1 May absurdu...

Moskvada 1 May nümayişi - 1986

-

BİR AZ KOLBASA, BİR AZ ÇAXIR...

Bəzən insanlar ən qəliz, ən əlverişsiz durumlardan da onları çox özünəməxsus şəkildə modifikasiya edərək, bir az da «özünküləşdirərək» çıxa bilirlər...

Bunu mayın 1-də düşünməyim heç təsadüfi deyil, axı sovet rejimi də bir çox məsələləri mahiyyətindən tam ayıraraq fetişləşdirməyi bacarırdı.

Təbii ki, o dövrdə də işçi insan - zəhmətkeş adam, əslində, siyasi sistemin idarəçiliyinə qatılmırdı. Amma üzdə və sözdə hər şey onun adından və guya onun üçün edilirdi - şüarlar deyilir, qərarlar çıxarılır, böyük tədbirlər, hətta nümayişlər keçirilirdi...

Belə tədbirlərdən biri də 1 May idi. İndi adam istəsə də, az-maz yalan danışa və özünü, bəziləri kimi, lap uşaqlıqdan sovet rejiminin qatı əleyhdarı kimi göstərə bilmir. Bacarmır bunu, üstəlik, buna ehtiyac da qalmayıb...

Etiraf edirəm ki, o vaxtlar 1 Mayı səbirsizliklə gözləyirdim. Birincisi, o gün dərslər olmurdu, bayram və mütləq də nümayiş keçirilirdi...

İkincisi, o günə ayrıca hazırlaşırdıq. O hazırlıqları ki «böyük əmi»lər, məktəb müəllimləri və direktorlar, bir sözlə, yaşlılar görürdü, onların bizə heç bir dəxili yox idi...

Yaşlı insanlar nümayişə qatılmaq üçün bizi Əli Bayramlıya - indiki Şirvan şəhərinə aparardılar. Orada bizə verilən portret və plakatları götürərək, meydandakı tribuna qarşısından keçirərdilər...

...Amma bu bayrama məxsusi «hazırlıqlarımız» da olardı. Hələ 1 Maya günlər qala, ata-analarımızdan bir az pul qoparardıq...

Sonra da nümayişi birtəhər və tələsik başa vuraraq, mağazalara cumardıq. Oradan bir az kolbasa, bir az çaxır alıb, Hacıqabulla indiki Şirvan arasındakı təpəciklərdən birinə çəkilər və bir az kolbasadan, bir az da çaxırdan dadaraq «zəhmətkeşlərin bayramı»nı qeyd edərdik...

Sovet hakimiyyətinin beş illiyinə həsr olunmuş plakat.

«12 MARKA» SÖHBƏTİ...

Əslində, 1 Mayı sovet kommunistləri düşünməmiş və onun «müəllifləri» Rusiya kommunistləri olmamışdı. Amma sovet rejimi həmin günü özünün çox mühüm tədbirləri, hətta olmazsa-olmazları sırasına daxil etmişdi...

Nə gizlədim, bizim özümüzün – o vaxtın yeniyetmə və gənclərinin bir çox məsələlərlə bağlı təsəvvürləri yetərincə kasad idi. Elə biz də düşünürdük ki, dünyada kapitalist olmaqdan böyük xoşbəxtlik yoxdur. Təsəvvür edin, minlərlə insan sənə çalışır və sən sərvət içində üzürsən!..

Bəli, işçi və sahibkar dünyasından bilgilərimiz bu qədər idi. Axı o vaxt əsl sahibkar bir yana, əslində, heç adi mülkiyyətçi də görməmişdik. O zamanlar insanların, uzağı, bir bağçası olar və hamı da deyərdi ki, maşallah, filankəsin yaxşı bağı var...

Şəxsən mənim kapitalist aləmi barədə təsəvvürlərim bir filmdən sonra formalaşmağa başladı. O filmdən sonra sovet təsəvvürlərim laxladı.

Hələ də o filmin nə əcəb göstərilməsini düşünürəm. Qərəz, filmdə belə bir epizod vardı: İri kapitalist - onlarla zavodu, müəssisəsi olan bir insan oğluna deyir: «Sən elə bilirsən bunlar mənim üçündür, yox, bunlar Almaniya üçündür, onun insanları üçündür. Mənə gündə 12 marka da yetər...».

Bəli, bu «12 marka» söhbəti məni çox düşündürdü. Sonra yavaş-yavaş başqa detallar gəldi. Məlum oldu ki, ABŞ milyarderləri tətillərdə uşaqlarının boş-boş avaralanmaması üçün onları öz şirkətlərində kiçik işlərdə çalışdırırlar...

Bakı

«DƏMİR PƏRDƏ»DƏN SIZANLAR...

Bu təsəvvürlərin bizə necə gəlib çatmasını düşünərkən, ağlıma gəlir ki, hətta sovet rejimi kimi total bir şəbəkə də hər şeyi nəzarətdə saxlaya bilmir, mütləq hansısa informasiya, hansısa bilgi onun çatlarından sızırdı...

Sonra həyat elə gətirdi ki, kapitalizmi də gördük və bizdə dərhal sual yarandı: axı kim deyir ki, sahibkarlar işləmir, tər tökmür?..

Bəlkə də hansısa azərbaycanlı oliqarx-məmur həqiqətən çalışmır və bizneslə məşğul olmaq əvəzinə siyasətə qurşanır. Bunda qeyri-adilik də axtarmağa dəyməz, çünki onun biznesi siyasət üstündə qurulub - vəzifə ala bilsə, biznesi də olacaq...Başqa sözlə, bunu da inkar etmirik ki, tər tökmədən də milyonlar qazanmağın mümkün olduğu dövlətlər, ölkələr də var...

Amma əsl sahibkar, əsl işçi çalışar. Özü də hər gün, hər saat çalışar. O üzdən, nə qədər uşaqlıq xatirəsi hopsa da, indi biz də etiraf edirik ki, 1 Mayın çiyninə yükləmək istədikləri simvolika, əslində, bir «absurd teatrı»dır...

Normal ölkələr kapitalist və proletarlardan ibarət olmur, zəhmətkeşlərdən təşkil edilir. Ona görə də, belə ölkələr həmişə öz sərvət və maddi nemətlərinin bolluğu, qayda-qanunlarının düzəniylə bizi təəccübləndirir. Təsadüfi deyil ki, belə ölkələrin adı gələndə, hamımız eyni cür davranır - sakitcə köks ötürürük...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.