Belə siyasət də olur...

Mikheil Saakashvili

-

LAP PREZİDENT DƏ OLA BİLƏRDİ...

Artıq hamı oxuyub və yaxud da eşidib ki, Mikheil Saakashvili Ukraynada vəzifə aldı. Onun bu təyinatı çoxumuza və elə bu sətirlərin müəllifinə də xeyli anlaşılmaz gəlir. Anlayıram ki, bu yaşda təqaüdə tələsmək hələ tezdir. O, gənc və enerjili siyasətçidirsə, demək, bu enerjini nəyəsə sərf etməlidir...

Amma Saakashvili Gürcüstanın prezidenti olmuşdu və gərək bunu nəzərə alaydı. Düzdür, «qüsur» çox da böyük deyil. Bəlkə də ukraynalılar daha praqmatik olsaydılar, onu prezident, ya da baş nazir seçərdilər. Şəxsən mən inanıram ki, o, 4-5 ilə Ukraynada sahman yaradardı... O səliqə-sahmanı ki Gürcüstandakı «qızılgül inqilabı» ilə təxminən eyni vaxtda baş verən «narıncı inqilab»ın dalğasında hakimiyyətə gələn Viktor Yushchenko yarada bilməmişdi...

Saakashvili bir aspektdən «təhlükəli»dir -bu adam Rusiya ilə münasibətləri korlaya bilər. Amma Ukraynanın Rusiya ilə münasibətləri o qədər korlanıb ki, onu bir az da korlamaq çox çətindir...

KİM DAHA BALACA SİYASƏTÇİDİR?..

Ən maraqlısı Rusiya siyasi elitasının bu təyinata münasibətidir. Dmitry Medvedev bu məsələni şərh edərkən «Zavallı Ukrayna!» deməyi də unutmayıb. O, əslində, başqa bir suala cavab verməli idi: «Rusiya ilə bir olmaq zavallı Ukraynaya nə vermişdi ki, ondan ayrılmaq da qorxulu olsun?».

Rusiya ilə bir olan Ukraynanın Krım və Şərq problemləri yox idi. Bunu etiraf edək. Amma həmin problemləri Rusiya yaratdı və bu gün də onları dərinləşdirib-genişlətməklə məşğuldur...

Dərindən düşünsəydi, D.Medvedev öz halına acıyardı. Bu adam qədər gülünc siyasətçi tapmaq çətindir. Axı o rola ki Medvedev razılaşmışdı, gerçək siyasətçi onu özünə həqarət sayardı...

Dərindən düşünsəydi, D.Medvedev öz halına acıyardı. Bu adam qədər gülünc siyasətçi tapmaq çətindir. Axı o rola ki Medvedev razılaşmışdı, gerçək siyasətçi onu özünə həqarət sayardı...

«Tandemokratiya» məsələsi (tandemli demokratiya, yəni hakimiyyətin cütsürücülü velosiped kimi idarə olunması. Rus politoloqlarının yararlandığı termindir və Medvedev prezident olarkən, onunla Putin arasındakı hakimiyyət sövdələşməsi nəzərdə tutulur – red.) bir vaxtlar Türkiyədə də aktuallaşmışdı. Amma Abdullah Gül birmənalı şəkildə demişdi ki, o, «Recep Tayyip Erdoğan-ın Medvedev-i» olmaq istəməzdi...

Medvedev-in öz siyasi personası ilə bağlı insanların nə düşünməsindən xəbərdarlıq dərəcəsini bilmirəm. Bununla bağlı elə bir məlumatım yoxdur və güman edirəm ki, o, dünyanın ən qısaboy siyasətçilərindən biri kimi, özünün siyasətdə nə qədər kiçik adam olduğunun fərqindədir...

MƏNƏN BÖYÜK MİLLƏT...

O ki qaldı Saakashvili-yə, bilirsiniz, bu adam haqqında düşünəndə ilk öncə yadıma kim düşür? Deyəcəyəm, amma düşünürəm ki, bəlkə də o qədər də razı olmayacaqsınız, - yadıma Che Guevara düşür...

Saakashvili-yə gürcülərin Che Guevara-sı deyərdim. Gürcüstanda olarkən, onun Rusiyanı ifşa etməyə çalışması, indi də eyni işi Ukraynada görməsi mənim bu əminliyimi bir az da artırır... Bəli, o, canlı Che-dir ki, var - bir az romantik, bir az reallığı nəzərə almayan, amma öz əqidəsindən dönməz bir insan və bəlkə də siyasətçidən daha çox inqilabçı!..

Burada başqa bir gürcü də yadıma düşür - Merab Mamardashvili. Ona «gürcülərin Kant-ı» deyirdilər. Məncə, kiçik bir xalqın belə orijinal şəxsiyyətlər yetişdirməsi, gürcülərin mənən çox böyük olmasına dəlalət edir!..

İndi belə aydın olur ki, hətta Zviad Gamsakhurdia da Rusiyada M.Saakashvili qədər xof yaratmayıbmış. Axı Rusiya siyasətçiləri artıq onu unudublar, amma M.Saakashvili-ni unuda bilmirlər...

KÖLGƏLƏR GÜNORTA YOX OLUR...

Söz yox ki, məhz belədir. Qoy Rusiya Saakashvili-nin kölgəsindən qorxsun. Gürcü qorxusu, gürcü xofu Rusiya üçün elə də yeni bir hadisə deyil və güman ki, D.Medvedev də bunu bilir...

Bir daha deyirəm ki, Saakashvili-ni Che-yə bənzətməyimdə zərrə qədər də şişirtmə və tərif yoxdur. Kimlərsə onu siyasətdə anomaliya da saya bilər, amma bu adam Gürcüstanda iki dəfə prezident oldu. Orada əməlli-başlı qayda-qanun və sahman yaratdı...

Düşünmək gülünc olardı ki, guya Saakashvili Rusiyanın üzərinə gedərkən böyük səhvə yol verib və nə etdiyini bilməyib. Mən onun BMT tribunasından etdiyi sonuncu çıxışı diqqətlə oxudum. İlk öncə belə təəssürat yarana bilərdi ki, bu adam artıq itirməyə bir şeyi qalmadığını anlayaraq belə çıxış edir. Amma bu, səthi təsəvvürdür...

Saakashvili-nin o vaxt Gürcüstanla bağlı planları bitməmişdi. O bilirdi ki, bəzi şeyləri bütün çılpaqlığı ilə demək olmaz. Amma deyirdi. Niyə? Çünki siyasətə təkcə vəzifə qazandıran bir vasitə kimi baxmırdı...

ONU UNUDA BİLMİRLƏR...

İndi belə aydın olur ki, hətta Zviad Gamsakhurdia da Rusiyada M.Saakashvili qədər xof yaratmayıbmış. Axı Rusiya siyasətçiləri artıq onu unudublar, amma M.Saakashvili-ni unuda bilmirlər...

Heç unutmasınlar da. Elə insanlar var ki, onlar son nəticədə məğlub olsalar da, unudulmurlar Məsələn, Che kimi... Ya da elə Saakashvili kimi... Bilirsiniz, bu hadisəni biz Azərbaycanda da yaşamışıq...

Azərbaycanda da deyirdilər ki, bəs filankəs siyasətçi deyil, İran haqqında elə danışır, belə danışır. Amma həqiqətdə belə idimi? Təbii ki, yox. Sadəcə, bizim siyasət haqqında təsəvvürlərimiz bir az fərqlidir, qəbul edə bilmirik ki, belə də siyasət və belə də siyasətçi olur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.