İnternetlə alınan mallar, xüsusilə mobil telefon və planşetlər müştərilərə gəlib çatmayıb. Yeni qaydalara əsaslanan Bakı şəhər Baş Gömrük İdarəsi bu malları saxlayıb. Əsasən, Myphone.ae və From.ae saytlarından alınmış mallarla bağlı problem yaşandığı bildilir .
Sizin brauzer HTML5-i dəstəkləmir
İNTERNETDƏ PULUNU VERDİ, MALINI ALA BİLMİR
Həsən Kazımov Dubaydan internet vasitəsilə mobil telefon alıb. Deyir ki, Bakıdakı qiymətlərlə müqayisədə 100-150 manat daha ucuz başa gəlib. Telefona 5 günə ona çatmalı imiş. Amma:
“Məlum oldu ki, bütün məhsullar göndərilib, amma gömrük komitəsi saxlayıb və buraxmır. Nə vaxt buraxılacaq, niyə saxlayıblar konkret məlumat verilmir. Elə sifariş verdiyim şirkətin özündə də bu haqda dəqiq məlumat yoxdur. Şirkət rəhbərliyi bizə ya gözləməyi, ya da pulu geri qaytarmağı təklif edir. Mənə təcili telefon lazım olduğundan bu gün sifarişimin geri alınması ilə bağlı ərizə yazmalı oldum”.
Online dükan müştəriləri sosial şəbəkələrdə baş verənlərə kütləvi şəkildə etiraz edərək, prezidentin rəsmi internet səhifəsinə və Gömrük Komitəsinə şikayət məktubları göndərirlər. Onlar prezidentdən xahiş edirlər ki, yaranan problemin həllinə göstəriş versin.
MƏQSƏD İŞBAZLARIN QARŞISINI ALMAQDIR?
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bununla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bəzi işbazlar elektron ticarətdən vergidən yayınmaq üçün istifadə edirlər. Ona görə də ölkəyə gətirilən bütün məhsullar, o cümlədən telefon və digər məhsullar qeydiyyata alınmalıdır.
Aydın Əliyev onu da bildirib ki, 2014-cü ilin dekabrında bütün MDB ölkələrinin gömrük xidmətlərinin rəhbərləri Rusiya Gömrük Komitəsinin təşəbbüsü ilə bu problem arayış kimi hazırlanıb. Elektron ticarətin problemləri - vergidən yayınma, razılıq, lisensiya və qeydiyyat aparılmadan idxalla bağlı müzakirə edilib.
MƏSQƏD ELEKTRON TİCARƏTDƏN VERGİ TUTMAQDIR…
İqtisadçı Samir Əliyev deyir ki, bu qadağanın bir məqsədi var: Son vaxtlar müxtəlif sahələrə vergilər tətbiq edildiyi kimi elekron ticarətin də vergiyə cəlb olunması:
“Bu vaxta kimi elektron ticarətdən hər hansı vergi və ya əlavə rüsum tutulmurdu. İndi Gömrük Komitəsi duyuq düşüb və elektron ticarətə də vergi tətbiq etmək istəyir. Bunun doğru qərar olub-olmadığını bildirmək çox çətindir. Məsələn, elə dünya ölkələr var ki, orada elektron ticarətdən vergi tələb olunur, elələri var - güzəşt edilir, elələri də var ki, ümumiyyətlə rüsm tutulmur. Amma elektron ticarətin inkişafında maraqlı olan ölkələr daha çoxdur. Çünki bu yolla kölgə iqtisadiyyatının qarşısı alınır, bütün ödəmələr bank yolu ilə olur deyə şəffaflıq olur”.
İŞBAZLIQ DA QANUNSUZDUR, MƏHSULLARIN GÖMRÜKDƏ SAXLAMASI DA…
Rəsmi məlumatlara görə, Azərbaycanda 2014-cü ildə elektron pərakəndə ticarətin həcmi azı 6 milyard manat olub. Bu, 2013-cü ildəkindən 2,4 dəfə çoxdur. Elektron ticarət dövriyyəsinin az qala 95 faizi qeyri-ərzaq mallarıdır.
Azərbaycan İnternet Forumunun direktoru Osman Gündüzün deyir ki, qanunla hər bir vətəndaş xarici internet mağazadan min dollardan çox olmamaqla şəxsi istifadə üçün mal, telefon, televizor və s. alıb poçtla gətirə bilər. Osman Gündüzün fikirincə Gömrük Komitəsinin belə bir problemi yaratması qanunsuzdur, komitənin buna səlahiyyəti çatmır.