Qarabağı hansı ölkə qaytara bilər?

Ermənistan və Azərbaycan prezidentlərinin görüşü (Arxiv fotosu)

-

BƏZİ PARTİYALAR MƏTBUATDAN NİYƏ EHTİYAT EDİR?

Bəzi parlament partiyaları iqtidarla müxalifət arasındakı dialoqları, xüsusən Qarabağ probleminə həsr ediləcək gələcək məsləhətləşmələri mətbuatın iştirakı olmadan keçirməyi təklif edir. Bunu onların özlərini populist çıxışlardan və populist siyasi fiqur kimi görünməkdən sığortalamaq cəhdi kimi də yozmaq olar. Amma bir məqam olmasaydı: əsl vətənpərvərlik və əsl istiqlalçılıq heç vaxt populizm kimi yozulmayıb və bundan sonra da yozulmayacaq...

Əslinə qalsa, nə bu partiyalar, nə də onların liderləri cəmiyyət arasında heç vaxt populyar olmayıblar. Güman ki, özləri də bunun fərqindədirlər və səbəbini gözəl anlayırlar; parlament müxalifəti adlanan bu partiyaların parlamentdə cəmi bir deputatla təmsil olması, özü-özlüyündə, çox şey deyir və bu partiyaların liderlərinin barışıq və əməkdaşlıq çağırışlarının digər müxalifət partiyalarını da eyni siyasi aqibətə sürükləməkdən başqa bir şey olmadığını anlamaq üçün heç siyasətçi olmağa da ehtiyac yoxdur...

QARABAĞ NAMİNƏ BÜTÜN AZƏRBAYCANLA RİSQ ETMƏYƏ DƏYƏRMİ?

Təbii ki, dialoqlarda Qarabağ problemi kimi müzakirəsi vacib olan ikinci problem tapmaq çətindir. Bu, çox mühüm problemdir. İlk baxışda da belə bir təəssürat yaranır ki, ölkənin bütün partiyaları, həqiqətən, onun həllini istəyirlər. Amma sual doğur: Nəyin hesabına?

Təbii ki, dialoqlarda Qarabağ problemi kimi müzakirəsi vacib olan ikinci problem tapmaq çətindir. Bu, çox mühüm problemdir. İlk baxışda da belə bir təəssürat yaranır ki, ölkənin bütün partiyaları, həqiqətən, onun həllini istəyirlər. Amma sual doğur: Nəyin hesabına?..

Partiyalardan bəzisi bunun həllini yenə də Rusiya ilə inteqrasiyanın dərinləşməsində və hətta Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Birliyi adlanan təşkilata qoşulmasında görürlər...

Adlar bəzən adamı çaşdıra bilir. Fikirləşirsən ki, yəqin Avrasiya Birliyi və Gömrük İttifaqı MDB-dən fərqli qurumlardır. Elə Rusiyanın özü də bunu daha dərin inteqrasiyaya yol kimi təqdim edir.

Amma reallıq nə deyir? Ümid etmək olar ki, hətta hakimiyyət təmsilçilərinin özləri də razılaşar ki, Rusiya Qərbin kiçik iqtisadi həmləsinə belə davam gətirə bilmədi və bu ölkənin bundan sonrakı taleyi artıq analitiklərdən daha çox ekstrasenslərin və baxıcıların predmetidir.

Burada daha bir sual yaranır: məgər 1993-cü ildə - Azərbaycan MDB-yə üzv olarkən, Qarabağ probleminin həlli haqqında düşünmürdülər?

O vaxtın siyasi xadimlərinin ağlına gəlmirdimi ki, bu qurumla dərin inteqrasiya hesabına ölkənin bir nömrəli problemini - Qarabağ problemini həll etməyə çalışsınlar?

Təbii ki, onlar da bu haqda düşünürdülər. Təsadüfi deyil ki, o vaxtın yüksək çinli məmurlarınından biri Qarabağın qaytarılması müqabilində Azərbaycanın MDB ilə hərtərəfli inteqrasiyasını təklif etdiyini, amma Rusiyanın buna razılaşmadığını etiraf da etmışdı...

RUSİYAYA İNANMAQ OLARMI?

Arxiv fotosu

İndi, tutaq ki, Rusiyanın hansısa siyasətçisi Avrasiya İttifaqına və Gömrük Birliyinə qoşulmağın müqabilində Qarabağ problemini həll etməyin mümkün olduğunu deyib. Amma ona inanmaq olarmı?..

Ona qalsa, nüvə başlıqlarının (təxminən 1800 ədəd!) təhvil verilməsinin müqabilində Rusiya Ukraynanın təhlükəsizliyinə təminat verən ölkələrdən biri idi. Amma sonrası nə oldu? Ukraynanın ərazi bütövlüyünü Rusiyanın özü pozmadı?

Anlamaq lazımdır ki, Rusiyanın özü də elə vəziyyətdədir ki, əsla uzun illər ərzində Azərbaycanla Ermənistan arasında yaratdığı “balans”ı pozmağa cəsarət etməz.

Bunu Gürcüstanın sabiq prezidenti Mikheil Saakashvili BMT tribunasından gözəl ifadə etmişdi. O soruşmuşdu ki, Rusiya Qarabağın Ermənistana verilməsini istəyirmi? Elə özü də cavab vermişdi ki, istəmir. O soruşmuşdu ki, Rusiya Qarabağın Azərbaycana qaytarılmasını istəyirmi? Yenə də özü cavab vermişdi ki, yox, istəmir.

27 İL KEÇSƏ DƏ...

Münaqişənin başlanmasından artıq 27 il ötüb. Ancaq təəssüf ki, Rusiyanın Qarabağa ayırdığı missiyanı hələ də başa düşmürük. Anlamırıq ki, Qarabağ Rusiyaya Qafqazın iki dövlətini - Azərbaycanla Ermənistanı idarə etmək üçün lazımdır.

Ən son anda - başa düşəndə ki artıq nə Azərbaycanı, nə də Ermənistanı özünün siyasi orbitində saxlaya bilmir, bax o halda Rusiya Qarabağı birdəfəlik öz qarmağına keçirməyə çalışacaq...

Üstəlik, Rusiyadan qopacağı təqdirdə Ermənistan üçün Qərbdən siyasi dəstək almaq elə bir problem deyil.

Bu ölkə Rusiyadan ötrü geosiyasi “rıçaq” rolunu oynadığı kimi, həm də bir çox Qərb ölkələrindəki çoxsaylı erməni əsilli seçicilərin ikinci vətəni sayılır. Məsələn, ABŞ-ın Ermənistanla bağlı siyasəti birmənalı şəkildə bu faktorun üzərində qurulub - orada erməniəsilli seçicilər var və onlar ABŞ-dan Ermənistana dəstək verilməsini istəyirlər...

Elə buna görə də Rusiya Ermənistanı çox sıxışdıra bilməz, yoxsa Ermənistan öz “geosiyasi patronu”nu dəyişmək fikrinə düşər. Azərbaycan da, nə qədər təminat versə də, rusiyalı siyasətçilər heç vaxt inanmaz ki, bu ölkə birdəfəlik Rusiyanın orbitində qalacaq. Onlar buna inanmazlar, ən azı ona görə ki, bu ölkə əsrlərlə buna inanmayıb və inanmadığı üçün də həmişə Ermənistana dəstək verib...

ÜMİD ETMƏYƏ VƏ GÖZLƏMƏYƏ HƏMİŞƏ ƏSAS VAR...

Qarabağ probleminin həlli əhəmiyyətli dərəcədə dünya siyasətindəki ab-havadan asılıdır...

Təbii ki, problemi tamam müşkül bir məsələ kimi təsəvvür etmək də düzgün deyil. Amma etiraf etmək lazımdır ki, Qarabağ probleminin həlli əhəmiyyətli dərəcədə dünya siyasətindəki ab-havadan asılıdır.

İndi yeni bir situasiya yaranıb. Ukraynaya təcavüz etdiyinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Bu proses yeni bir siyasi konfiqurasiya yarada bilər.

Bütün hallarda azı 27 il gözləmək problem olmamalıdır. İndi xaricdən də Minsk Qrupu həmsədrlərinin sayca artırılması, Almaniyanın, eləcə də Türkiyənin həmsədr olması haqda çağırışlar eşidilir...

Əvvəldən bu fikirdəyik ki, Ukraynadakı münaqişə Rusiyanın digər postsovet ölkələrindəki münaqişələrə, o münaqişələrdəki roluna da aydınlıq gətirəcək.

İndi Angela Merkel də Qarabağ problemində Rusiyanın iştirakına işarə edirsə, bu haqda düşünməyə və bir az da gözləməyə dəyər: bəlkə Rusiya elə həqiqətən zəifləyəcək?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir