22-ci ildir ki, qovurlar, insanlar da qaçır, bu illər ərzində nələr edilib?

Arxiv fotosu: Bakı sakini Bolşevik lideri Vladimir İliç Leninin portretini sökür. 21 sentyabr 1991

.

SƏMİMİLİK GÜNAHDIRMI?

Adam lap azacıq da olsa, inanmaq istəyir k, tarixi günlərdə, millət və cəmiyyət üçün sayğılı vaxtlarda cəmiyyət bir az da olsa dəyişir. Düşünürsən ki, axı ola bilməz ki, belə yüksək sözlər, insanı riqqətə gətirən şüarlar tamam təsirsiz ötüşsün, adamı azacıq da olsa, dəyişməyə sövq etməsin...

Bəlkə də inanmaq da ümidsizliyin bir pilləsidir. Hamıdan əvvəl o insanlar inanır ki, onların inanmaqdan başqa çarəsi olmur. Amma bu bədbin notsuz da keçinmək və yada salmaq olar ki, əslində bütün insanlar inanmağa meylli olur və bəlkə də çoxunun sadəlövhlüyünün mahiyyəti Umberto Ekonun məşhur sözlərindədir. O, bir dəfə demişdi ki, deyilər, insanlar heç nəyə inanmır, amma bədbəxtlik ondadır ki, onlar hər şeyə inanırlar...

Bəlkə də bəzilərinin də “suç”u hər şeyə, deyilən pafoslu sözlərə, yüksək tonda deyilmiş şüarlara inanmaqdır. Amma nə etməli?..

Elə insanlar olur ki, onların da çatışmayan cəhəti səmimilik olur... Yaşımız əlliyə çatıb, bunun yarısını yazıb-pozmuşuq, hər dəfə də düşünmüşük ki, necə ola bilər ki, adam öz yazdığına, öz dediyinə heç olmasa özü inanmasın?..

20-DƏN 25 İLƏ QƏDƏR...

Bu fəlsəfi-publisistik ricət nədən ötrü idi? Yanvar çox həssas aydır. Ona görə yox ki, Azərbaycanda qış qışlığını adətən yanvarda göstərməyə başlayır. Ona görə yox ki, böyük istirahət günləri də adətən yanvara təsadüf edir...

Düz 22-ci ildir ki, qovurlar, insanlar da qaçır. Əslində bu illər ərzində nələr edilib? Cəmiyyət 1988-93-cü illərdə qazandıqlarını, azadlığını və sərbəstliyini yavaş-yavaş xərcləməklə məşğul olub...

Ona görə ki, yanvarda həm də bir tarix olub - ayın 20-si. Bu il onun 25 illiyi qeyd edildi. Çox, olduqca çox gözəl sözlər deyildi, elə təəssürat da yarandı ki, hamı birləşmək və birgələşmək istəyir...

Adam bütün varlığı ilə bu istəyin səmimiliyinə inanmaq istəyirdi. Ən çox deyilən və dilə gətirilən söz hansı oldu? Təbii ki, azadlıq...

Amma bu ölkədə bəlkə də minlərlə insan neçə illərdir ki, bunun təşnəsindədi. Ağıllı saydığımız adamlar alınlarını qırışdıraraq deyirlər ki, adam ilk növbədə daxilən azad olmalıdır...

Onda çoxu niyə “daxilən azad” ola bilmir? Axı necə azad olasan ki, əgər içində özün boyda bir qorxu daşıyırsan?..

Aciz bir heyvan təsəvvür edin. Məsələn, tutaq ki, ceyran! O, qarşısında canavar görürsə, “azad” və asudə ola bilərmi? Onun şüurundan nəsə başqa bir şey keçə bilərmi?..

BU ZİDDİYƏTİ FROMM NECƏ AÇARDI?

Çox çətin məsələdir. Düz 22-ci ildir ki, qovurlar, insanlar da qaçır. Əslində bu illər ərzində nələr edilib? Cəmiyyət 1988-93-cü illərdə qazandıqlarını, azadlığını və sərbəstliyini yavaş-yavaş xərcləməklə məşğul olub...

Onların sayını, kəmiyyətini artırmaq mümkün olmayıb, onlar hissə-hissə, qram-qram xərclənib, itirilib...

İndi də cəmiyyət gəlib dalana dirənib... Erich Fromm yazırdı ki, insan yaratmaqla özünün mövcudluğunun mahiyyətindən irəli gələn məhdudluğun fövqünə qalxır, gəl, o, bunu məhv etməklə də edə bilər, insan məhv etməklə də öz mövcudluğundan irəli gələn məhdudiyyətlərin fövqünə qalxa bilir, çünki bu halda da özünü ixtiyar sahibi, az qala yaradan-sərəncam verən hesab edə bilir.

Əgər insan yalnız yarada bilsəydi, dünya çox qısa bir zamanda cənnətə dönər və Allah bilir, insanın səsi Kosmosun hansı ənginliklərindən gələrdi... Əgər insan yalnız məhv edə bilsəydi, onda da çox pis, birtərəfli olardı, Yer çox qısa bir müddətdə cəhənnəmə çevrilərdi...

Bəlkə də insanın faciəsi bu dixiotomiyadadır? (Dixitomiya - tamın üst-üstə düşməyən istənilən 2 hissəyə bölüməsidir - red.) Bəlkə bu ikili missiya bir simbioz təşkil edir? Axı insan vaxtaşırı öz yaratdıqlarını məhv etməsəydi onda Babil qülləsi kimi bir şey alınardı!..

Bəlkə Yaradan bunu əvvəldən görüb, nəzərdə tutub və insanın boynuna çox ağır bir yük, ağır bir missiya qoyub-yaratdığını qismən məhv etmək...

Bəlkə Yaradan insanın mahiyyətində lap əvvəldən iki başlanğıc nəzərdə tutub - mələk və şeytan başlanğıcları...

Əgər insan yalnız yarada bilsəydi, dünya çox qısa bir zamanda cənnətə dönər və Allah bilir, insanın səsi Kosmosun hansı ənginliklərindən gələrdi...

Əgər insan yalnız məhv edə bilsəydi, onda da çox pis, birtərəfli olardı, Yer çox qısa bir müddətdə cəhənnəmə çevrilərdi...

Fromm-un dixiotomiyasını özümüz üçün məhz belə həll etdik. Fromm bu iki missiyanın müsbət cəmini, yəni insanın yaradıcı potensialının və canatımının azacıq üstünnlüyünü görür...

DOĞRUDANMI, HEÇ NƏ YOXDUR?

Təbii ki, belə də omalıdır, çünki təmiz balans və ya “sıfır nəticəli oyun” olsaydı onda irəliyə doğru hərəkət də olmazdı. Amma azacıq da olsa, irəliyə doğru hərəkət var axı!..

Nədədir bu irəliləyiş? 25 ildən sonra bu xüsusda nə demək olar? Onu demək olar ki, bir vaxt suverenlik sözünə, milli bayrağa və müstəqilliyə həqarətlə baxanlar, onlara lağ edənlər artıq özləri bu ideyaları qəbul edirlər. 1993-cü ilə qədər çox şey bəyan edilmişdi. Onların çoxu məhv edildi. Amma nəsə qaldı və bu gün də həmin nəsə naminə yaşamağa dəyər...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.