-
UŞAQLIQ TƏƏSSÜRATLARI...
Tez-tez özümdən soruşuram ki, görəsən, bizim ədəbi zövqümüz, önəm verdiyimiz mədəni-mənəvi dəyərlər indiki gəncliyə qeyri-ciddi, hətta gülməli gəlmir?
Sigmund Freud deyirdi ki, insan ömrü boyu uşaqlıq təəssüratlarının təsirində qalır. Etiraf edim ki, bir yazar kimi, elə mənim də əksər məsələ və hadisələrə baxışım uşaqlıq təcrübəmdən qaynaqlanır...
Məsələn, kitabları və mütaliəni çox sevirəm. Amma eyni zamanda düşünürəm ki, dünya ədəbiyyatında Maxim Gorky qədər kitabları sevdirən yazıçı çətin tapılsın...
Yox, bunu çeynənmiş və bir az urvatdan düşmüş «Kitab bilik mənbəyidir» sözlərinə görə demirəm. Onun məşhur bir trilogiyası var: «Uşaqlıq», «Özgə qapılarında» və «Mənim universitetlərim»... Kitaba və mütaliəyə zərrə qədər sevgim varsa, həmin trilogiyaya borcluyam...
Kitabları və mütaliəni çox sevirəm. Amma eyni zamanda düşünürəm ki, dünya ədəbiyyatında Maxim Gorky qədər kitabları sevdirən yazıçı çətin tapılsın...
Özəlliklə «Özgə qapılarında» əsəri kitaba və mütaliəyə həsr olunmuş himnə bənzəyir...
KİÇİK KİTAB DÜKANINDA...
Bunu niyə xatırladım? Yox, erudisiya-filan nümayiş etdirmək fikrindən uzağam. Bu yaxınlarda - şəhərdə gəzişərkən, gözüm kitab dükanına sataşdı. Dedim, baxım görüm, nə satırlar...
Girdim dükana. Kiçik bir yer idi, amma içəridə 10-15 gənc vardı - kitabları bir-bir götürür, vərəqləyir və satıcıdan nəsə soruşurdular. Suallarından hiss etdim ki,yetərincə məlumatlı gənclərdir... Kefim kökəldi, nə kökəldi!.. Elə bil qanadlarım çıxmışdı, sanki uçurdum. Az qala hamının yazar olduğu məmləkətdə kimlərinsə oxucu olduğunu görməkdən necə də sevinirdim...
NOBEL HƏR İL VERİLİR, AMMA...
Mən burada oxumayanları qınamaq düşüncəsindən uzağam. Ölkədə kitab nəşri zamanla ayaqlaşmır. Tutaq, elə özümü götürüm. İndi mən durub təzədən Fyodor Dostoyevsky-ni oxumalıyam? Güman ki, başqalarını qınayanda bunu da nəzərə almaq lazımdır. Bir az əvvəl kitab dükanında gördüyüm gənclər hər şeyi hələ indi kəşf edirlər. Onlardan ötrü hər şey hələ yenidir və yenini görüb-Gabriel Garcia Marquez-i duymaq, təbii ki, adamın həyatına rəng qatır...
Bizim insanların yaxşı tanıdığı sonuncu Nobel laureatı bəlkə də Albert Camus və yaxud Gabriel GarciaMarquez-dir! Amma onların həmin mükafatı almasından gör neçə il ötüb! Nobel mükafatları hər il verilir, axı!..
...Etiraf edim ki, son vaxtlar metroda da kitab oxuyanlarla rastlaşıram. Elə onlar da gənclərdir. Görəsən, bilirlərmi mütaliə aramsız proses olmalı, insan ömrü boyu oxumalıdır? Bildilər-bilmədilər, bunun fərqində olmaları üçün onları daim yeni kitablarla təmin etmək lazımdır. Bəlkə xüsusi dövlət proqramına, nəşrlərin stimullaşdırılmasına da ayrıca ehtiyac var. Məlum bir seriya oldu, abunə yazılanlar da tapıldı, amma o seriya klassika idi. Oxuculara isə dünyanın çağdaş ədəbiyyatı da lazımdır. Məsələn, hansısa kitab satış rekordu qıranda, o kitab dərhal dilimizə çevrilməlidir...
Bizim insanların yaxşı tanıdığı sonuncu Nobel laureatı bəlkə də Albert Camus və yaxud Gabriel Garcia Marquez-dir! Amma onların həmin mükafatı almasından gör neçə il ötüb! Nobel mükafatları hər il verilir, axı!..
RUS QADINLA EVLƏNƏN HİNDLİ TƏRCÜMƏÇİ...
Epizodik təşəbbüslər var. Amma dəfələrlə yazmışam ki, o nəşrlər adamda inam doğurmur. Bu yaxınlarda Rusiya telekanallarının birində bir hindli tərcüməçi haqqında veriliş hazırlamışdılar. O hindli deyirdi ki, mən rus ədəbiyyatını əvvəllər ingilis dilindən çevirirdim, - ta mənim tərcüməmi rus orijinalıyla tutuşduranacan. Dəhşətə gəldim! Fərq o qədər böyük idi ki!.. O vaxtdan qərar verdim ki, indən belə orijinaldan - ruscadan tərcümə edəcəyəm...
Amma indiki gənclərin çoxu rus dilini bilmir, axı... Onlar nə etməlidilər?
Qərəz, həmin tərcüməçi rus dilini öyrənir və sonra elə alınır ki, rus qadınla da evlənir...
«BÖYÜK ALİM»...
Amma bizdə nə baş verir? Universitetdə oxuyarkən bir əfqan tələbə tanıyırdım, «üç» alıb başını birtəhər girləyənlərdən olsa da, rus dilindəki geologiya dərsliklərini öz dilinə çevirirdi. Zarafatla ona deyirdik ki, səni Əfqanıstanda yəqin böyük geoloq sayırlar... Nə isə, yaxşı ki ruscanı öyrənmişəm və rus ədəbiyyatını orijinaldan oxuya bilirəm. Amma indiki gənclərin çoxu rus dilini bilmir, axı... Onlar nə etməlidilər?
Ya ümumiyyətlə mütaliə etməməli, ya da qeyri-peşəkar tərcümələri yetərli saymalıdırlar...
NAŞİRLİK NƏ VAXT BİZNESƏ ÇEVRİLƏCƏK?
Nəşriyyat işi yerində sayır. Buna məhkum olunub. İnsaf xatirinə etiraf etməliyik ki, gerçək naşirlərimiz çox fədakar insanlardır...
Amma nə vaxtadək belə qalacaq? Axı nəşriyyat işi biznesə çevrilməli, öz işçilərini, yazar və tərcüməçiləri təmin etməlidir. Təmin edirmi? Bu sualı qərar sahibi olan hansı yüksəkrütbəli məmur «hə» deyə cavablayar?..
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.