İslahat istəyənlərin düsturu: mübarizə ssenarisini hakimiyyət yox, cəmiyyət yazsın

Arxiv fotosu: Bakıda Konstitusiyanın dəyişdirilməsinə qarşı ictimai fəalların keçirdikləri etiraz aksiyasından görüntü. 24 dekabr 2008-ci il.

-

Sizin brauzer HTML5-i dəstəkləmir

İslahat istəyənlərin düsturu: mübarizə ssenarisini hakimiyyət yox, cəmiyyət yazsın

İNSANLARIN SƏRBƏST TOPLAŞMAQ HÜQUQU NECƏ MƏHDUDLAŞDIRILDI?

Bir neçə il bundan əvvəlin söhbətidir. O vaxt dövriyyəyə bir siyasi tezis buraxıldı. Məlum oldu ki, hökumət daha küçə və meydan etirazlarını ölkə üçün məqbul hesab etmir.

Səbəbini də belə izah etdilər ki, siyasi partiyaların və vətəndaşların öz etirazlarını ifadə etmək üçün yetərincə “əlavə imkan”ları var. Amma bu hansı imkanlar idi, onlar nədən ibarət idi, bu xüsusda bir söz deyilmədi.
Dünya müqayisələr dünyasıdır. İnsanlar bu və ya digər məsələyə aydınlıq gətirmək üçün həmişə müqayisələrə müraciət edirlər...

Ən inkişaf etmiş ölkələrdə belə demokratik mübarizə üsullarının biri o birisinə qarşı qoyulmur, onların hamısından istifadə edlilir.

Bir-iki həftədir ki, ABŞ-da insanlar rahatlıq bilimirlər. Amma ABŞ demokratiyasının qüsuru onda deyil ki, hüquq-mühafizə orqanlarının işində müəyyən çatışmazlıqlar var, əksinə üstünlüyü ondadır ki, adamlar bu çatışmazlıqlara qarşı açıq etiraz edə bilirlər...

Eyni sözləri digər demokratik ölkələr haqqında da demək mümkündür. Amma elə ölkələr var ki, oralarda azadlığın və demokratiyanın gələcəyi böyük sual altındadır...

Belə ölkələrdən biri və bəlkə də birincilərindən biri Azərbaycandır. Bu ölkədə avtoritar hakimiyyətdən qurtulmağın bütün yolları hakim partiyanın ideoloqları tərəfindən inkar edilir.

ƏGƏR DEMOKRATİK SEÇKİ KEÇİRİLMİRSƏ...

Əksər müstəqil müşahidəçilərin yekdil qənaətinə görə Azərbaycanda demokratik seçkilər keçirilmir. Elə bu səbəbdən də hakimiyyətin dinc və demokratik seçkilər yolu ilə dəyişməsi faktiki olaraq qeyri-mümkündür. Belə halda yalnız “rəngli inqilablar”a ümid etmək qalardı... Amma hakimiyyət ideoloqları bunu da inkar edirlər.

Beynəlxalq demokratik institutların indiyədək tətbiq etdikləri üsullar da artıq nəticə vermir - qınaq və tələb hakimiyyət tərəfindən demək olar ki, nəzərə alınmır...

Düz 26 ilə yaxındır ki, fəal şəkildə politologiya və sosiologiya ilə maraqlanırıq. Bu müddət ərzində Bakıya bu mövzuda gəlib çatan kitabların demək olar ki, əksəriyyətilə tanışıq. Bu kitablardan öyrəndiyimiz nədir? Ölkənin siyasi atmosferinin dəyişməsinin yalnız ikicə yolu var: islahatlar və inqilablar...

Təbii ki, inqilablarda müəyyən zorakı elementlər olur. Bunu heç kim inkar etmir. Əslində inqilabların xarakteri müəyyən mənada hakimiyyətin xarakterindən asılıdır: əgər hakimiyyət mülayimliyə, danışığa və kompromissə meyllidirsə inqilablar da dinc keçir...

Təsadüfi deyil ki, son illərdə siyasi praktikada rast gəlinən daha çox “rəngli inqilablar”dır. Onlar izafi zorakılıq olmadan, qan tökülmədən başa çatır. Bunun bariz nümunələri bəzi keçmiş sovet ölkələrində görünüb. Ən əsası bilirsiniz nədir? “Rəngli inqilablar”ın nəzəriyyəsi Azərbaycanın hakim ideoloqlarından qat-qat savadlı və təhsilli politloqlar tərəfindən hazırlanıb.

BÖYÜK FRANSA İNQİLABINDAN BAŞLAYARAQ...

Bir məsələni də burada qeyd etmək yerinə düşər...

İnsanların qəddar hakimiyyətlərə qarşı üsyan etmək hüququ ilk dəfə Böyük Fransa Inqilabı zamanı elan edilmiş İnsan və Vətəndaş Haqları Bəyannaməsində ifadə edilib.

O vaxta qədər ki, ölkədə siyasi mübarizə ssenarilərini hakimiyyət diqtə edəcək, heç bir dəyişiklik olmayacaq. Siyasi mübarizə üsullarını hakimiyyət deyil, cəmiyyət özü yazmalıdır. Yalnız o halda islahatlar, dəyişiklik real ola bilər.

20-ci əsrdə qəbul edilmiş məşhur Ümumdünya İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində də bu hüquq dolayı yolla ifadə olunub. Orada deyilir ki, hakimiyyətlər elə idarə etməlidir ki, insanlar onları devirmək məcburiyyətində qalmasınlar...

Heç bir cəmiyyət vakuumda yaşamır. O, müxtəlif cəmiyyətlərin və millətlərin əhatəsindədir. Ola bilməz ki, digər bir cəmiyyət üçün məqbul hesab edilə bilən şeylər hansısa cəmiyyət üçün məqbul sayılmasın. Demokratiyanı da bu qəbildən hesab etmək lazımdır.

SİYASİ MÜBARİZƏ SSENARİLƏRİNİ KİM YAZMALIDIR?

İndi Azərbaycanda vəziyyət olduqca mürəkkəbdir. Demokratiya fəalları ən müxtəlif üsullrala təqib edilir, həbsə atılırlar... Bu proseslərin qarşısını almaq üçün beynəlxalq demokratik institutların indiyədək tətbiq etdikləri üsullar da artıq nəticə vermir - qınaq və tələb hakimiyyət tərəfindən demək olar ki, nəzərə alınmır...

Belə bir fikir var ki, azadlıqla rəqabətdə istənilən ideyanın məğlubiyyəti labüddür. İndi dəyişiklik istəyənlər yalnız buna ümid edə bilər.

Həm də o vaxta qədər ki, ölkədə siyasi mübarizə ssenarilərini hakimiyyət diqtə edəcək, heç bir dəyişiklik olmayacaq. Siyasi mübarizə üsullarını hakimiyyət deyil, cəmiyyət özü seçməlidir. Bilmək lazımdır ki, azadlıq uğrunda mübarizə aparanlar qınanmır. Ona görə siyasi mübarizə ssenarilərini cəmiyyət özü yazmalıdır. Yalnız o halda islahatlar, dəyişiklik real ola bilər.

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir...