Bir fizikin kainatı...

Stephen Hawking-2012

-

BEŞ NOMİNASİYAYA TƏQDİM OLUNDU, AMMA...

Hamı onun «Oskar» alacağını düşünürdü. Söhbət «Hokinqin Kainatı» və ya, elə orijinalda olduğu kimi, «Hər şeyin nəzəriyyəsi» filminin rejissoru James Marsh-dan gedir. Film beş nominasiya üzrə «Oskar»a təqdim olunmuşdu, di gəl, yalnız bir nominasiyada - aktyor oyununa görə qalib çıxdı. Fizik Stephen Hawking-in rolunu oynayan aktyor «Oskar» aldı...

Bu yazını yazmaya da bilərdik. Amma istədik hərdən başımızı qaldırıb böyük dünyaya da baxaq, görək, böyük dünyada nələr olur, nələr baş verir? Axı ömrümüz boyu öz şirəmizdə qaynayası deyilik ki...

Düşünürük ki, Stephen Hawking, əslində, azərbaycanlı oxucuya yetərincə tanış addır. Mübaliğəsiz demək olar ki, Albert Einstein-dən sonra bu adam ən məşhur fizikdir...

Üstəlik, bu məşhurluğu təkcə özünün qeyri-adi fiziki ideyaları ilə qazanmayıb, həyat tərzi, tam iflic durumda dünya ilə yalnız internetlə bağlantı qurması da onu tanıtdırıb...

Rusiyada artıq bu filmə baxa biləcəklər. Bilmirik, bizdə nə vaxt olacaq? Düzdür, desələr ki, Azərbaycan telekanallarında bu film artıq göstərilib, heç təəccüblənmərik... Axıöz kanallarımıza, demək olar, baxmırıq..

Tələbəlikdən bu sual bizi tərk etmir: Tanrı nədən HƏYATı və İNSANı elə də say-seçmə sayılmayan kiçik bir ulduzun ətrafındakı kiçik planetdə yaratdı?..

ADİ ULDUZ VƏ ADİ PLANET...

Film haqqında çox maraqlı bir yazı oxuduq. Orada Stephen Hawking-in də sözləri qeyd olunmuşdu...

Böyük fizik deyir: «Biz heç bir özəlliyi ilə ayrıca diqqət çəkməyən, bir ulduzun çevrəsindəki kiçik planetin kiçicik sakinləriyik. Amma Kainatı anlamaq şansımız var. Bu, bəlkə də, bizi seçilmiş varlığa çevirən tək amildir».

Qərəz, heç nəyi diqqət oyatmayan kiçik ulduz, kiçik planet və bir də kiçik sakinlər... Amma bunu heç vaxt qəbul edə bilməmişik. Tanrı nədən HƏYATı - belə bir unikal hadisəni və İNSANı elə də say-seçmə sayılmayan kiçik bir ulduzun ətrafındakı kiçik planetdə yaratdı?..

Tələbəlikdən bu sual bizi tərk etmir. Təbii ki, o vaxt bu suala tamam başqa statusda - özünü Kainatın tədqiqinə həsr edəcək gənc bir tədqiqatçı kimi cavab axtarırdıq. İndi isə bu haqda elm və mədəniyyət xəbərlərini də izləyən adi jurnalist kimi yazırıq...

Amma sual suallığında qalır. Onun cavabı təkcə bizə qaranlıq deyil, dünyanın ən ünlü araşdırıcılarına da hələ tam məchul bir məsələdir: cavab indiyədək yoxdur, olsa-olsa, cavab cəhdləri var...

Təbii ki, həyat və insan unikal hadisədirsə, biz dünyanın ən adi, orta statistik ulduzu ətrafında dolanan adi planetdə yarana bilməzdik. Həyat unikaldırsa, burada nəsə var...

Yox, həyat unikal deyilsə, adi bir ulduzun çevrəsində dolanan adi bir planetdə də yarana bilirsə, deməli, başqa yerlərdə də həyat və ya həyatabənzər nəsə olmalıdır...

Hərdən adama elə gəlir ki, Ermənistanın bəzi urapatriot və millətçiləri ilə qonşu olmağımız bir millət kimi düzgün inkişafımıza əngəl törədir...

Bəs onda niyə onları tapa bilmirik? Niyə yadplanetlilərin axtarışı hələ heç bir nəticə vermir?..

BÖYÜK MƏHƏBBƏT HAQDA KİŞİK MƏSƏL...

Yenə də cavab yoxdur. Elə bu səbəbdən də elmdən bir daha filmə qayıdırıq. Dəfələrlə yazmışıq ki, ən böyük əsərlərin hamısı - istər kino olsun, istər ədəbiyyat, istərsə musiqi -bu əsərlərin hamısı böyük məhəbbət haqqında kiçik məsəl olur...

Film haqqında oxuduqlarımızdan belə anladıq ki, o da böyük bir fizikdən daha çox böyük məhəbbət haqqında melodramdır. Bu, bizə olduqca təbii göründü...

Amma yazını yazdığımız gün səhər tezdən istədik bir bizim telekanallara da baxaq. Kanalın birinin üstündə təzəcə dayanmışdıq ki, qulağımızı bir cümlə «deşdi»- «Kino yaxşı təbliğat vasitəsidir!»..Dərhal televizoru söndürdük. Ona görə ki, tamam yanlışdır, kino təbliğat aləti deyil, sənət olmalıdır...

O şey ki Azərbaycanda təbliğat kimi qəbul olunur, əslində heç o da təbliğat deyil, çünki təbliğat elmdir. Təbliğatla məşğul olanlar ən azı bilməlidirlər ki, onlartəbliğ etmək və yaymaq istədiyi fikri nəyə «büksələr» daha yaxşı olar?

Azərbaycanda bunu bilmirlər. O üzdən kino təbliğat kimi, təbliğatsa kino kimi qəbul edilir...

Hərdən adama elə gəlir ki, Ermənistanın bəzi urapatriot və millətçiləri ilə qonşu olmağımız, onlar tərəfindən həm də «ideoloji savaş»a cəlb edilməyimiz bir millət kimi düzgün inkişafımıza əngəl törədir, axı mübarizə apara-apara onlar kimi düşünməyə başlayırıq...

Bu, adamı çox qorxudur. Daha yaxşı olardı ki, şərlə mübarizə apara-apara Xeyri itirməyək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.