Iki Əliyev...

İntiqam Əliyev

.

(Bir etüd)

Məkan: Bakı şəhəri
Zaman: saat 17-19-radələri.
Yazarguşəsi: mətbəx masası.

ANA ÜRƏYİ-DAĞ ÇİÇƏYİ
Limonlu piroq bişirirəm.
Limon xeyirli şeydir.
Amma uşaqlar onu sevmirlər.
Barı, piroqda yesinlər...

YAŞASIN MƏTBƏX!
Hə, mətbəxdə paralel çalışıram.
Gah bişirirəm, gah yazıram.
Hərdən yazılardan süzülən acılar yeməyin dadını dəyişir.
Hərdən də yeməkdən süzülən ətir yazıların dadını artırır.
Beləcə, 4 aydır exchange-də, yəni dəyiş-düyüşdəyəm...

“MAVİ GÖZLÜ DİV”
Hə, indi Nazim Hikmət demiş, durub düşünürəm...
O böyük şair - “mavi gözlü div” dəniz sahilində düşünürdü, mən adi bir jurnalist - evdə...
Məkan: Bakı şəhəri
Zaman: saat 17-19-arası.
Yazarguşəsi: mətbəx stolu.
Limonlu piroq bişirirəm...
Narahatam.
İntiqam Əliyev məhkəmədədir.
İlham Əliyev ailəsi ilə idman sarayında...
..İntiqam Əliyev 7 il 6 ay iş aldı.
İlham Əliyev bundan xəbərsiz.

İKİ ƏLİYEV
İki Əliyev...
Biri hökm edir.
O biri məhkum.
Biri ölkələr dolaşır.
O biri məhkum.
Biri möhkəm qorunur.
O biri zatən məhkum...
Birinin övladları, ömür yoldaşı göz yaşı içində.
O birininkilər hallarından məmnun.
Birinin hər günü, hər saatı hesablanıb.
O birinin nə saatı var, nə hesabı.
İki Əliyev...
Biri İlham, o biri İntiqam.
İki Əliyev.
İki fərqli tale...

BİR DİLİM LİMONLU PİROQ - AZADLIQ PİROQU
Oturub yazıram.
Yazmaya bilmərəm.
Məkan: Bakı şəhəri
Zaman: saat 17- 19-radələri.
Yazarguşəsi: mətbəx masası.
Limonlu piroq bişirirəm.
Ətri hər yana yayılıb.
Kaş bu piroqdan İntiqam müəllimə bir dilim pay verəydim!
“Azadlıq piroqu” adı ilə.
AzadlıqRadiosu adındanazadlıq istəyi ilə.
Onda yeyərdi!
Mütləq yeyərdi...
Bilirəm, ancaq verilişlərdə görüşsək də, xətrimi çox istəyir.
Xətri əziz olsun!!!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.