-
TƏKCƏ MƏMURLAR HƏYƏCANLANMAZ...
Çox az qalıb, lap az. Bir əlin barmaq sayı qalıb. Yəqin ki, bildiniz, söhbət Avropa Oyunlarından gedir. Vaxt azalınca həyəcan da çoxalır və hər şeyi yenidən götür-qoy etməyə başlayırıq...
Bu həyəcan idmançılarımızla bağlı deyil: kim güclü, çevik, texnikalı və iradəli olacaqsa, qələbə də onun payına düşəcək...
Bu həyəcan texniki məsələlərlə də bağlı deyil. Ən azı, rəsmi xəbərlərə görə, hər şey öz qaydası ilə gedir...
Həyəcan daha çox siyasi xarakterlidir. Avropa Parlamentinin sədrindən gileylənirlər. Deyilənə görə, bu qurum yaxın günlərdə Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirəcək...
Elə təsəvvür yaranmasın ki, buna möhkəmcə sevinirəm. Əsla. Hamıdan çox istəyirəm ki, bu oyunlar – yarışlar problemsiz ötüşsün. Amma sadə məntiq deyir, od yanmasa tüstü çıxmaz...
Sözügedən avropalı siyasətçinin bioqrafiyasından bir elə məlumatım yoxdur. Bu vaxtadək hansı bəyanatları verib-verməməsi, hansı çıxışları edib-etməməsi və kiminlə əməkdaşlığa daha meylli olması barədə bilgim çox deyil...
Amma gərək adam sözün düzünü desin: axı Azərbaycanda insan haqları və demokratiya ilə bağlı doğrudan da çox ciddi problemlər var. Məsələn, hüquq müdafiəçiləri 10-15 siyasi məhbusun adını hallandırırlar...
Burada azadlığı bir qədər mücərrəd, bir qədər irrasional anlayırlar: adamın əlini hər şeydən üzür, sonra da deyirlər ki, get, azad yaşa...
DÜZÜNÜ DESƏK...
Bu problemə göz yummaq elə də asan deyil. Bəli, yaxşı haldır ki, Milli Şuraya mitinq keçirməyə icazə verilir. Yaxşı haldır ki, bütün partiyalarla olmasa da, əksər partiyalarla görüş keçirilir... Hərçənd, bu görüşlərdə həmin partiyaların təmsilçiləri daha çox dinləyiciyə bənzəyirlər... Qərəz, belə yaxşı hallardan yenə sadalamaq olar...
Amma Azərbaycan azad ölkə deyil. Burada azadlığı bir qədər mücərrəd, bir qədər irrasional anlayırlar: adamın əlini hər şeydən üzür, sonra da deyirlər ki, get, azad yaşa...
Azadlıq hüquqda əksini tapmalıdır. Mənim hüququm yoxdursa və yaçox məhduddursa, özümü necə azad saya bilərəm?
Bunu düşünmürlər. Daha doğrusu, düşünmək istəmirlər. İndi, tutalım,beş-on siyasi məhbus var. Nə olar, gəlin onları azad edək!.. Qoy, bu da bir siyasi jest olsun və düzü-dünya görsün ki, bu ölkə normal ölkədir...
Olimpiya oyunları da, əslində, böyük bir bayramdır. Necə razı oluruq ki, bəzi vətəndaşlarımız həmin bu bayramı məhbəsdə keçirsin?..
Düzü, hamı kimi mən də mayda əfv və həttaamnistiya gözləyirdim, amma olmadı. Bir narahat vətəndaş kimi yenə ümidimi üzmürəm. Axı əfv və ya amnistiya ölkəmizə başucalığı gətirərdi...
DEYƏSƏN, BU İL SEÇKİ DƏ VAR...
Problem tək beş-on siyasi məhbusda da deyil. Oyunlar bitəcək, ən azı, zaman bizləri parlament seçkisi ilə məşğul olmağa vadar edəcək və o vaxt hər şeyi tam unudacağıq - həmrəyliyi də, qardaşlığı da, hətta vətəndaşlığı da!..
Bunu ki Avropa Şurasının təmsilçisi və yaxud sədri demir, özümüz deyirik! Məhz özümüz etiraf edirik ki, ölkədə ictimai nəzarət yox səviyyəsindədir, media ölüvay durumdadır...
Yenə məlum olacaq ki, mandatların hamısını hakim partiya «qazanıb», digər partiyalar cəmi bir-iki mandat əldə edə biliblər! Bu, elə tanış ssenari, elə tanış «musiqi»dir ki, adamı artıq təkcə bezdirmir, ovqatını büsbütün korlayır...
Bu yaxınlarda çox yüksək səviyyədə ictimai nəzarətin önəmindən söz açıldı.
Telekanallar dərhal buna reaksiya verdilər. Hətta bəziləri dedi ki, bəlkə həmin çağırış medianı ölüvay durumdan qurtara bilər...
Deməli, biz özümüz də, hətta hakimiyyətlə çox yaxın münasibətlərdə olan media təmsilçiləri də etiraf edirik ki, media bütövlükdə ölüvay vəziyyətdədir!..
BUNU Kİ BAŞQASI DEMİR...
İndi sizdən soruşuram. Bunun özü problem deyilmi? Bunu ki Avropa Şurasının təmsilçisi və yaxud sədri demir, özümüz deyirik! Məhz özümüz etiraf edirik ki, ölkədə ictimai nəzarət yox səviyyəsindədir, media ölüvay durumdadır...
Deməli, hökumətin öz içində daha bir struktur yaratmaqla ictimai nəzarət bərpa olunmur. Deməli, jurnalistlərə mənzil verməklə, hətta qəzetlərə maddi yardım etməklə də iş düzəlmir. Deməli, problemin kökünə getmək lazımdır...
Amma bunu etmirik. Əvəzində kimisə qınayırıq...
...Bəlkə daha çox özümüzü qınayaq?..
Bəlkə, heç olmasa, bir dəfə problemlərin görüntüsü, təzahürlərilə yox, özü ilə mübarizə aparaq? Bəlkə problemin özünü həll etməyə çalışaq? Axı əvvəldə də dedik ki, od yanmasa tüstü çıxmaz...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.