-
İSTANBULU GÖRÜR, ŞUŞADA DOLAŞIRAM...
Yox, bu dəfə nağıl olmayacaq. Göydən üç alma da düşməyəcək. Axı bütün nağıllar, bir qayda olaraq, «happy end»lə, yəni xoşbəxt sonluqla bitir. Amma mənim başlamaq istədiyim nağıl hələ bitməyib, davam edir...
...Dünyada iki şəhər var ki, oralara heç ayaq basmamışam. Amma o iki şəhər daim yuxularıma girir. Bilirsiniz, lap möcüzəyə bənzəyir - heç bir vaxt olmadığın, hətta yaxınlığından ötmədiyim şəhərlər gəlib sənin yuxularına girir!..
O yuxularda qeyri-adi və təzə bir şey görmürəm. Hamısı dost-tanışın danışdıqları və televiziyada gördüklərimdir. O eşidib-gördüklərim və oxuduqlarım bir yuxu olub mənim dünyama qayıdır. Beləcə, yuxuda da olsa, iki şəhəri – İstanbulu, bir də Şuşanı dolaşıram...
İstanbul sarıdan arxayınam. Nə ola bilər, axı? İllər ötəcək, mən də bir gün olmayacağam, amma bu əzəmətli orta əsrlər, həm də erkən ortaçağ şəhəri elə yerində qalacaq. Üstəlik, ürəyimdə bir ümid də var ki, nə vaxtsa İstanbulu mütləq görəcəyəm!.. Amma bunu Şuşa haqqında deyə bilmirəm. Şuşa qayıdacaqmı? Və yaxud Şuşaya qayıdacağıqmı? Bilmirəm...
HEÇ DƏ HƏR ŞEY DEYİLƏN KİMİ OLMAYIB...
Bilirsiniz, əvvəllər 9 May - Qələbə bayramına tam normal bir münasibətim vardı. Düzdür, sonradan oxudum ki, əslində, Reyxstaqa bayraq aprelin 30-da sancılıb, mayın 3-də də Berlin sovet qoşunlarının nəzarətinə keçib...
...Hətta belə bir şey də oxudum ki, demə, Reyxstaqa bayraq sancanlar da on illər boyunca tam yanlış tanıdılıb - bayrağı rəsmi versiyadakı kimi, heç də Yegorov və Kantaria deyil, başqaları sancıblar...
Bu qələbə nə qədər cəhd etsək, nə qədər çalışsaq da, əslində, bizim qələbəmiz deyil - onun sahibi Rusiya və o ölkənin adamlarıdır...
Amma yenə də bu bayram mənim gözümdə öz önəmini qoruyurdu, axı Qələbə bayramından söhbət gedir. Onu, ən azı, ona görə qələbə saymaq lazımdır ki, bu müharibənin qurtarması bir millətin - yəhudilərin qırılmasına son qoydu. Di gəl, sonradan elə bir olay baş verdi ki, həmin bayram tam gözümdən düşdü - mayın 8-də, 1992-ci ildə Şuşa işğal olundu...
PORT-ARTUR ÇOX UZAQ, QARABAĞ YAXIN...
Bu vaxtadək Port-Artur döyüşlərindəki qələbədən, faşizmə qarşı savaşa maddi və mənəvi töhfədən qürur duymuş və bununla öyünmüşük. Bəs Qarabağdakı və ya Şuşadakı qələbəmizlə nə vaxt öyünəcəyik?..
İllər keçəcək, faşizm üzərindəki qələbədə payımız tamam unudulacaq. O vaxt, bəlkə də, yalnız peşəkar tarixçilər biləcək ki, bəli, 15 respublika varmış, Bakı nefti olubmuş...
Bu qələbə nə qədər cəhd etsək, nə qədər çalışsaq da, əslində, bizim qələbəmiz deyil - onun sahibi Rusiya və o ölkənin adamlarıdır... Hətta Joseph Stalin də qələbə münasibətiylə birinci qədəhi rus xalqının sağlığına boş yerə qaldırmayıb!..
Bunu qısqanmağa da dəyməz. Axı, aşağı-yuxarı, elə belə də olmuşdu.
Unutmaqla qələbə gəlməz. Unutduqca o qələbə bizdən uzaqlaşar, dənizdəki qayıq kimi tam gözdən itər...
O GÜLLƏLƏR SOVET GÜLLƏSİYDİ...
Qayıdaq Şuşaya... Şuşanı işğal edənlər oraya tanklarla girmişdilər. Bu tanklar onların deyil, sovet tankları idi. Orada atılan güllələr də sovet gülləsi idi...
İndi formal məntiqə görə, mayın 8-də ağlamalı, 9-da gülüb-sevinməliyik! Mümkündürmü bu? Belə bir şey ola bilərmi? Mən bir yana, azca məntiqi olan adam bunu qəbul edərmi?
Təsəvvür edin, hər il 9 Mayda elə canfəşanlıq edilir ki, Şuşanın işğalı tamam unudulur. May ayı girər-girməz, başlayırlar köhnə sovet filmlərini göstərməyə və faşizm üzərindəki böyük qələbədən danışmağa...
Yox, istehza etmirəm. Olsun. Amma Şuşanı da unutmaq olmaz, axı! Hətta onu da anlayıram ki, böyük qələbəyə və əslində, hər hansı qələbəyə iddialılar həmişə çox olub. Məğlubiyyətlər – yenilgilər həmişə yiyəsiz, həmişə yetim və kimsəsizdir...
Anlayıram, millət qələbə istəyir. Buna haqqı da var. Amma unutmaqla qələbə gəlməz. Unutduqca o qələbə bizdən uzaqlaşar, dənizdəki qayıq kimi tam gözdən itər... Və ümid yalnız nağıllara və göydən düşən 3 almaya qalar...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.