Sevməyi bacarmırsansa...

Foto illüstrasiya

-

İNCİDİRLƏRSƏ, DEMƏK, SEVİRLƏR?

Bir-iki ilin söhbəti olar. Yazarlardan biri mənimlə ayaqüstü söhbətində dedi ki, oliqarx məmurlarımızın Azərbaycanı sevdiyinə inanıram, axı onların həyati maraqları birbaşa Azərbaycanla bağlıdır...

O vaxt həmin yazara cavab vermədim. Ona görə yox ki, deməyə sözüm yox idi. Yox, prinsipcə, söz tapmaq həmişə mümkündür...

Ona görə cavab vermədim ki, elə düşünənlər az deyil. Çoxları doğrudan da elə düşünür ki, oliqarx məmurlar Azərbaycanı hamıdan çox sevirlər.

Mənə qalsa, onların Azərbaycanı sevib-sevməməsini mübahisə mövzusuna çevirmərəm. Bu, prinsipcə, heç nəyi həll etmir. Sualı bir qədər dəyişsək, daha doğru olar: Oliqarx məmurlar bu ölkənin insanlarını sevirlərmi?

Bax, bu yerdə onların sevgisinə məni kimsə inandıra bilməz. Ona görə ki, məncə, oliqarxlar Azərbaycanın üstünü, təkini və sərvətini, dağını-daşını sevirlər, amma insanlarını yox!..

Sevmirsənsə, sevgiyə iddialı da ola bilməzsən. Sevməyi bacarmırsansa, sevilməyi də umma... Onlar - həmin oliqarx məmurlar siyasi mandatlarını bu ölkənin insanlarından alsaydılar, vəziyyət bir qədər başqa cür olardı. Ən azı, minnətdarlıq hissləri olardı...

Amma Azərbaycanda seçkilərin necə keçdiyi, hakimiyyətin nə cür formalaşdığı hamıya bəllidir və lirikaya qapılmağa ehtiyac qalmır... Axı heç kim sevgi ummaq üçün əvəz verməyib bu ölkədə...

İndi tolerantlıq deyərkən, Azərbaycan vətəndaşının ağlına yalnız etnik və dini qruplara münasibət gəlir... Bəli, burada hər şey qaydasındadır. Amma bu, hakimiyyətin işinin nəticəsidirmi? Əsla.

SEVGİ VƏ İCTİMAİ MÜNASİBƏTLƏR...

Demokratiya nəzəriyyəçiləri belə məsələlərə bir qədər fərqli yanaşırlar. Onların fikrincə, ruhani hisslərin dairəsini süni şəkildə genişləndirmək lazım deyil - sevgi elə hissdir ki, onu ictimai münasibətlərə şamil etmək olmaz. Bu halda daha düz və doğru davranış - sevgidən yox, tolerantlıq və qarşılıqlı dözümdən danışmaqdır...

Bu istiqamətdə vəziyyət necədir? Tolerantlıq, bəlkə də, azərbaycanlıların, xüsusən hakimiyyət mənsublarının ən sevimli sözüdür. Onlar, yeri gəldi-gəlmədi, bunu gözə soxur, hətta bu məsələdə Azərbaycanın dünyaya örnək ola biləcəyini deyirlər...

Bəli, Azərbaycan, bəlkə də, yeganə dövlətdir ki, burada multikulturalizm məsələləriylə bağlı ayrıca dövlət qurumu var. Di gəl, Azərbaycanı tolerant bir ölkə saymaq mümkünmü?

Nə deyək? Tolerantlıqdan danışa-danışa, bu ölkənin hakimiyyəti parlamentə bir nəfər də gerçək müxalifətçini buraxmadı, partiyaları formal, gərəksiz və «yurdsuz-yuvasız» qurumlara çevirdi, medianı budadı, insanların səsini boğdu, onların haqqını tapdadı, etirazları yasaqladı, bunahəvəsi, yumşaq desək, söndürdü...

Bütün bu sadalananların hamısı yüksək demokratiya şüarları fonunda, tolerantlıqla bağlı siyasi nəğmələrin müşayiətiylə baş verdi. İndi tolerantlıq deyərkən, Azərbaycan vətəndaşının ağlına yalnız etnik və dini qruplara münasibət gəlir...

Bəli, burada hər şey qaydasındadır. Amma bu, hakimiyyətin işinin nəticəsidirmi? Əsla. Belə münasibətlər uzun-uzun illər boyunca formalaşıb və bunun hakimiyyətin apardığı siyasətə elə bir dəxili yoxdur.

Bakının mərkəzində - Azadlıq meydanında on minlərlə insanın qatıldığı böyük mitinqlər olurdu. Bu mitinqlərdə nə bircə nəfərin burnu qanamış, nə də hansısa anlaşılmazlıq yaşanmışdı.

ÖZÜNƏİNAM SARSILDI...

Əslində, hakimiyyət illər boyu ölkənin insanlarına inamsızlıq aşıladı, onlarda yarımçıqlıq kompleksi formalaşdırdı. Təsəvvür edin, indi faktik olaraq, etiraz aksiyalarına icazə vermirlər. Verəndə də elə ucqarları və elə ünvanları göstərirlər ki, orada aksiya keçirməyə dəyməz. Səbəbini də belə izah edirlər ki, guya ki, bu, digər vətəndaşların təhlükəsizliyi üçündür...

Amma 80-ci illərin axırı və 90-cı illərin əvvəli yadıma düşür. O vaxt insanlar hələ totalitar quruluşdan yenicə çıxmaq ərəfəsində idilər və yaxud yenicə çıxmışdlar. Bakının mərkəzində - Azadlıq meydanında on minlərlə insanın qatıldığı böyük mitinqlər olurdu. Bu mitinqlərdə nə bircə nəfərin burnu qanamış, nə də hansısa anlaşılmazlıq yaşanmışdı.

O üzdən təbii suallar doğur: Azərbaycan vətəndaşları o vaxt daha tolerant idilər, yoxsa indi? Ovaxtkı tolerantlıq haradan qaynaqlanırdı? Bəlkə onu da indiki hakimiyyət yaratmışdı?

Bu yerdə bir daha xatırladım ki, tolerantlıq yalnız dini və etnik müxtəlifliyə dözümlü münasibət deyil, bütövlükdə fərqli davranış tərzinə və fərqli baxışlara dözüm göstərmək deməkdir. Bütün bunları Azərbaycanda, hələ ki, görə bilmirik və olsa-olsa arzulaya bilərik.

TƏSADÜFLƏR ÇOX DEYİLMİ?

Rəsmilər deyirlər ki, bizdə fərqli baxışlara dözümsüzlük yoxdur. Bəlkə də belədir...

Amma fərqli baxanların yolu tez bir zamanda məhbəsdən keçir. Bu, təsadüfdürmü?

Təsadüfdürsə, niyə bu təsadüflər şübhəli dərəcədə çoxdur? Niyə hakimiyyəti azca tənqidə tutanların çoxu bir göz qırpımında «ictimai baxımdan təhlükəli və qüsurlu şəxs»lərə çevrilirlər? Varmı bu sualın cavabı?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.