-
ƏRƏFƏ...
Bəlkə elə 20 Yanvar yetər ki, təkcə onun adının çəkilməsi Azərbaycanda tamam yasaqlansın. O, elə xatirəmizdə də daha çox həvəskar qələmindən çıxan «portret»lə - kiminsə ovaxtkı Mərkəzi Komitənin binası önündəki divara faşist svastikası fonunda çəkdiyi «portret»lə yadda qalıb...
Amma hər şey bir az əvvəl olmuşdu. Sovet İttifaqı dərin böhran keçirir və biri-birini əvəzləyən qoca və xəstəhal Baş katiblər elə biri-birinin ardınca da dünyasını dəyişirdi...
1985-ci ildə daha bir qocaman Baş katib - Konstantin Chernenko öləndə hamı anlayırdı ki, daha belə ola bilməz və qocaların siyasi olimpə yolunu kəsmək lazımdır. Amma heç kim bilmirdi ki, bu adam kim olacaq...
Qərəz, 1985-ci il martın 11-də Mikhail Gorbachev Baş katib seçildi. O, elə ilk çıxışlarını qəribə girişlə başladı. Dedi ki, belə gedə bilməz, mütləq yenidənqurma olmalıdır. Bu, az qala, ertəsi gün bütün qəzetlərin manşetinə və bütün xəbər proqramlarının ana xəbərinə çevrildi...
Amma heç kim anlamır və bilmirdi ki, nəyi yenidən qurmaq lazımdır. İnsanlar düz 6 il həmin suala cavab axtardılar... Onun nitqlərini izlədilər, sosializm düşərgəsində, daha sonra da SSRİ-nin özündə böyük proseslər başladı... Amma insanlar yenə də anlamadılar ki, əslində, SSRİ-ni dağıtmaq istəməyən bu adam nəyi və necə yenidən quracaq.
Məhz elə bu sual o vaxt Moskva vilayətinin başçısı çalışan Boris Yeltsin-in istefasına yol açmışdı. Vaxt o vaxt idi ki, sosializm düşərgəsində və SSRİ-nin özündə hələ mərkəzdənqaçma prosesləri yayılmamışdı. Hələ söhbət ərəfədən gedirdi...
O, SSRİ-Nİ DAĞITMAQ İSTƏYİRDİMİ?..
Amma proses başlanmışdı. Çox az müddətdən sonra sosializm düşərgəsi çökəcək və tendensiya SSRİ-nin özünə sirayət edəcəkdi...
O şeyi ki Gorbachev edə bilməmiş və bəlkə heç xəyalına da gətirməmişdi, o da baş verəcək və artıq Rusiyanın prezidenti olan Boris Yeltsin bir bəyanatla SSRİ-nin dağılmasını elan edəcəkdi...
O səbəbdən bu gün «Mikhail Gorbachev nə etdi» sualını cavablamaq çətin, bəlkə heç mümkün də deyil. Bir tək bunu demək olar ki, o, SSRİ adlı imperiyanı dağıtdı. İstəsə də, istəməsə də...
TƏLƏBƏLƏR NƏ UMURDULAR?
1985-ci ildə biz hələ Moskvadaydıq. Tələbə idik. Müəyyən tendensiyalar hiss olunsa da, bir az əvvəldə dediyimiz kimi, aydınlıq çatmırdı. Məsələn, bizlər -fizika fakültəsinin tələbələri nədən zəhləmiz getdiyini çox gözəl bilir və dərk edirdik. O vaxt anlaya bilmirdik ki, bu dövlətə fizik, geofizik və astrofiziklər lazımdır, yoxsa marksizm-leninizm mütəxəssisləri? Bunu anlaya bilmirdik və elmi kommunizmlər, ateizmlər tamam zəhləmizi tökmüşdü...
Bu baxımdan tələbələr nədən başlamağı, bəlkə də, daha yaxşı başa düşürdülər. Amma 6 il ərzində məlum oldu ki, Mikhail Gorbachev-in nəinki konsepsiyası, heç bir-iki sətirlik tezisləri də yoxdur...
ALMA-ATA, VİLNÜS, TBİLİSİ VƏ BAKI...
Nə etmək lazım gəldiyini hamıdan əvvəl müstəmləkələrdə - sosializm düşərgəsində və SSRİ-nin müttəfiq respublikalarında anladılar. Bəs Mikhail Gorbachev buna necə cavab verdi? Birinci Alma-Ata hadisələri oldu və daha sonra Vilnüs, sonra Tbilisi, sonra da Bakı qarışdı...
88-ci ildə artıq Bakıdaydıq. Az müddətdən sonra fövqəladə vəziyyətlər başladı. 1991-ci ilədək, az qala, Bakı həmişə fövqəladə vəziyyət şəraitində yaşadı – hərbi komendantlar bir-birini əvəzləyir, biz də sanki hərbi vəziyyət şəraitində yaşayırdıq...
İndiki gənclik, çox güman, bunu anlamaqda çətinlik çəkir. Amma təsəvvür edin, insan - özü də elmi işçi, axşam binanın həyətinə düşür ki, azacıq nəfəs alsın. Bəs nə baş verir? Əsgərlər onu tutur və elə ev paltarındaca «fövqəladə vəziyyət rejimini pozduğuna görə» aparıb təcridxanaya salırlar. İndi özünüz bu adamın ailəsinin həmin axşam nələr yaşadığını təsəvvür edin...
Daha sonra 20 Yanvar oldu. Biz Mikhail Gorbachev-i bir az da tanıdıq və bu yeni «xalqlar atası»nın bəzi millətlərə antipatiyasının şahidi olduq...
KİMSƏ BUNA NÖQTƏ QOYMALI İDİ...
Bunları inkar və ya hər şeyi inkar etmək cəhdi kimi anlamayın. İndi, bəlkə də, demək mümkündür ki, Mikhail Gorbachev olmasaydı, proseslər daha ağır və daha qanlı keçərdi...
Bunu etiraf edirik. Amma onun SSRİ-ni dağıtmaq planı yox idi. Sadəcə, proseslər elə güclü təkan almışdı ki, onları tənzimləmək üçün Gorbachev-in siyasi arsenalında daha heç nə qalmamışdı. Tutalım, burada-Azərbaycanda o, daha nə edə bilərdi? 20 Yanvardan da qanlı hadisə törətmək mümkün idimi?
Əslində, 20 Yanvar da bu təkanın qarşısını almağı hədəfləmişdi, amma bacarmadı. Daha sonra isə guya özünə qarşı çevrilişi bəhanə gətirərək, vəziyyəti bir daha geriyə qaytarmağa cəhd göstərdi. Halbuki bu gün əksər tarixçilər etiraf edir ki, o, təcrid olunmamışdı, onunla əlaqə kəsilməmişdi...
Amma gec idi. O proses ki artıq bir neçə il idi başlamışdı, bir nəfər onun nöqtəsini qoymalıydı. Nöqtə qoyan da Boris Yeltsin oldu...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.