-
BİZ DƏ OXUMAĞA BAŞLASAQ...
Qəribə bir üzgünlük və bir az da xoş tənbəllik aşılayan bu yaz günlərində adamın qulağına sanki qeybdən səs gəlir. Özü də say-seçmə sənətçi, mərhum Səməndər Rzayevin diliylə: «Ayə, adam yazda neynəyər? Oxuyar, oynayar və dincələr!..».
Di gəl, oxumağımız təkcə ovqat və istək məsələsi deyil. Oxucular məni anlayar. Bundan ötrü bir xəlvəti yer dəlazımdır ki, adamın ovqatı tamam təlx olmasın... Axı, tutalım, mən də oxumağa başlasam, gərək bu ölkədə daha heç kəs yaşamaya...
Düzdür, bu, təkcə mənə, yəqin, Tanrının qanıqara vaxtında dünyaya göz açmış bir adama aiddir. Adamlar da var, onlar nəinki oxumalıdır, hətta bu adamların oxumaması böyük günah olardı...
İKİ TARİX...
Bir az giley, bir az da zarafat tonunda köklənmiş bu bir-iki cümləni niyə yazdım?
Ötən həftə - mayın 15-də keçmiş Sovetlər Birliyində baş vermiş ilk dinc inqilablardan birinin ildönümünü yaşadıq. 18 may da Laçının işğal günüdür –artıq 23 ildir gözdən uzaq qalsa da, könüldən uzaq olmayan Laçının...
Baxıb görürsən ki, təkcə siyasi olayların deyil, hərbi uğursuzluqların da pik
dövrü gəlib bu yaz-yay aylarına təsadüf edir. Aydın məsələdir. Bu aylar həm siyasətə, həm də hərbi əməliyyatlara çox əlverişlidir. Baxır, kim nəyə daha çox önəm verir...
O vaxtlar bir şüar çox dəbdə idi – «Qarabağın taleyi Bakıda həll olunur!»... Bakıda çox məsələlər «həll olundu», di gəl, Qarabağ məsələsi yox. Kim bilir, bəlkə sözügedən şüar da adisöz oyunu idi?
O vaxtlar bir şüar çox dəbdə idi – «Qarabağın taleyi Bakıda həll olunur!».
O şüarı ortaya atan insanların hansı arqumentlərə söykəndiyini bilməsəm də, həmin şüar, demək olar, bir neçə il boyunca, sözün əsl mənasında, siyasi proseslərin «lokomotiv»inə çevrildi: İnqilab oldu, ardınca əksinqilab gəldi, üç dəfə çevriliş və bir neçə dəfə çevrilişə cəhd oldu...
NƏLƏRSƏ HƏLL OLDU, AMMA QARABAĞ...
Sonrası? Sonrasını hamı bilir. Amma mənim yadımda qalan bu oldu ki, Bakıda çox məsələlər «həll olundu», di gəl, Qarabağ məsələsi yox. Kim bilir, bəlkə sözügedən şüar da adisöz oyunu idi?
Bilmirəm... Bildiyim yalnız odur ki, o vaxt hamı elə düşünürdü ki, Bakıda «bəzi məsələlər» yoluna qoyulsa, Qarabağ çox asanlıqla qaytarılacaq...
İndi - üstündən bir xeyli keçəndən sonra, 15 və 18 mayı düşünərkən, bilirsiniz, ağlıma nə gəlir? Deyirəm ki, o siyasət, elə sözün həqiqi mənasında, bir kələkmiş...
...Amma mayın 15-də biz hələ bunu bilmirdik. Çox güman, bir il sonra - 1993-cü ilin iyununda küçələrə çıxan insanların da bir qismi bunu bilmirdi...
Əslində, normal məntiqə görə, insanlar o vaxt Bakıda silahlanıb Qarabağa yollanmalı idilər, çünki döyüşlər orada gedirdi. Di gəl, hər şey, tamam-kamal, tərsinə olurdu - insanlar Qarabağda silahlanıb Bakıya gəlirdilər...
Niyə gəlirdilər? Sən demə, «niyə»ni bilmək üçün bir az artıq yaşamaq lazımmış...
Arabir, adam bağırmaq istəyir ki, yəni bizim tariximiz-təqvimimiz yalnız məğlubiyyətlərdən ibarət olacaq?
LAÇINIM, LAÇINIM, LAÇINIM MƏNİM...
İndi 15 mayı az adam xatırlayır. Hətta yazılı mediada bunu andıran bir şey tapmaq çox çətin işdir. Amma Laçının işğalını yada salırlar. Bilirsiniz, bu yerdə nə düşünürəm?
Düşünürəm ki, heç də həmişə böyük sənətkar olmağa ehtiyac yoxdur. Bəzən, elə adi sənətçinində nəyisə yadda qalır. Ən başlıcası, adi sənətçi də nəyisə yada salmağı bacarır...
Bəli, 15 maydan «Marselyoza» yaranmadı. Amma Laçının işğalından «Laçınım» mahnısı yarandı. Demirəm, çox böyük sənət əsəri idi. Demirəm, ilk ifaçı bənzərsizdir, bəlkə ondan da qat-qat yaxşı oxuyanlar tapılar... Bir onu deyirəm ki, «Laçınım” onun – mərhum Məhəbbət Kazımovun mahnısı idi, amma indi hamının mahnısına çevrilib...
Deyirlər, «dərd getməzdi, ardınca başqa bir dərd gəlməsəydi». Yəqin 15 may hadisələrinə görə də yanıb-qovrulanlar, ağrıyanlar var, amma... Amma Laçın dərdi onu bir növ unutdurur...
BİR TƏRƏFDƏ QƏLƏBƏ, O BİRİ TƏRƏFDƏ...
Arabir, adam bağırmaq istəyir ki, yəni bizim tariximiz-təqvimimiz yalnız məğlubiyyətlərdən ibarət olacaq? Amma nə etməli? Qələbə işvəli qadın kimidir, hamını özünə çəkir. Məğlubiyyətsə həmişə yetim uşaq kimi boynunu burub küncdə durur...
Mənə həmişə elə gəlib ki, yaz və yay axşamları kədərli olur, amma payız və qış axşamları öz kədərini gizlədə bilir. İndi mən də özümə bu yaz günü kədərli tarixləri xatırlamamaq sözünü versəm də, bacarmadım... Kədərimi gizlədə bilmədim...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.