Azər Qaraçənli. Mənəviyyatsız geriləmə addımları

Azər Qaraçənli

-

Mənəvi irəliləmə kimi mənəviyyatsız geriləmə də birdən-birə olmur, addım-addım olur.

Ağgünlü diləklər, doğma istəklər, ərkyana umacaqlar və acılı-şirinli gerçəklər üstündə, oğulların qeyrəti, qız-gəlinlərin namusu, ağsaqqalların, ağbirçəklərin xeyir-duası üstündə bərqərar olmuş, min bir əzab-əziyyət, dava-qırğın, qan-qada hesabına başa gəlmiş, millətimizin bir parçasının Vətənimizin bir parçasında qurduğu dövlətimizdə – Azərbaycan Respublikasında bu gün böyük çoxluğun, hakimiyyət, müxalifət və cəmiyyət qarışıq iri bir toplunun şantaj çirkabına bulaşdığını görmək necə də ağır cəzadır.

Amma nə hakimiyyət, nə müxalifət, nə də cəmiyyət bu çirkaba birdən-birə bulaşıb, hər kəs bu çirkaba barmağının ucunda gəlib, sonra topuğundan çirkaba batıb, sonra çirkab dizə çıxıb, qurşağa qalxıb, indi də boğaza dirənib.

Mənəvi yüksəliş kimi mənəviyyatsız çoküş də birdən-birə olmur, pillə-pillə olur.

Bizim ölkəmizdəki şantaj çirkabının uzun tarixi var, bu tarix təkcə 21-ci əsrə aid deyil, onun tarixi 20-ci əsrə, ondan da əvvəllərə gedib çıxır. Ancaq mən onun uzun yox, qısa tarixindən danışmaq istəyirəm. Mən onun yeni tarixindən də yox, ən yeni tarixindən, daha dəqiqi, ən yeni tarixinin qısa xülasəsindən, yəni tarixçəsindən danışmaq istəyirəm.

2005-Cİ İL - HƏDƏF KİŞİDİR, XANIM ARXA PLANDA QALIB

Mənim bu tarixi 21-ci əsrin 5-ci ilindən götürməyim o demək deyil ki, bu əsrin ilk 4 ilində belə şey olmayıb. Olub, xüsusən də 2003-cü ildə. Amma bu tarixi 2005-ci ildən götürməyimin səbəbi var. Məsələ bundadır ki, mən şantajın bütün formalarından yox, şantajın xanımları qurban verən formasından, onun da hər formasından yox, siyasi formasından, siyasi şantajın xanımları qurbanına çevirməyinin də bütün mərhələlərindən yox, onun internet mərhələsindən və ən başlıcası – bu mərhələnin mənəvi nəticələrindən danışmaq istəyirəm.

Şantaj internetlə həyata keçiriləndən təkcə texnoloji yox, mənəvi cəhətdən də yeni mərhələyə qədəm qoyub.

Azərbaycan Respublikasında siyasi şantajda, hər siyasi şantajda yox, xanımları öz qurbanına çevirən siyasi şantajda internetdən ilk dəfə 2005-ci ilin fevralında istifadə olunub. Hər halda mən belə bilirəm. Ola bilsin, 2005-in fevralına qədər də bu tip şantaj olub, amma olubsa da, onun mənəvi nəticəsi 2005-dəki qədər olmayıb.

İlk addım 2005-ci ilin fevralında atıldı... Hədəf kimi kişiləri seçmişdilər, çünki biz hələ mənəviyyatımızı o dərəcədə itirməmişdik ki, xanımın belə bir şantaj əməliyyatının hədəfi olmağına dözə bilək.

2005-ci ilin fevralında bir müxalif qəzetin rəhbərliyindən iki kişini restoranda iki əcnəbi qızla tutub dördünün də birlikdə çılpaq şəklini çəkmişdilər. Sonra da həmin şəkli internetə qoymuşdular, yəni nümayiş elətdirmişdilər. İlk dəfə deyildi Azərbaycanda belə bir şantaj həyata keçirilirdi, amma ilk dəfəydi o, nümayiş olunurdu. Ardıyca bu məsələnin televiziyada, başqa kütləvi informasiya vasitələrində nümayişə çıxarılmağıyla işim yoxdu, mən – dediyim kimi – siyasi şantajın internet mərhələsindən danışıram, özü də onun hər formasından yox, xanımları qurban verən formasından. Bu formada ilk addım 2005-ci ilin fevralında atıldı. O vaxt bu addımı haracan atmaq olardısa, oracan atmışdılar. Hədəf kimi kişiləri seçmişdilər, çünki biz hələ mənəviyyatımızı o dərəcədə itirməmişdik ki, xanımın belə bir şantaj əməliyyatının hədəfi olmağına dözə bilək. Bəlkə də o vaxt bu şantajın hədəfi xanımlar olsaydı, bütün ölkə ayağa qalxardı, aləm bir-birinə dəyərdi. Ancaq hədəf kişilər idi, xanımlar arxa planda qalmışdılar, onlar şantajın obyekti yox, qurbanıydılar.

Daha bir məqam: fotoşəkli internetə kişilərin intim yerlərinin üstünü, qızların həm intim yerlərinin, həm də gözlərinin üstünü qaraldıb qoymuşdular. Yenə eyni səbəbdən: hələ elə bir dövrdü ki, mənəviyyatsız geriləmədə yalnız bu qədər geriləmək mümkündü, bundan artıq geriləmək mümkün deyil, aləm bir-birinə dəyə bilər.

Ancaq heç nə birdən-birə olmur, hər şey addım-addım olur. 2005-ci ilin fevralındakı şantajda hədəf kişilər olsa da, kişilərin intim yerləri, xanımların həm intim yerləri, həm də gözləri qaraldılsa da, beləliklə, xanımlar arxa planda saxlansa da, əslində mənəvi baxımdan ən ciddi proses elə arxa planda gedirdi. Bu hələ başlanğıcıydı. Bir azdan xanımlar arxa plandan önə gətiriləcək, qaraltmalar yoxa çıxacaq, xanımlar əsas hədəfə – mənəvi, psixoloji, hətta fiziki işgəncənin hədəfinə çevriləcək. Cəmiyyətin hələ bundan xəbəri yoxdu. Cəmiyyət bunu hələ sonra biləcək.

Heç nə birdən-birə olmur, hər şey addım-addım olur.

2008-Cİ İL - XANIMIN ÜZÜ GİZLƏDİLMİR

2008-ci ildə bir müxalifət qəzetinin kişi rəhbərini xaricdə güdüb bir azərbaycanlı xanımla çəkdilər. Burda açıq-saçıq heç nə yoxdu: adamlar yol gedir, çörək yeyir... Ancaq video şantaj məqsədiylə çəkilib və onun internetdə yerləşdirilmə tərzində yeni məqam var: xanımın üzü gizlədilməyib. Bu, yeni addımdı, tək texnoloji yox, əxlaqi baxımdan da yeni addımdı. Burda köhnə məqam odu ki, hədəf yenə kişidi, xanım eləcə qurbandı. Kişi yenə ön planda, xanım arxa plandadı. Amma bir mühüm yeniliklə: kimliyi gizlədilmədiyinə görə xanım tam arxa planda deyil, o, indi bir az önə gətirilib.

Xanım yavaş-yavaş önə gətirilir, arxa planın mənəvi əhəmiyyəti yavaş-yavaş özünü büruzə verməyə başlayır. Heç nə birdən-birə olmur, hər şey addım-addım olur.

Növbəti addım 2010-cu ilin oktyabrında atıldı. Vaxtilə iki əcnəbi qızla restoranda şəkli çəkilmiş qəzet rəhbərlərindən birini yenə çəkdilər. Bu dəfə videoya, həm də azərbaycanlı qızla. Video evdə çəkilib. Gizli çəkiliş restoran otağından, çöldən evin içinə keçib. Amma ev onların yaşayış evi deyil, tutulma evdi. Yəni gizli çəkilişin restorandan, çöl-bayırdan evə keçməyi də birdən-birə baş verməyib. Çəkiliş hələ ki, çəkilənlərin yaşadığı evdə deyil, görüşdüyü evdə, yaşayış yerində yox, görüş yerində aparılıb.

Xanım yavaş-yavaş önə gətirilir, arxa planın mənəvi əhəmiyyəti yavaş-yavaş özünü büruzə verməyə başlayır. Heç nə birdən-birə olmur, hər şey addım-addım olur.

Video internetə tam açıq-saçıq formada qoyulur. Heç bir qaraltma-filan yoxdu. Bu, tam yeni hadisədi. Texnoloji yox, əxlaqi baxımdan yeni hadisədi. Bir kişiylə bir xanım gizli videoyla görüş yerində çəkilib lüt-üryan internetdə nümayiş olunur. Köhnədən qalma bircə məqam var: hədəf yenə kişidi, xanım yenə qurbandı. Ancaq burda xanım qəddarcasına qurban verilir. O, əvvəlki şantajlarda olduğu kimi arxa planda deyil. O, tam ön planda da deyil, çünki hədəf kişidi. Burda o, kişiylə bərabər ön plandadı. Yəni bu elə bir videodu ki, burda arxa plan yoxdu, hədəf kişi olsa da, xanım onunla eyni dərəcədə önə çəkilib. Arxa plan yoxa çıxıb. Xanımın arxa planda saxlanmağı məqamı yoxa çıxıb. Xanım ön plana gətirilib. Bir azdan o, ön planda yeganə adama çevriləcək.

2011-Cİ İL - ARTIQ XANIM BİRBAŞA HƏDƏFDİR

Növbəti addım: 2011-ci ilin aprelində müxalifət mitinq keçirir, siyasətçi xanım həbs olunur. Quzey Azərbaycan dövlət müstəqilliyini bərpa eləyəndən, yəni 1991-ci ildən ilk dəfə məhkəmə etiraz aksiyasında iştirakına görə xanıma 5 sutka inzibati həbs cəzası kəsir. Artıq xanım tam ön plandadı. O, birbaşa hədəfdi. Bu, tam yeni hadisədir. Bu hadisənin 2011-ci ildə ortaya çıxmağı elə-belə deyil. Ölkə bu vəziyyətə məhz 2011-ci ildə gətirilib. Bunun uzun tarixi var, mən qısa tarixindən danışıram. Qısaca desəm, 2011-ci ildə siyasi etiraz aksiyasına görə xanıma həbs cəzasının verilməyi xanımları addım-addım önə çəkib cəzalandıran mənəvi geriləmənin bir nəticəsidi. 2011-ci ildə bu cəzanın 5 günlük həbslə ortaya çıxmağı da təsadüf deyil. Bu hələ ilk addımdı. Bir azdan müddətlər də artacaq.

2012. Mart ayında bir müxalifətçi jurnalist xanımın intim videosu internetə qoyulur. Çəkiliş xanımın evində aparılıb – yaşadığı evdə! Bu artıq görüş yeri deyil, yaşayış yeridi. Gizli kamera yataq otağında quraşdırılıb. Video tam açıq-saçıq formada internetlə yayılır. Hədəf birbaşa xanımdı. Videoda kişi də var, amma o... arxa plandadır! Bəlkə də bu hadisə, bir demirəm, iki demirəm, üçcə il qabaq baş versəydi (yaşayış evinin yataq otağında gizli kameranın qurulmağı, hədəfin birbaşa xanım olmağı, çəkilənin açıq-saçıq nümayişə çıxarılmağı...) aləm bir-birinə dəyərdi. Yenə də bir-birinə dəyənlər olur, ancaq aləm bir-birinə dəymir, çünki bu hadisə birdən-birə törədilməyib, ölkə mənəvi geriləmənin bu həddinə birdən-birə atılmayıb, ölkə bu vəziyyətə illərlə, addım-addım gətirilib.

2012. Sentyabr ayında bir müxalifətçi xanım ehtiyatsızlıqdan törətdiyi avtomobil qəzasına görə cəzalandırılır: ona 2 il yarım həbs verirlər. Onu həm də müxalifətçi atasına görə cəzalandırırlar. Belə bir qisas cəzasını 2012-ci ildən qabaq da vermək olardımı?

2012-Cİ İL - MÜXALİFƏT DƏ BU ÇİRKABA BULAŞIR

2012. Sentyabr ayının sonlarında bir kişi deputat seçilmək üçün iki xanımla apardığı rüşvət sövdələşməsinin videosunu internetdə yerləşdirir. Videonu kişi özü çəkib, gizli çəkib. Ən maraqlısı odur ki, bu videonu 2005-ci ildə çəkib, amma xalqa 2012-ci ildə nümayiş elətdirir.

İndi ilk dəfə bu çirkaba cəmiyyətin böyük hissəsi bulaşır. Eyni vaxtda müxalifət də bu çirkaba bulaşır, çünki o da şantaj videosuna qahmar çıxır.

Görəsən, videonun internetdə 2012-ci ildə yerləşdirilməyi təkcə ona görədimi ki, illərlə onun bu videonu göstərdiyi dövlət adamları şikayətinə baxmayıblar? Xeyr. Xanımları gizli çəkib şantaj eləyən heç bir kişi 2012-ci ilə qədər xalqdan dəstək ala bilməzdi. Axı o, videonu internetdə bu məqsədlə yerləşdirir. Belə bir videoyla Azərbaycan xalqından yalnız 2012-ci ildəki vəziyyətində dəstək almaq olardı. Kişi məqsədinə çatır: xalqın böyük əksəriyyəti şantaj videosunu dəstəkləyir. Və burda tam yeni bir hadisə baş verir: indiyəcən xanımları qurbanına çevirən siyasi şantajı ancaq hakimiyyət dəstəkləyirdi, cəmiyyətin yalnız kiçik bir hissəsi bunu həzm eləyirdi. İndisə cəmiyyətin qat-qat böyük hissəsi şantaj videosunu alqışlayır. İndiyə qədər şantaj çirkabına hakimiyyət və cəmiyyətin kiçik hissəsi bulaşırdı. İndi ilk dəfə bu çirkaba cəmiyyətin böyük hissəsi bulaşır. Eyni vaxtda müxalifət də bu çirkaba bulaşır, çünki o da şantaj videosuna qahmar çıxır. Yəqin 2012-ci ilə qədər müxalifət də belə bir şantajdan fayda götürməyə çalışmazdı. Ancaq 2012 – 2012-di. Məhz bu ildə böyük çoxluq – hakimiyyəti, müxalifəti və cəmiyyəti əhatə eləyən iri bir dairə şantajdan umacaqlı oldu. Beləliklə, böyük umacaqlar, acılı-şirinli gerçəklər, davalar-qırğınlar, qan-qadalar hesabına başa gəlmiş Azərbaycan Respublikası təkcə hakimiyyətiylə deyil, həm də müxalifətiylə, ən başlıcası və ən dəhşətlisi – cəmiyyətiylə şantaj günahına batdı.

2012-ci ilin dekabrında rüşvət videosundakı iki xanımdan biri xaricdə dünyasını dəyişdi. Dəxli yoxdu, həkimlərin dediyi kimi onun ürəyi çatlayıb ölüb, yoxsa ailəsinin və bəzi başqa adamların, deyəsən, həm də ictimai çoxluğun inandığı kimi onu qəsdlə öldürüblər. Nəticə eynidi. O, qurbandı. Və bu nəticənin özü yeni hadisədir: o, təkcə mənəvi qurban deyil, həm də fiziki qurbandı. Beləliklə, kişilərin çəkib şantaj elədiyi xanımların arasından ilk fiziki qurban ortaya çıxdı. Xanımların qurban verilməyi prosesi ilk dəfə ölümə gətirdi. Rüşvət videosundakı o biri xanım 2013-cü ilin fevralında tutulub 3 il həbs cəzası aldı.

2014-CÜ İL – ƏVVƏL TUTURLAR, SONRA VİDEOSUNU YAYIRLAR

2014-cü ilin mayında müxalifətin keçirdiyi etiraz aksiyasında siyasətçi xanım tutuldu, döyüldü, söyüldü və Azərbaycanın dövlət müstəqilliyi tarixində etiraz aksiyasında iştirakına görə xanıma verilən inzibati həbs cəzası yeni rekordunu vurdu: ona 30 sutka həbs verdilər. Azadlığa çıxandan sonrasa, heç ikicə ay ötməmiş onun intim videosunu çəkib internetə qoydular. Həmin videoda kişi də var, amma arxa plandadı, çünki hədəf o deyil, hədəf xanımdı. Özü də bu dəfə kişi lap arxa plandadı, çünki videonu internetə onun sifətini qaralayıb qoyublar. Şantaj videosunda kişinin sifətini örtüblər! Bu da tam yeni bir hadisədi.

Deyəsən, elə həmin gün, bu videonun yayıldığı gün daha bir xanım cəzalandırılır: hüquq müdafiəçisi dövlətə xəyanətdə, maliyyə cinayətində ittiham olunub həbsə atılır. İttiham olunduğu maddələrlə ona rekord həddə – 15 il həbs verilə bilər. Beş gün sonra xanımın əri də tutulur. O da eyni cinayətlərdə ittiham olunur. Amma burda əsas hədəf xanımdı, kişi arxa plandadı.

Təxminən iki ay sonra, sentyabr ayında xaricdən Azərbaycana gəlmiş bir kişinin onunla birlikdə gələn əcnəbi xanımla intim videosu internetdə yerləşdirilir. Video mehmanxanada, gizli çəkilib. İnternetə açıq formada qoyulub. Amma daha bu, adi hadisədi! Ona görə də heç kimi təəccübləndirmir, elə bir diqqət də cəlb eləmir.

Mənəviyyatsız geriləmənin mənəvi irəliləmədən bir mühüm fərqi var – mənəviyyatsız geriləmə müvəqqətidir. O, mənəvi təkamülü ləngidə bilər, amma heç vaxt bu təkamülü birdəfəlik dayandıra bilməz.

2014-cü ilin sonunda, dekabr ayında müxalifətçi jurnalist xanım həbs olunur. Şikayətçi kişidi. Deyir ki, jurnalist xanım onu özünü öldürmək həddinə çatdırıb. Bu həmin jurnalist xanımdı ki, 2012-ci ilin martında yaşadığı evin yataq otağında gizli kamerayla çəkilmiş, videosu internetlə açıq nümayişə çıxarılmışdı...

HARADAN HARALARA GƏLDİK...

Doğma dövlətimizi, doğma ölkəmizi, millətimizin bir parçasının Vətənimizin bir parçasında min bir əzab-əziyyət hesabına qurduğu Azərbaycan Respublikasını bu vəziyyətdə görmək necə də ağır cəzadır...

Amma mənəviyyatsız geriləmənin mənəvi irəliləmədən bir mühüm fərqi var – mənəviyyatsız geriləmə müvəqqətidir. O, mənəvi təkamülü ləngidə, hətta bir neçə addım geriləməyə məcbur eləyə bilər, amma heç vaxt bu təkamülü birdəfəlik dayandıra bilməz. Mənəvi irəliləmə əvvəl-axır öz məqsədinə çatası, mənzil başına yetişəsi bir irəliləmədi. Mənəviyyatsız geriləməsə heç vaxt öz məqsədinə çata bilməyəcək. Onun məqsədi mənəvi təkamülü ləngitmək yox, mənzil başına çatmaqdan məhrum eləməkdi və o, bu məqsədinə heç vaxt çatmayacaq. O, məğlub olacaq. İnsan əxlaqı hər cür əxlaqsızlığa qalib gələcək, Tanrı taxta çıxacaq. Mən Tanrının o taxtından Azərbaycanı ağgünlü diləyinə, doğma istəyinə, ərkyana umacağına çatmış vəziyyətdə, qeyrətli oğulların, qız-gəlinlərin, müdrik ağsaqqalların, ağbirçəklərin ağuşunda, işıq, işıq, işıq içində görürəm! /MediaForum/

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir...