-
Sizin brauzer HTML5-i dəstəkləmir
SİYASİ ALƏT OLMAQDAN CƏMİYYƏT ÜZVÜ OLMAĞA DOĞRU...
Rusiyada nə qədər azərbaycanlı olduğunu heç kim dəqiq bilmir. Rusiyanın rəsmi statistika idarələri bu ədədi həmişə şişirdir, Azərbaycan qurumları isə əksinə, onu kiçildirlər. Amma bütün hallarda aydındır ki, söhbət yüz minlərlə nəfərdən gedir...
Bu insanlar Rusiyanın əlində «miqrasiya siyasəti»ni formalaşdırmaq, daha doğrusu, öz qonşusuna təzyiq etmək üçün ciddi bir alət, Azərbaycanın isə «qızıl elektorat»ıdır-nəzər alsaq ki, Rusiyaya əsasən əməkqabiliyyətli insanlar gedir və onların böyük bir hissəsi öz vətəndaşlığını saxlayır, onda aydın olar ki, bu adamlar bacarıqlı seçki məmurları üçün necə böyük bir tapıntıdır...
Bir daha qeyd etmək lazımdır ki, bu insanlar uzun müddət təzyiq aləti olublar.
Əvvəlki dövrlərdə Azərbaycan Rusiyanın bu ssenarisindən həmişə çox ehtiyat edirdi, çünki ölkənin işçi bazarı və hətta demoqrafıq potensialı bu qədər əhalini əhatə etmək iqtidarında deyildi.
İndi bu məsələ bir daha aktuallaşır. Amma bu dəfə söhbət başqa şeydən-qonşu ölkədəki böhrandan gedir. Etiraf etmək lazımdır ki, ötən bu müddət ərzində hətta Rusiya istəsə belə, bu amildən yararlana bilməmişdi. Bunun da öz səbəbləri vardı. Birincisi, azərbaycanlı miqrantlar Rusiyaya işçi qüvvəsi kimi lazım idi. İkincisi, illər keçdikcə azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiya dərəcəsi artırdı.
İndi qətiyyətlə demək olar ki, azərbaycanlılar Rusiya cəmiyyətinin üzvi bir hissəsidir. Eyni sözləri digər etnik qruplar haqqında da demək olar- gürcülər, ermənilər, orta asiyalılar Rusiya cəmiyyətinə o qədər inteqrasiya ediblər ki, Rusiya məmurları nə qədər istəsələr də, onları öz tərkiblərindən qopara bilməzlər...
AMMA BÖHRAN VAXTI MİQRASİYA ARTIR...
Amma böhran böhrandır. Dünya təcrübəsi, yüz illər ərzindəki miqrasiya təcrübəsinin öyrənilməsi göstərir ki, böyük miqrasiya dalğaları böhranlar və müharibələr dövrünə təsadüf edir...
Azərbaycanlılar Rusiya cəmiyyətinin üzvi bir hissəsidir... Rusiya cəmiyyətinə o qədər inteqrasiya ediblər ki, Rusiya məmurları nə qədər istəsələr də, onları öz tərkiblərindən qopara bilməzlər...
İndi hamı Rusiyada böyük böhran proqnozlaşdırır. Sanksiyaların ilk simptomlarını sezmək üçün hətta iqtisadçı olmağa da ehtiyac yoxdur. Hər şey göz önündədir. Amma hər şey iki üstə gəl iki qədər də aydın deyil...
Rusiya prezidenti cəmi bir həftə bundan əvvəl Türkiyədə «Mavi axın» layihəsinin dayandırıldığını və bunu Avropanın təzyiqini hiss edən Bolqarıstanın davranışı ilə izah etdi. Amma indi nə məlum olur? Bəlli olur ki, Rusiya prezidenti bir qədər tələsib, Avropa Birliyi heç də «Mavi axın» layihəsinin əleyhinə deyil, sadəcə, bu işlərin Avropa standartlarına uyğun aparılmasını və bir də onun da maraqlarının nəzərə alınmasını istəyir...
Bəs onda problem nədə idi? Böyük ehtimalla dünya bazarında neftin və qazın qiymətinin kəskin şəkildə azalması Rusiyanı ixrac potensialını artırmaqdan bir qədər çəkindirir. Adətən dünya bazarında böhran yaşananda istehsal güclərini artırmırlar və böyük layihələrin işə düşməsini yubatmağa cəhd edirlər...
Rusiyanın yaşadığı indiki böhran haqda təsəvvürlər hazırda belədir. Təbii ki, müəyyən miqrasiya meylləri olacaq, onlar labüddür.
Belə zənn edilirdi ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi Azərbaycan məhsullarına tələbatı artıracaq. İlk günlərdə bununla bağlı bir eyforiya yaşansa da bu, davamlı olmadı...
AZƏRBAYCANDA HƏR ŞEY BÖLÜNÜB...
Hər şeyin çox ciddi şəkildə bölündüyü və tənzimləndiyi Azərbaycanda da Rusiyadan dönmək istəyənləri cənnət gözləmir-burada da bütün yerlər «tutulub». Böyük ehtimalla onların ilk dalğasını böyük də məyusluq gözləyir.
Həm də azərbaycanlılar, tutaq ki, Rusiyada kitab satmaqla məşğul olmurlar. Onlar da ilk tələbat mallarının-ərzağın, paltarın və dərmanların satışında ixtisaslaşıblar. Bu mallara isə həmişə ehtiyac olacaq, hətta böhran dövrlərində belə...
Azərbaycanda da Rusiyadan dönmək istəyənləri cənnət gözləmir-burada da bütün yerlər «tutulub».
Elə bu səbəbdən də yerli hakimiyyətdə elə bir narahatlıq sezilmir. Bilirlər ki, «böyük köç» olmayacaq, ən azı ona görə ki, onları Azərbaycanda heç kim gözləmir. Bir daha deyirik ki, hər şey çoxdan bölünüb. Təsadüfi, bəlkə də adi adamların payına düşən ən yaxşı halda xırda ticarətdir.
Amma bu sfera nə qədər azərbaycanlını həzm etmək iqtidarındadır? Məsələ də bundadır...
RUSİYADA ƏVVƏLKİ KSENOFOBİYA BİR AZ AZALIB...
Həm də Rusiyada ksenofobiya dalğası bir qədər səngiyib. Düzdür, böhranlar vaxtı həmişə ekstremistlər, radikallar, şovinistlər fəallaşır. Amma bu vaxtadək müşahidə edilən proseslər göstərir ki, onlar da əsasən yerli hüquq-mühafizə orqanları tərəfindən tənzimlənir. Ona görə də məsəl var, deyirlər ki, çobanın könlü olsa, təkədən pendir tutar.
Azərbaycandan gedən, ümumiyyətlə, keçmiş sovet məkanından olan miqrantların bir çox üstünlükləri var. Onlar Rusiya həyatını, Rusiya mühitini bilirlər. Onlara xərc çəkib dil öyrətmək lazım deyil. Onların yaxşı iqtisadi vərdişləri var...
Elə bu səbəbdən də yaxın gələcək böyük miqrant böhranı baxımından elə də tünd görünmür. Çox güman ki, hər şey sovuşacaq. Hər halda, tamam ümidsiz olmaq üçün də elə bir ciddi əsas yoxdur.
Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir...