Gözəl görünmək xatirinə...

Binalardan üzlüklərin sökülməsinə başlanıb - Bakı. 21 may 2015

-

HAMI YERİNDƏ İDİ. AMMA BİR AZ GEC İDİ...

Şəhər indi-indi özünə gəlir. Çoxmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın insanları həqiqətən də sarsıtmışdı-hamı yalnız bu hadisədən danışır, telekanallar musiqili verilişlərə ara vermişdi...

Prinsipcə, yanğın qeyri-adi hadisə deyil. Nə qədər arzuolunmaz olsa da, belə hadisələr baş verir. Amma insanlar deyirdi ki, hələ bu vaxta qədər bir binanın bu qədər sürətlə alışmasını görməmişdilər.

Səbəb aydındır. Detallar hələ tam dəqiqləşməsə də, binanın yanmasını kimyəvi örtüyün alışması ilə izah etdilər...

Dövlət adamları, aidiyyəti olan strukturlar vaxtında hadisə yerində oldular və nə mümkündürsə onu etdilər. Bununla bağlı iradımız yoxdur.

Amma məsələnin başqa tərəfi var. Dövlət adamlarının bir qisminin əsas işi faciənin nəticələrinin aradan qaldırılması deyil, faciənin qarşısını almaq olmalıdır...

Təsəvvür edin, indi binaların örtükləri sökülür. Onların sayı isə o qədər də az deyil-şəhərdə 800-ə yaxın belə binanın olduğunu deyirlər...

Bakı şəhərinin rəhbərlik sarıdan elə də bəxti gətirməyib. Məsələ ticarət «toçka»larını sökməkdə deyil. Bunu hamı bacarar. Əsas məsələ şəhərdə savadlı idarəetməni təşkil etməkdir.

22 İL ƏRZİNDƏ NƏSƏ ÖYRƏNMƏK OLARDI...

Nə demək olar? Hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Bakı şəhərinin rəhbərlik sarıdan elə də bəxti gətirməyib. Məsələ ticarət «toçka»larını sökməkdə deyil. Bunu hamı bacarar. Əsas məsələ şəhərdə savadlı idarəetməni təşkil etməkdir. İndi məlum olur ki, binalara çəkilmiş örtüklər çox təhlükəlidir, kiçik bir qığılcım onları alışdıra bilər. Bəs onlar quraşdırılanda şəhər rəhbərliyi hara baxırdı? Bu işin texniki tərəflərini öyrənmək, onun texniki ekspetizasını təşkil etmək mümkün deyildimi?..

Burada bir neçə il bundan əvvəlki hadisələr yadımıza düşür. Təsəvvür edin, yolları təmir etməyi, asfalt döşəməyi öyrənmək üçün şəhər işçilərinə bir neçə il vaxt lazım gəldi. Əvvəllər hətta kanalizasiya lyuklarının üstünə asfalt döşəyirdilər. Nəticədə də çox böyük gölməçələr yaranır və şəhərin küçələrində həddindən artıq su toplanır, lil-palçıq yaranırdı...

İndi asfalt döşəməyi yarıya qədər öyrəniblər. Ona görə «tam» yox, «yarıya» qədər deyirik ki, bir yolu təmir edir, növbəti ildə isə onu yenidən qaşıyır və təzədən təmir etməyə başlayırlar. İndi də bu örtüklər yaman dəb düşmüşdü. Hətta onu da deyirdilər ki, belə üz çəkilmiş binalardakı mənzillərin qiyməti digərləri ilə müqayisədə daha çox imiş...

Məlum oldu ki, bu örtüklər bəzək yox, binalar və onların sakinləri üçün əsl fəlakət mənbəyi imiş

Amma budur, məlum oldu ki, bu örtüklər bəzək yox, binalar və onların sakinləri üçün əsl fəlakət mənbəyi imiş. İndi onları təcili sökürlər. Heç olmasa, buna görə sağ olsunlar, necə deyərlər, ziyanın yarısından da qayıtmaq böyük işdir...

KONSEPSİYA YOXDURSA...

Başqa məsələlərə gəldikdə isə, şəhərsalmanın və idarəetmənin konsepsiyası və prinsipləri olmalıdır. Şəhər həyatı da bir elmdir. Təəssüf ki, indiki Bakıya baxanda buna da şübhə etməyə başlayırsan-məlum olur ki, şəhəri nizamlamaq elə də vacib deyil, harada gəldi yeni bina ucaltmaq, harada gəldi park tikmək, harada gəldi, necə gəldi yenicə tikilən obyektləri sökmək olar...

Elə elmlər var ki, onların sosialisti, kapitalisti olmur. Arxitektura, şəhərsalma da belədir. Sovet dövründə müəyyən təcrübə vardı. Düzdür, indi texnologiyalar dəyişib, hər şey yeniləşib. Bununla da razıyıq. Amma müəyyən şəhərsalma təcrübəsi vardı ki, ondan istifadə etməmək günah olardı...

Əvvəllər bir bina layihələşdirilərkən nələr nəzərə alınmırdı? Hətta otaqların normal işıqlanmasına qədər hər şeyi nəzərə alırdılar. İndisə necə gəldi, harada gəldi tikirlər...

Əslində örtük binalara bir modern görkəm verir. Gözəllik isə başqa şeydir. O, Baltik ölkələrindəki binalar kimi olur. İçərişəhər kimi olur...

Qərəz, vaxt keçəcək, şəhərin indiki rəhbərliyi də hər şeyi öyrənəcək. Amma bunun üçün nə qədər vaxt tələb olunacaq, nə qədər söküb-tikmək lazım gələcək? Bax, bunu deməyə çətinlik çəkirik...

HƏR YENİ OLAN HEÇ DƏ GÖZƏL DEYİL...

Sovetlərin də möhtəşəm şəhərləri vardı. Bunu danmaq olmaz. Moskvada hətta çay da xüsusi olaraq çəkilmiş qollar boyunca axırdı... Mən hələ Peterburqu demirəm. Elə Bakının özünün də təcrübəsi az deyildi. Düzdür, Bakıda yenicə inşa edilən evlərin əksəriyyəti o vaxt xüsusi arxitekturası olmayan panel evlər idi... Amma yenə də... Hər halda, bir Bakı şəhəri də vardı...

O Bakı şəhəri ki, bir şəhər kimi məhz sovetlərin vaxtında böyümüş, genişlənmişdi. İndi yaranan və tikilən yeni Bakı əvvəlkindən də gözəl olmalıdır. Bunun üçünsə öyrənmək lazımdır. Böyük şəhərlərin təcrübəsi kafi qədərdir. Öyrənəndə nə olar ki?..

Həm də bir detalı qeyd etmək lazımdır ki, binalar təkcə örtüklə gözəl olmur.

Əslində örtük binalara bir modern görkəm verir. Gözəllik isə başqa şeydir. O, Baltik ölkələrindəki binalar kimi olur. İçərişəhər kimi olur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.