ABŞ jest etdi, amma Azərbaycan susur...

Arxiv fotosou: ABŞ və Azərbaycan bayraqları

.

PROBLEM ƏSİRLƏRƏ MÜNASİBƏT İDİSƏ...

Düşünmək olardı ki, Ermənistanda “məhkəməyə” çəkilən azərbaycanlı əsirlərə qarşı ani etinasızlıq Azərbaycanın ABŞ-a münasibətini soyudan və iki ölkə arasında uzaqlaşmaya təkan verən əsas amillərdən biri idi...

Amma o da var ki, keçən il Kəlbəcərə səfər zamanı tutulan 2 nəfərdən biri Rusiya vətəndaşı olsa da, bu ölkə onun azad edilməsi üçün kəlmə kəsməyib. (Söhbət Dilqəm Əsgərovdan gedir. O, Rusiya vətəndaşı, Şahbaz Quliyev isə Azərbaycan vətəndaşıdır - red.) Yalnız bircə dəfə - Gümrüdə Rusiya əsgərinin törətdiyi insidentdən sonra Ermənistanda anti-Rusiya şüarları səslənərkən, xarici işlər nazir Sergey Lavrov bu amili yada salmağı vacib bildi...

Nə qədər ki Minsk Qrupunun həmsədrləri regiondan uzaqda olurlar, hamı onların qarasınca deyinir... Amma elə ki bu diplomatlar Bakıya səfər edir, onlara “gördükləri çox böyük işlərə görə” təşəkkür yağdırırlar...

Ancaq bu, nəinki Azərbaycanla Rusiya arasında hər hansı soyuqluq doğurub, əksinə, onların münasibətini, bəlkə də, daha sıxlaşdırıb.

ABŞ-a gəlincə, dərhal öz səhvini düzəldib. Bakıda səfərdə olan dövlət katibinin köməkçisi, daha sonra isə Ağ Evin mətbuat katibi girovların azad olunmasının vacibliyini bəyan ediblər...

AMERİKALI DİPLOMATA DA İRAD BİLDİRMƏK OLARDI...

Fevralın sonlarında Minsk Qrupunun amerikalı həmsədrinə iradları da şəxsən onun özünə bildirmək fürsəti yaranmışdı, axı amerikalı həmsədr Bakıya gəlmişdi...

Təbii ki, onun Bakıda telekanalların birinə müsahibəsi elə bizim də o qədər xoşumuza gəlmədi, çünki diplomat suallardan yayınmağa çalışdı...

Amma nə etmək olar, bu, təkcə amerikalı həmsədrin deyil, Minsk Qrupu həmsədrlərinin üçünün də, lap düzünə qalsa, cəmi diplomatların şakəridir. Onlar bəzən elə diplomatik manevrlərə əl atırlar ki, bunu seyr edən ən səbrli adamın da hövsələsi daralır...

Amma düşünürük ki, bunda Azərbaycanın da günahı az deyil. Nə qədər ki bu adamlar - Minsk Qrupunun həmsədrləri regiondan uzaqda olurlar, hamı onların qarasınca deyinir... Amma elə ki bu diplomatlar Bakıya səfər edir, onlara “gördükləri çox böyük işlərə görə” təşəkkür yağdırırlar...

Halbuki bu adamların özləri də indiyədək ciddi bir nəticəyə nail olmadıqlarını açıqca etiraf edirlər. Bəs, bu halda hansı xidmətlərinə görə onlara “təşəkkür”lər düşür?

Bax, bunu heç anlaya bilmirik. Əslinə qalsa, bu ölkədə çox şeyləri anlamaqda çətinlik çəkir, fikrimizi toplayıb Bakı ilə Vaşinqton arasında daha hansı anlaşılmazlıqların olduğunu yada salmaq istəyirik. Amma nə qədər çalışırıqsa, Vaşinqton tərəfdən ciddi bir nöqsan tapa bilmirik...

RƏSMİ BAKI NİYƏ RUSİYANIN YANINDA QƏRAR TUTDU?

Ona görə də bir fikirlə hesablaşmaq məcburiyyətindəyik: rəsmi Bakının indiki məqamda Moskvanın yanında olması,əslində, onun düz 22 illik siyasətinin nəticəsidir.

Hər dəfə Azərbaycanda seçki keçiriləndə hamıdan əvvəl Qərbi, ən çox da ABŞ-ı qınayırıq ki, bəs, elə etdilər, belə etdilər...

Amma onlar heç nə etmirlər. Onlar çox maraqlıdır ki, Azərbaycanda həqiqətən də düzgün və ədalətli seçkilər keçirilsin. Fəaliyyətdə bulunan, vurnuxansa bir tək Rusiya olur – bu ölkə siyasi texnoloqlarından tutmuş siyasi dəstəyinə qədər hər şeyi rəsmi Bakının sərəncamına verir...

Ermənistan ABŞ siyasətçiləri üçün erməni seçiciləri deməkdir. Gürcüstan Qərblə inteqrasiyada çox israrlı balaca xristian ölkəsidir. Azərbaycan isə nə seçkilərdə səs deməkdir, nə də balaca xristian ölkəsi. Üstəlik, Qərblə bütünləşməyə də can atmır...

O üzdən bir böyük seçkini izləyən təhlilçidə “Azərbaycan hakimiyyətinin arxasında kim dayanır?” sayaq suallar yaranmır. O özü hər şeyi yaxşı görə bilir...

Bu səbəbdən kimisə “Rusiya ilə əməkdaşlıq”da qınayanda həmişə deyirik ki, cənablar, tələsməyin və bir azca səbrli olun; siz ikibaşlı qartalın kölgəsini yenə lazım olan yerdə axtarmırsınız...

Qərəz, o məsələlər ki ən azı siyasi müşahidəçilərə lap aydındır, onların üzərində bir daha, xüsusən, təkrar-təkrar dayanmağa dəyməz: seçkilərdə bu hakimiyyətin baş “piarçı”sı rolunda həmişə məhz Rusiya çıxış edib...

Deməli, bəzi məsələlərə qətiyyən təəccüblənməyə dəyməz. ABŞ, sadəcə, rəsmi Bakı üçün uzaq qonşudur, amma Rusiya “qohum”dur - Qarabağın işğalının da, Ermənistanda girovlara qarşı qurulan “məhkəmə”nin də arxasında Rusiya dayansa belə...

ABŞ BÜTÜN BUNLARI CİDDİ QƏBUL ETSƏ...

Ən başlıcası, bilirsiniz, nədir? Ən başlıcası odur ki, Rusiyanın rəsmi Bakıya münasibəti olduqca dözümlüdür. Rusiya ilə bağlı “qorxu”-filan haqda söylənilənlər də bir əfsanədir və həqiqətə uyğun deyil, çünki qorxunun özü də bu ölkədə dərin məna kəsb edir və o, milli maraqlara təhdidlərdən yaranmır, rəsmi Bakı daha çox özünün siyasi taleyindən ehtiyatlanır...

İndi ABŞ siyasi jest etdi. Bundan sonra cavab jestini gözləmək çox məntiqli idi və çoxu da bunu gözləyirdi. Amma cavab gəlmədi və yaxud balans yenidən pozuldu və ABŞ-la münasibətlər yenə əvvəlki çevrəsinə qayıtdı...

Nə demək olar? Görək, bu “məğrur” siyasət nə vaxta qədər çəkəcək? Ən çox narahatlıq doğuransa odur ki, bir gün ABŞ-da bütün bunları ciddi qəbul edər və Azərbaycanla bağlı “kart-blanş”ı Rusiyanın əlinə uzadarlar...

Ona görə ki, Azərbaycanın ABŞ üçün, əslində, elə bir böyük önəmi yoxdur. Bu ölkə təkcə neft siyasəti ilə onlarca “aparıcı qara qızıl ölkəsi”ni, o cümlədən elə Azərbaycanın özünü, bircə anın içində “oyundankənar” vəziyyətə salıb. Adi diplomatik etiket xatirinə deyilən təmtəraqlı sözlərə isə çox da aludə olmağa dəyməz...

Ermənistan ABŞ siyasətçiləri üçün erməni seçiciləri deməkdir. Gürcüstan Qərblə inteqrasiyada çox israrlı balaca xristian ölkəsidir. Azərbaycan isə nə seçkilərdə səs deməkdir, nə də balaca xristian ölkəsi. Üstəlik, Qərblə bütünləşməyə də can atmır. Bir gün ABŞ-da deməzlərmi ki, cənablar, yollarımız artıq ayrılır, bəyəm bunu istəmirdiniz?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.