Demokratiyanı düşünərkən...

Moskva olimpiadası - 1980

-

ƏN BÖYÜK MÜKAFAT AZADLIQ İDİ...

İnanın ki, qladiatorlar haqqında ilk dəfə nə vaxt oxuduğum yadımda deyil. Bəlkə də bu, beşinci sinifdə, «Qədim dünya tarixi»ni keçərkən olub. Bəlkə də bir az sonra, «Spartak» romanını oxuyarkən olub. Və yaxud da başqa vaxt, hansısa filmə baxarkən olub...

Bunu nədən xatırladım? Kədərli olsa da, bir aydan bir qədər az vaxt qalmış Avropa Oyunlarına hazırlıq qəribə «təbliğat şousu» ilə müşayiət olunur- elə bil, bu oyunların Azərbaycanda keçməsini istəməyənlər varsa, onlar yalnız demokratlar və dünyanın demokratiya institutlarıdır. Demək olar ki, hər gün demokratiya əleyhinə süjetlər verilir, QHT-lər yamanlanır, hansısa «beşinci kolon»un ardınca o ki var, deyinirlər...

Əcəba, nə olub? Nə baş verir? Sadə məntiq var: mən daim demokratları və demokratiyanı yamanlayıramsa, özüm də bilmədən etiraf edirəm ki, mən həmin düşərgədən deyiləm, özümü demokrat hesab etmirəm...

Əslində olimpiadalar, qitə yarışları bir idman, həm də azadlıq bayramıdır, o səbəbdən ki, burada həmişə azad iradə qalib gəlir: oyunlarda o kəslər udurlar ki, onlar həqiqətən də rəqiblərindən güclü, cəld və yaxud da ki, daha texnikalıdırlar...

Azadlıq olmayan yerdə idman bayramından danışmaq yersizdir. Elə ona görə də yazının əvvəlində qladiatorlardan misal gətirdim. Qədim Romada idmanı sevirdilər, amma bəlkə də idmandan da daha çox qladiatorları döyüşdürməyi sevirdilər...

Olimpiadalar, qitə yarışları bir idman, həm də azadlıq bayramıdır, o səbəbdən ki, burada həmişə azad iradə qalib gəlir: oyunlarda o kəslər udurlar ki, onlar həqiqətən də rəqiblərindən güclü, cəld və yaxud da ki, daha texnikalıdırlar...

Bu, azad insanların yarışı deyildi. Azad insanlar qulların yarışına, döyüşünə böyük bir əyləncə kimi baxırdılar. Təsadüfi deyil ki, bu oyunlarda qladiatorların qazana biləcəyi ən böyük nemət də elə azadlıq olurdu- cəsur və məğlubedilməz qladiatorları bəzən azad edirdilər. Bu, insan üçün ən böyük və ən dəyərli mükafat hesab edilirdi...

Deməli, hətta qədim Romada azadlığın dəyərini yaxşı bilirdilər. Azad vətəndaş heç bir vaxt azadlığı yamanlamazdı, ona qarşı danışmazdı, azadlıq hətta mülkiyyətdən belə artıq dəyərləndirilirdi. Belə olmasaydı, qədim dünyanın olimpiya ənənələri yaddan çıxar, unudulardı...

KİMLƏR AVROPANIN ƏLEYHİNƏDİR?

Bir az əvvəldə ərz etdik ki, ilk Avropa Oyunlarına çox az qalıb. Bir vətəndaş kimi bu oyunlara münasibətimiz necədir? Çox müsbət! Ona görə ki, həmin bu oyunları rəsmi təbliğatdan fərqli olaraq hakim partiyanın tədbiri hesab etmirik.

Bəs bir insan kimi bu oyunlara münasibətimiz necədir? Yenə də çox müsbət! Ona görə ki, insanlar oyunların keçəcəyi müddətdə maraqlı və yeni adamlarla təmasda olacaq, dünyanın ən güclü idmançılarını canlı olaraq seyr edə biləcəklər, əylənəcəklər, sevinəcəklər...

Burada pis nə var ki? Niyə biz-özünü demokrat və ya demokratiya tərəfdarı hesab edənlər oyunların əleyhinə olmalıdırlar?..

Yox, hökumət adamları da ürəklərinin dərinliklərində bilirlər ki, demokratlar heç də bu oyunların əleyhinə deyillər, onların Bakıda keçirilməsinə qarşı deyillər. Bunu hər bir hökumət adamı gözəl bilir...

Bir vaxtlar Cənubi Afrika Respublikasından söz düşəndə, hətta uşaqlar da deyirdi ki, bu, o qədər də yaxşı ölkə deyil, çünki orada Nelson Mandela kimi insanlar məhbəs həyatı yaşayırdılar...

Problem ondadır ki, onlar özlərinin problemlərini hamıdan yaxşı bilirlər-hazırda ölkədə demokratiyanın və azadlığın vəziyyəti yalnız təəssüf doğura bilər-ondan artıq seçmə insan oyunlar davam edəcəyi vaxtda məhbəsdə qalacaq.Dünya demokratları məhz bunun əleyhinədir. Doğrudanmı, bu insanları məhbəsdə qalması Azərbaycan üçün bu qədər prinsipial əhəmiyyət kəsb edir?..

HƏR BİR ANOLOGİYA QÜSURLU OLSA DA...

Mən burada analogiyalar aparmaq istəməzdim. Amma ölkə daxilində qınaq və bir növ tənbeh olduğu kimi, dünyada da beynəlxalq qınaq olur. Azadlığın tapdandığı, demokratiyanın boğulduğu ölkələr həmişə qınanır. Gənc nəsil bəlkə də bu məsələləri bilmir, amma bir vaxt SSRİ-də keçirilmiş olimpiada boykot olunmuşdu. Ona görə ki, SSRİ azad ölkə hesab edilmirdi. Bir vaxtlar Cənubi Afrika Respublikasından söz düşəndə, hətta uşaqlar da deyirdi ki, bu, o qədər də yaxşı ölkə deyil, çünki orada Nelson Mandela kimi insanlar məhbəs həyatı yaşayırdılar...

Hətta onu da deyək ki, SSRİ özü də belə «kampaniya»lar təşkil edirdi- Kuba kommunistlərini, Çili kommunistlərini müdafiə edirdi...

Burada siyasət vardımı? Təbii ki, vardı. Siyasət harada olmur ki? Məgər indi ağızdolusu demokratiyanı yamanlayanlar, QHT-ləri söyənlər və demokratları «beşinci kolon» hesab edənlər özləri siyasətlə məşğul deyillərmi?.. Məşğuldurlar, özü də hamıdan çox. Məhbəs həyatı yaşayan 15 siyasi məhbusu orada saxlamaq üçün heç bir zərurət yoxdur... Onların bir suçu var- o da indiki siyasi sistemə qarşı opponentlik etməkdir...

Bu insanlar nə Avropanın, nə də ki, Avropa Oyunlarının əleyhinədirlər, əslinə qalsa, onlar ölkənin avropalaşmasını və modernləşməsini hamıdan çox istəyirlər. Onların hakimiyyətdəkilərdən fərqi də elə məhz bundadır- hakimiyyət üçün bütün bunlar sadəcə bir oyundur, onlar üçün isə bu, on illərlə arzuladıqları röyadır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.