Futbolu təkcə ayaqla oynamazlar...

İyunun 2-də FIFA prezidenti Sepp Blatter istefa verəcəyini bəyan edib.

-

KİMƏ SİASƏT, KİMƏ DƏ PRİNSİP...

FIFA ətrafındakı böyük korrupsiya qalmaqalı, bu təşkilatın yüksək çinli məmurlarının ard-arda istefası, heç sözsüz, son günlərin ən diqqətçəkən hadisələrindəndir - ən azı ona görə ki, futbolla bağlı nə varsa, adətən, insanlarda maraq doğurur...

Böyük idman həm də siyasətdir. Bununla mübahisə etmək çətindir. Futbol da böyük idmanın, sözün əsl mənasında, cövhəridir...

Düzdür, «siyasət» sözü fərqli anlaşıla və yozula bilər. Kimi «Futbol da siyasətdir!» sözlərini dövlət və millətlər arasında bir yarış kimi anlayır. Kimi də bunu elə sözün bütün mənalarında sırf siyasət kimi qəbul edir və buradan çox uzaqgedən nəticələr çıxarır...

FIFA-dakı qalmaqala dövlət səviyyəsində cavab verən ilk ölkələrdən biri Rusiya oldu. Bu ölkədə həmin qalmaqalın Rusiyaya qarşı yönəldiyi çox yüksək səviyyədə iddia olundu. Hətta belə bir fikir də səsləndi ki, guya bununla ABŞ, Britaniya və digər ölkələr 2018-ci ildə futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsinin qarşısını almaq istəyirlər...

Amma sonradan ehtiraslar azacıq səngidi. Rusiyalı dövlət adamları daha təmkinlə danışmağa başladılar və belə bir fikri vurğulamağa çalışdılar ki, heç kim dünya çempionatının Rusiyada keçirilməsinin qarşısını ala bilməz... Bu fikri öz arqumentləriylə əsaslandırmağa da cəhd göstərdilər və dedilər ki, 2018-ci ilə bir o qədər də çox vaxt qalmayıb və bu qədər qısa müddətə oyunların başqa ölkəyə köçürülməsi məqsədəuyğun olmazdı...

Rusiyada olmasa da, hər halda, Qətərdə oyunların keçirilməsinə razılıq verilməsi və bundan ötrü qış aylarının seçilməsi doğrudan da bir az şübhəli görünür...

OD YANMASA, TÜSTÜ ÇIXMAZ...

FIFA-dakı qalmaqalda bir-iki nüansı qeyd etməyə dəyər. Birincisi, bu təşkilatın bəzi məmurları öz təqsirini boynuna alıb. Onların adları da çəkilir. Üstəlik, yetərli dəlillər olmasaydı, heç bir dövlətin hüquq-mühafizə təşkilatı belə qalmaqala baş vurmazdı... Axı bu əməliyyatıniki başı vardı və ittihamlar sübuta yetirilməsə, iddiaçı qurumun özü qalmaqal hədəfinə çevrilə və rüsvay oluna bilərdi...

İkincisi, Rusiyada olmasa da, hər halda, Qətərdə oyunların keçirilməsinə razılıq verilməsi və bundan ötrü qış aylarının seçilməsi doğrudan da bir az şübhəli görünür...

Güman ki, dövlətlər üçün «korrupsiya indeksi»nə bənzər bir parametr var. Elə ölkələr var ki, onların adının böyük korrupsiya əməliyyatlarında hallanması o dəqiqə şübhə yaradır. Elə dövlətlər də var, adını bu kontekstdə eşidəndə, ən azı, diksinmirsən və düşünürsən ki, bəli, bu, ola bilər...

Şəxsən mən heç də iddia etmirəm ki, Qətər və ya Rusiya bu qalmaqala qatılıb. Bunu iddia etmək və onun arxasında dayanmaq hüquq-mühafizə qurumlarının işidir və onlar bu işlə məşğuldurlar...

ƏSƏBLƏR ARTIQ DÖZMÜR...

Ola bilsin, Rusiya siyasətçilərinin narahatlığı ümumi əsəbi atmosferlə bağlıdır - onların öz səhvləri və düşünülməmiş addımları, həm də çox böyük ambisiyaları ucbatından ölkə ətrafındakı həlqə getdikcə daralır. Buna isə, görünür, kiminsə əsəbləri tab gətirmir...

Bu yaxınlarda Rusiya hökumətinin yüksəkrütbəli məmuru etiraf etdi ki, sanksiyaların təsiri nəticəsində ölkəyə artıq 150 milyard dollar ziyan dəyib.

İstisna etmək olmaz ki, elə doğrudan da Qərb dövlətləri hətta idmanı, o cümlədən futbolu da siyasət müstəvisinə keçirməyə cəhd göstərirlər... Niyə də yox? Savaş savaşdır, sanksiya sanksiyadır.

Bu fikir də bir daha səsləndi ki, Rusiya, hələlik, özünün valyuta ehtiyatları hesabına ziyanı kompensasiya edə bilir...

Müxtəlif qaynaqlara görə, ölkənin ümumi valyuta ehtiyatı təxminən 700-800 milyard dollardır. Deməli, durum dəyişməzsə, ziyan cəmi 4-5 ilkompensasiya edilə bilər, o da ziyan 150 milyard səviyyəsində qalsa...

RUSİYA ÖZÜ BELƏ İSTƏDİ...

Keçmiş «soyuq savaş» dönəmində hər şey siyasət və iki siyasi sistemin yarışına bir vasitə idi. İndinin Qərb siyasətçiləri daha «soyuq savaş» terminini işlətməməyə çalışırlar, axı Ukraynada baş verənləri çıxsaq, Rusiya ilə Qərb arasında hər hansı başqa bir prinsipial ayrılıq yoxdur. Mövcud sanksiyalar da dərhal götürülə bilər - Rusiya Ukraynadakı siyasətindən əl çəksə...

Amma Rusiya siyasətçilərinə geri çəkilməkdənsə, Qərblə qarşıdurmadan danışmaq daha asan görünür. Onlar elə bir siyasət aparırlar ki, Rusiyaya özündən başqa heç kim kömək edə bilməz. O üzdən belə bir variantı da istisna etmək olmaz ki, elə doğrudan da Qərb dövlətləri hətta idmanı, o cümlədən futbolu da siyasət müstəvisinə keçirməyə cəhd göstərirlər...

Niyə də yox? Savaş savaşdır, sanksiya sanksiyadır. İndi Rusiyaya qarşı hərbi təzyiqdən başqa bütün digər təsir mexanizmləri tətbiq edilir. Amma əsas odur ki, bu savaşı Qərb başlamadı, onu Rusiyanın özü istədi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.