“Bir axşam taksidən düşüb...”

Vaqif Səmədoğlu

-

“Bir axşam taksidən düşüb...”

(Vaqif Səmədoğluna ağı)

Sevdiyim şair dünyadan köçdü...

Lap o mahnıda deyilən kimi, “sən getdin, elə bil dünya boşaldı...”

Sevdiyim şair artıq yoxdur...

VAQİF SƏMƏDOĞLU - CANLI ŞAİR

Mən sevdiyim yeganə canlı şairi itirdim.

Mən həmişə ölü şairləri sevirdim axı...

Cansız şairlərin şeirlərini əzbərləyirdim.

Həm də, nə vaxtsa real olduqlarını anlamadan sevirdim onları.

İlk dəfə Səmədoğlu Vaqifi canlı şair kimi qəbul etdim.

Şeirləriylə, nəğmələriylə, dramlarıyla, duzlu-məzəli söz-söhbətiylə birgə tanıdım, həmsöhbət oldum...

ÖLÜMLƏ QUCAQ-QUCAĞA...

Vaqif bəy ölənədək bu xasiyyətinə sadiq qaldı.

Nə ruhdan düşdü, nə amansız xəstəliyə yenildi.

Xəstəliklə də, ölümlə də dostlaşdı, zarafatlaşdı, hətta məzələndi...

Vaqif bəy bununla da bir ilkə imza atdı. (Ardı aşağıda)

Yaddaşlarda təkcə bənzərsiz şair kimi yox, ölümüylə-xəstəliyiylə oynayıb-gülən, yeyib-içən, gəzib-dolaşan bir insan kimi qaldı.

ZORƏN GƏNC...

Bir də, Vaqif bəy heç qocalmadı ki...

75 yaşında da 15-20 yaşındakı kimi qaldı.

Bənzərsiz şair cavanlıq ruhunu saxlamağı bacardı.

Oxucularına, sevdiklərinə bu dünyanın gerçəklərini qəbul etdirə bildi, hətta hamını öz yas mərasiminə çağırmaq cəsarətini də göstərdi.

BİR AXŞAM TAKSİDƏN DÜŞÜB...

Vaqif Səmədoğlu

Vaqif bəy dillər əzbəri olan mahnısında dediyi kimi, “bir axşam taksidən düşüb...” getdi...

Bizləri əbədi tərk etdi.

Gülə-gülə getdi.

Qəhrəman kimi getdi.

Ölümə meydan oxuya-oxuya --qorxmadan getdi.

ÖLÜMÜMƏ BİR AZ QALMIŞ...

1964-cü ildə cəmi 25 yaşında yazdığı bir şeirində :

“Ölümümə bir az qalmış,

Darayacam saçlarımı,

Təmiz, ağ köynək geyəcəm,

Ölümümə bir az qalmış.

Ölümümə bir az qalmış,

Göy üzü mavi olacaq,

Buludlar köpük-köpük...” - yazmışdı Vaqif Səmədoğlu.

GÖY ÜZÜ MAS-MAVİ, BULUDLAR KÖPÜK-KÖPÜK OLDU

Görəsən Vaqif bəy yazdığına əməl etdimi?

Saçlarını darayıb, təmiz köynək geydimi?

Amma bu gün neçə gün sürən yağışdan sonra bir müddət göy üzü doğrudan da mas-mavi, buludlar köpük-köpük oldu...

Bəlkə də, bu, Vaqif bəyin gerçəkdən : “Mən burdayam, İlahi”- deyişindən sonra baş verdi?!

ƏN SON...

Görəsən Vaqif bəyin qələmə ala bilmədiyi ən son şeiri nə oldu?

Görəsən Vaqif bəy ən son nəyə güldü?

Görəsən Vaqif bəy ən son pianoda nə çaldı?

Görəsən Vaqif bəy “bir axşam taksidən düşüb”..Ölümə necə yollandı?!

Görəsən...