elektron versiyaya keçməli olacaqlar...

Hərçənd, bu proses bizə bir qədər süni görünür. Axı bir az əvvəldə qeyd etdiyimiz kimi, internetin böyük, hətta nəhəng auditoriyası olan ölkələrdə yazılı mətbuat hələ də qalır. Amma nə etmək olar?

...Yaxşı, bəs elektron versiyalar oxunurmu? Bu gün ən oxunaqlı materiala göz atanda da, görürsən ki, «like»ların və ya «giriş»lərin sayı hətta 80-ci illərin sonundakı qəzet oxucularının sayı qədər deyil...

Deməli, 140 ilin ən iztirablı və əzablı problemi, hətta bizim «zərdablı adam»ı -Həsən bəy Zərdabini üzüb əldən salan problem - oxutmaq və oxucu tapmaq problemi hələ də qalır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.