Azərbaycan diplomatı «şərəfimə and olsun!» dedi...

Arif Məmmədov

-

Bir diplomat ölkəsinin siyasətinə qarşı çıxıb.

Bilmirəm, Arif Məmmədovun etdiklərini belə yozmaq olarmı?

Bunu diplomatiya bilicilərinin öhdəsinə buraxıram.

Mən bu yazıda Arif Məmmədova başqa yöndən baxmağa çalışacağam.

Onu bir vətəndaş kimi qiymətləndirəcəyəm.

VƏTƏNDAŞ ARİF MƏMMƏDOV NƏ YAZDI?

Arif Məmmədov bir vətəndaş kimi Bakida 15 nəfərin ölməsinə səbəb olan yanğın hadisəsinə necə reaksiya verdi?

Hamımız kimi...

O məşum günlərdə hamımız baş verənləri qınamadıqmı?

2 yaşlı Fərəhin ölümünə üzülmədikmi?

Bir ailənin 3 üzvünün həyatdan silinməsinə ağlamadıqmı?

Yaşlı kişilərin uşaq kimi kövrəldiyini görüb darılmadıqmı?

İndi Vətəndən çox uzaqlarda yaşayan bir vətəndaşın halını göz önünə gətirək...

O, necə reaksiya verməliydi?

QƏLBİNİN SƏSİNİ DİNLƏDİ

Arif Məmmədov diplomat olduğunu unutdu və ürəyinin diktə etdiklərini yazdı...

Budur onun günahı!

Diplomatın ürəyi olmazmış.

O, beyni ilə, ağlı ilə hərəkət etməlidir...

Arif Məmmədov bunu yaddan çıxardı...

Və ... işini itirdi. Üstəlik, çox böyük qınağa tuş gəldi.

FİLM KİMİ, YƏNİ...

Bir neçə gün öncə bir türk serialına baxırdım.

Hərbi tapşırığı yerinə yetirmək üçün türk timi düşmənin arasına sızır.

Dəstənin arasında gənc, yaraşıqlı bir əsgər-nişançı var.

Kənddə yaşayan 90 yaşlı qoca kişini nəvəsi ilə əsir alırlar.

Dəstənin komandiri həmin nəvəni - gənc qızı özünə siğə etdirmək istəyir.

Və onu yaşadığı komaya - siğə olunmaq üçün dartıb aparır.

Gənc əsgər xoşlandığı qızın ah-naləsinə güclə tab edir.

Xüsusi əmr vardı, axı. Başqa cür davransaydı, onun kənardan sızdığını biləcəkdilər.

Təsəvvür edin... Baba qışqırır, nəvə fəryad edir, amma bu gənc adam dilini dişinə sıxıb əmrə tabe olur.

O anda özümə söz verdim ki, əgər həmin əsgər bu qızı o namussuzun əlindən çəkib almasa, mən illərdir baxdığım seriala nöqtə qoyacağam...

O ƏSGƏR NƏ ETDİ?

O əsgər nə etdi, bilirsinizmi?

Ürəyinin səsini dinlədi.

O qızı o şərəfsizin əlindən aldı.

Ona layiqli cəzasını verdi.

Bəlkə də, komandirin əmrinə uymadığına görə, ona da cəza düşəcək.

Amma... o bu hərəkətiylə namusunu, şərəfini qorudu.

ŞƏRƏFİMƏ AND OLSUN Kİ...

Yəqin ki, o əsgər gələcəkdə hər hansı bir məsələdən söz açanda, mütləq bu sözləri işlədəcək:

Şərəfimə and olsun ki...

Nə xoşbəxt adamdır o əsgər!

Belə gənc yaşında şərəfinə and içmək haqqını qazandı!

Bizlərdən neçəsi bu sözü əminliklə işlədə bilər?

İşlədə bilirikmi?

Amma Arif Məmmədov işlətdi.

Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Sabirin 100 il öncə dediklərini təkrarladı.

Eynən klassiklərimiz kimi: «xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur!» söylədi.

Və ən ümdəsi, gələcək, həm də indiki diplomatlara üz tutub yazdı:

«Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək».

«Şərəfimə and olsun!».

Nə gözəl sözdür!

Deyilmi?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.