İngiltərənin Kembric əyalətindəki cərrahlar Avropada ilk döyünməyən ürək transplantasiyasını uğurla həyata keçiriblər.
Ürək transplantasiyalarında adətən beyni ölmüş, lakin ürəyi hələ də döyünən donorun orqanından istifadə edilir.
Lakin Kembric əyalətindəki Papvort xəstəxanasında 60 yaşlı Londonlu Hüseyin Ulucana köçürülən ürək artıq dayanmışdı.
Həkimlər deyirlər ki, bu əməliyyat ürək transplantlarının çatışmazlığını 25 faiz azalda bilər.
2008-ci ildə infarkt keçirmiş Ulucan deyib ki, əməliyyatdan əvvəl yeriyə bilmirmiş və çətinliklə nəfəs alırmış.
İndi, əməliyyatdan bir neçə həftə sonra Hüseyin Ulucan özünü normal hiss etdiyini bildirib.
Riskli əməliyyat
Ötən 12 ay ərzində Britaniyada 171 ürək köçürülməsi əməliyyatı aparılıb.
Ekspertlər bildirirlər ki, ürək transplantlarının çatışmazlığı problem ildən-ilə pisləşir.
Bir çox xəstələr köçürülmə üçün ürək olmadığından dünyalarını dəyişirlər.
Ürək döyüntüsü dayanmış donorların böyrəklərindən, qara ciyərlərindən və başqa orqanlarından köçürülmə üçün istifadə edilir, lakin dayanmış ürəyin özünün köçürülməsi indiyədək çox riskli əməliyyat sayılır.
Yeni tətbiq olan prosedur əsasında donorun ölümündən 5 dəqiqə sonra ürək yenidən işə salınır, ona və başqa mühüm orqanlara donordan çıxarılmadan insan bədəni temperaturunda qan verilir.
“Ürək qutusu”
Aparıcı transplantasiya cərrahı Stephen Large deyir ki, onlar dayanmış ürəyi yenidən işə salmış və onun 50 dəqiqə ərzində döyünməsini təmin etmişlər.
Bundan sonra orqanın köçürülmə üçün yararlı olduğu barədə qərar qəbul edilib.
Yalnız bu qərardan sonra ürək donordan götürülüb və “ürək qutusu” adlı cihaza yerləşdirilib.
Bu cihazda ürək daha 3 saat ərzində qidalandırılıb və gücləndirilib və yalnız bundan sonra köçürülmə əməliyyatına başlanıb.
Ekspertlər deyirlər ki, “orqanın saxlanması” sistemi ilə ağ ciyəri, qara ciyəri və böyrəkləri də işlək rejimdə saxlamaq mümkündür.
Döyünməyən ürəyin köçürülməsi əməliyyatlarına 1960-cı illərdən başlanılsa da, sonralar belə əməliyyatları aparmayıblar. Çünki belə transplantasiya əməliyyatlarından sonra xəstənin vəziyyəti sürətlə pisləşirdi.
Ötən il Avstraliya cərrahları ilk dəfə olaraq “ürək qutusu” texnikası ilə ilk döyünməyən ürəkköçürmə əməliyyatını uğurla həyata keçiriblər.
Hardasa döyünən ürək…
Orqan saxlayan cihazların istehsalçısı – ABŞ şirkəti TransMedics bildirir ki, hər bir əməliyyat üçün lazım olan aqreqat dəsti 200 min dollara başa gəlir.
Papvort xəstəxanasındakı əməliyyatı aparmış cərrahlar isə donorun ailəsinə təşəkkürlərini bildiriblər.
Onlar deyirlər ki, bu ailə Britaniyada ürək transplantasiyası cərrahiyyəsinə böyük töhfə vermiş olub.
Digər tərəfdən bu, donorailəsi üçün də təsəllidir. Onlar bilirlər ki, əzizlərinin ürəyi hardasa, başqa bir insanın köksündə döyünür.