Siyasi məhbuslar azad ediləcəkmi?

Foto: Arxiv

-

ÖLÜMLƏ OLUM ARASINDA...

Məhbusların həyatı nə qədər yüngülləşdirilsə də, onların saxlanma şəraiti nə qədər beynəlxalq norma və standartlara uyğunlaşdırılsa da, bu dünyada həyat var, ölüm var və bir də onların arasında olan məhbəs həyatı.

Elə bu üzdən yaxşı insanlar heç vaxt məhbuslardan dualarını əsirgəmir, bu həyatı yaşayanların islah olunmasını, ora təsadüfən və ya zorən düşənlərinsə azadlığa buraxılmasını arzulayırlar...

Böyük bayramlar ərəfəsində, adətən, əfv fərmanları imzalanır. İndi də ölkə növbəti böyük bayram ərəfəsindədir...

Ona görə insanlar yenə də ümidlidir. Ümidlər də ən çox siyasi məhbus statusu almış və yaxud da bu cür səciyyələndirilən insanlarla bağlıdır...

Onların dəqiq sayını demək çətindir. Bu, müəyyən mənada, hüquq müdafiəçiləri arasındakı konsensusdan asılıdır. Amma demək olar ki, hazırda təxminən 25 adam siyasi məhbus həyatını yaşayır...

HAMI HƏR ŞEYİ BİLİR, AMMA...

Bütün problemlərin öz tarixçəsi var. Bu problem də təxminən 1993-cü ildən başlayıb. Amma onun leqallaşması daha çox Azərbaycan Avropa Şurasına üzv olandan sonrakı dövrə təsadüf edir.

Azərbaycanda birbaşa siyasi maddələrlə, ictimai-siyasi fəaliyyətinə görə ittiham olunanlar yoxdur. Siyasi və ictimai fəallar, adətən, qeyri-siyasi maddələrlə məsuliyyətə cəlb edilirlər. Bununla hakimiyyət belə bir görüntü yaratmaq istəyir ki, guya ölkədə azad demokratiya və siyasi plüralizm şəraiti hökm sürür və insanlar siyasi baxışlarına görə təqib olunmurlar. Amma reallıq tam başqadır.

Bəlkə də bu reallığın ən bariz ifadəsi budur ki, beynəlxalq təşkilatlar lap əvvəldən belə «arqument»ləri qəbul etmir, siyasi təqiblərə son qoyulmasını və siyasi məhbusların azad olunmasını istəyirlər...

Bu maskarad kimə və nəyə lazımdır? Təbii ki, hakimiyyətdən başqa heç kimə lazım deyil. Onlara da ona görə lazımdır ki, bu üsullarla insanları qorxuda bilsinlər, onları mübarizədən çəkindirsinlər..

Bu tələblər gec-tez yerinə yetirilir. Amma bu, çox özünəməxsus bir şəkildə gerçəkləşir: ayrı-ayrı fərdlər hakimiyyətə əfv haqqında müraciət yazmayanadək azadlığa buraxılmırlar...

Beləcə, guya öz «arqument»lərinin doğruluğunu sübut etmək istəyirlər. Fəqət belə «arqument»lər, əslində, onların özündən başqa heçkimə lazım deyil - beynəlxalq təşkilatlar israrla kiminsə azad olunmasını tələb edirlərsə, bu o deməkdir ki, onlar həmin adamın siyasi baxışlarına görə təqib olunduğunu qəbul edir və onun azad olunmasını istəyirlər...

Yerli vətəndaşlar da əsl reallığı bilir, hakimiyyətin bu və ya başqa adamı niyə təqib etməsinin gerçək səbəblərini çox gözəl anlayırlar.

37-Cİ İL NİYƏ TƏKRARLANMIR?

Onda sual doğur: bu maskarad kimə və nəyə lazımdır? Təbii ki, hakimiyyətdən başqa heç kimə lazım deyil. Onlara da ona görə lazımdır ki, bu üsullarla insanları qorxuda bilsinlər, onları mübarizədən çəkindirsinlər...

Hakimiyyət «ürəyi istəyən qədər» repressiya apara bilmir. Məmurların içində elələri var ki, öz təfəkkür tərzinə görə 30-cu illərin məmurlarından çox da fərqlənmir. Belələri çox istərdilər ki, cəmiyyəti arzuladıqları şəkildə «təmizləsinlər»...

Di gəl, bacarmırlar, axı onların istəyinin önünü kəsən beynəlxalq təşkilatlar var - o qurumlar ki bəzən yerli siyasi və ictimai fəalların haqsız qınağına tuş gəlirlər. Amma iş burasındadır ki, həmin beynəlxalq təşkilatlar şəbəkəsi və onların nəzarəti olmasaydı, hər şey daha ağır ola bilərdi.

Məmurların içində elələri var ki, öz təfəkkür tərzinə görə 30-cu illərin məmurlarından çox da fərqlənmir. Belələri çox istərdilər ki, cəmiyyəti arzuladıqları şəkildə «təmizləsinlər»...

Təsadüfi deyil ki, məhz bu dövr ərzində - Azərbaycan Avropa Şurasına üzv olandan bəri yüzlərlə insan siyasi məhbus kimi azad edilib. Bunu kimin «aktiv»inə yazaq?

Sözsüz ki, yerli hüquq müdafiəçilərinin, ictimai-siyasi fəalların da əməyini unutmaq olmaz. Ən azı ona görə ki, təqib və həbslərlə bağlı məlumatları da məhz onlar beynəlxalq təşkilatların diqqətinə çatdırır və bu məlumatları bir növ aktuallaşdırırlar...

ƏVVƏLLƏR ÜMİDLƏR DAHA BÖYÜK İDİ...

Düzdür, əvvəllər ümidlər daha böyük idi. Hamı güman edirdi ki, bu cür monitorinqlərlə ölkədə siyasi məhbus problemi tam tükəndiriləcək. Ancaq belə olmadı. Hər dəfə yalnız müəyyən dövrün siyasi məhbuslarını, bəzi hallarda isə onların bir qismini azad etmək mümkün oldu...

Amma problemin özü qaldı və indi də qalmaqda davam edir. Bunun üçün mövcud siyasi məhbusların azad olunması zəruridir, amma yetərli deyil. Ölkədə ciddi siyasi islahatlar aparılmalı, demokratik institutlar yaranmalıdır...

Elə insanların təqib və həbs olunmasının da səbəbi budur; onlar məhz belə islahatlar tələb edirlər. Tələb etməsəydilər, bunun uğrunda mübarizə aparmasaydılar, onlar da hər şeylə barışmış böyük əksəriyyət kimi bayramda öz yaxınlarının yanında olardılar...

Başqa nə demək olar? Ümid edək ki, az da olsalar və cəmiyyətin böyük kəsiminə çevrilməsələr də, ictimai fəalların mübarizəsi bir nəticə verəcək və siyasi məhbus həyatı yaşayanlar azad olacaq. Beləcə, ölkə də zamanla böyük siyasi islahatların astanasında dayanacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.