Bayramlar sovuşdu, əfv olmadı...

Siyasi məhbuslar

-

HAQLI ÖZ HAQQINI SÜBUT EDİNCƏ...

Burada bayramlar həm də nicat günü olur. «Nicat günü» ifadəsi sizi çəkindirməsin. Bu ölkədə onsuz da çox şey hakimiyyətin mərhəmətinə qalıb.

Hər bayram ərəfəsində ilk yada düşənlər siyasi məhbuslar olur və bunu etiraf etmək lazımdır. Demirəm ki, siyasi məhbuslar lap çoxdur və onların problemi bütün bayramlara bəs edir. Yox, elə deyil, ancaq on milyonluq xalq və çox kiçik bir dövlət üçün yetərincədir...

... Siyasi səbəblərdən həbs edilənlərin doğmaları və dostları hər bayram ərəfəsində xəbər proqramlarını yalnız ona görə izləyirlər ki, əfv olub-olmayacağını bilsinlər. Mayın ilk on günü, həmişə olduğu kimi, çox təntənəli keçdi və xeyli əsas vardı ki, hakimiyyət mənsublarının ürəyi yumşalsın. Di gəl, yumşalmadı, çünki yumşalsaydı, əfv olardı...

Bəlkə ona görə də olmadı ki, məhbusların bir hissəsi əfv ərizəsi yazmaqdan, hələ ki, qəti şəkildə boyun qaçırır. Onları anlamaq elə də çətin deyil. İnsanlar bağışlanmalarını deyil, qanuni şəkildə azadlığa buraxılmalarını istəyirlər, çünki özlərini günahsız sayırlar. «Sayırlar» deyəndə ki, onların böyük əksəriyyətinin günahsızlığı nə yerli, nə də əcnəbi ictimai fəallarda şübhə doğurur...

Amma nə etmək olar? Bu ölkədə haqlının haqlı olduğunu sübut etməsindən ötrü, kim bilir, nələrdən keçmək lazım gəlir?!.

Mayın ilk on günü, həmişə olduğu kimi, çox təntənəli keçdi və xeyli əsas vardı ki, hakimiyyət mənsublarının ürəyi yumşalsın. Di gəl, yumşalmadı, çünki yumşalsaydı, əfv olardı...

BİR YANDAN HAMININ BAYRAMI, O BİRİ YANDAN...

Təsəvvür edin, ölkə böyük bir idman bayramı ərəfəsindədir. Deyirlər ki, bu, hamının-bütün cəmiyyətin bayramıdır. O üzdən düşünmək olardı ki, siyasi məhbusların azad edilməsi üçün bundan düşərli məqam ola bilməz...

Amma təəssüf ki, həmrəy olmaq, «bir nöqtəyə vurmaq» bu ölkədə yalnız idarə olunanların öhdəliyidir. Hakimiyyətsə cəmiyyətə münasibətdə özünü hər hansı öhdəliyin daşıyıcısı saymır.

Aydındır ki, həmişə belə davam edə bilməz və həyatın özü bunu göstərir. Məsələn, həftəsonu Türkiyənin sabiq prezidenti Kenan Evren vəfat etdi...

Başqa vaxt bu hadisə, bəlkə də, bir o qədər diqqət çəkməzdi, amma indi, sözün əsl mənasında, demək istədiklərimizə tutarlı arqumentdir...

HAMISINDAN SORUŞMASALAR DA...

Kenan Evren hərbçi idi. Onun hərbi və siyasi fəaliyyəti hamıya bəllidir. Bəli, bu adam Türkiyədə, əslində, repressiyalar aparmışdı. Üstündən, az qala, 30 il ötəndən sonra ictimai-siyasi fəallar onun məsuliyyətə cəlb edilməsinə nail oldular... Bu o qədər də trivial və tez-tez təsadüf olunan hadisə deyil. Bir vaxt Polşada da ictimai fəallar general Wojciech Jaruzelski-nin evinin qarşısında aksiya keçirir və onun məsuliyyətə cəlb olunmasını istəyirdilər. Di gəl,polyak fəallar heç nəyə nail ola bilmədilər. Qoca general ömrünü ciddi siyasi təpkilər olmadan, sakitcə başa vurdu...

...Çilidə də fəallar general Augusto Pinochet-i məsuliyyətə cəlb etdirə bilmədilər. Mən hələ sabiq Misir prezidenti Hosni Mubarak-ı demirəm!.. Hələ Rusiya prezidenti Boris Yeltsin-in hansı şərtlərlə istefaya getdiyini yada salmıram. Amma general Evren məsuliyyətə cəlb olunmuşdu və bunu Türkiyənin demokratiyaya sayğı göstərən bütün insanlarının qələbəsi saymaq olardı...

Hər yerdə və həmişə olmasa da, hər halda hər hərəkətin bir sorğu-sualı olur. Günün birində siyasətçilər də öz hərəkətlərinə izahat verməli olurlar...

Düzdür, Kenan Evren də özünə bəraət qazandırmaq üçün çox arqumentlər gətirirdi. Hətta ölkənin böyük vətəndaş savaşı ərəfəsində olduğunu söyləyirdi. Deyirdi ki, sağçılarla solçular qarşısıalınmaz savaşa doğru gedirlər...

Amma türkiyəlilər bu arqumentləri tutarlı saymadılar və general Evren-ə öz məşhur deyimini xatırlatdılar: «bir nəfər sağçılardan, bir nəfər də solçulardan öldürdük...».

QƏDDARLIĞI HEÇ NƏ DOĞRULTMAZ!..

...Qərəz, türkiyəli general məsuliyyətə cəlb olundu və hətta onu təmtəraqla dəfn etmək belə məsləhət görülmədi...

Özlüyündə bu hadisə nə göstərir? Göstərir ki, hər yerdə və həmişə olmasa da, hər halda hər hərəkətin bir sorğu-sualı olur. Günün birində siyasətçilər də öz hərəkətlərinə izahat verməli olurlar...

Amma bu da hələ hamısı deyil. Əslində, general Evren Türkiyədə Pinochet-in Çilidə etdiyini etmiş vəölkəni solçuların xaosundan qurtarmışdı.

Amma insanlar bunu da arqument kimi qəbul etmədilər. Bəli, ölkə və onun konstitusion əsasları qorunmalıdır - ordu həm də bunun üçündür, amma...Amma siyasi məsələləri siyasətçilərin öhdəsinə buraxmaq lazımdır. Siyasət və ona yaxın məsələlər parlamentdə, seçki məntəqələrində çözülməlidir.

Hətta ən prinsipial məsələlər də repressiyalara əsas verə bilməz, çünki elə bir gün gəlir ki, cəzalar da soruşulur. Düşünürlər ki, Pinochet-dən soruşulmadı, Jaruzelski-dən soruşulmadı, hətta Yeltsin-ə birinci prezident kimi toxunulmazlıq verildi. Düzdür. Amma general Evren-dən soruşuldu...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.