Rusdilli azərbaycanlıları «5-ci kolon» saymaq olarmı?

Rəhman Bədəlov

-

Prof. Rəhman Bədəlovun «Bir daha rus bölməsi haqqında: Erkin Qədirli ilə bölüşdüklərim və bölüşmədiklərim» adlı rus dilində cavabının tərcüməsi.

Bir daha əmin oluram ki, yalnız belə adamla mübahisəyə girişmək olar: a) dünyagörüşü ortaqlığı olsun; b) açıq və ya gizli şəxsi rəqabət olmasın. Yalnız bu halda elə bir şey törənir (və ya törənə bilir) ki, onu birgə yaradıcılıq adlandırmaq mümkündür.

NİYƏ MƏHZ RUSCA MÜBAHİSƏ EDİRƏM?

Bunun sadə izahı var, axı rusca öz düşüncələrimi daha anlaşıqlı açıqlaya bilirəm. Bu zaman ruscamın mükəmməl olmadığının da fərqindəyəm. Yaxşı rus müəlliflərinin yüksək ustalığı çatmır məndə, amma yenə cəhd edirəm.

Bəxtim gətirib, ömrümün ilk 6 ilini nənəmin yanında yaşamışam – yalnız bir dil – Azərbaycan dili bilən nənəmin. Sonra rus dilində oxuduğum məktəb, institut və aspirantura gəlib, daha sonra da rusca yazdığım 2 dissertasiya. Oxuduğum kitabların böyük əksəriyyəti də rusca olub. Azərbaycan dilində çıxış edə (nənəm sağ olsun!), yaza bilirəm. Di gəl, sıxışıram, danışığımla bədən dili uyuşmur, arada boşluq qalır. «Qurdumu» öldürə bilmirəm.

Bildiyim dərəcədə, rusca təhsil almış Erkinin belə problemləri yoxdur. Görünür, məsələ dil öyrənmək bacarığından (heç şübhəsiz) qaynaqlanır. Başqa səbəblər də ola bilər. Hər necə olsa da, onda Azərbaycan dilinin kortəbii axarı daha təbiidir, nəinki məndə.

Soruşa bilərlər ki, bəs rus dilini anlamayanlar məni necə başa düşəcək?Düzünü deyim ki, mən yaşda adamdan ötrü ən əsası macal tapıb söyləmək istədiyini söyləməkdir. Bu baxımdan ən sonuncu düşündüyüm auditoriyadır.

KİMLƏ DAHA ÇOX MÜBAHİSƏYƏ GİRİRƏM: ERKİN QƏDİRLİ, YOXSA ONUN OPPONENTLƏRİ İLƏ?

İndi söyləyəcəyim təzadlı fikirlə çox adam razılaşmaya bilər. Köhnə Bakının rusdilliləri submədəniyyət olmayıb – nə sovet dönəmində, nə də sovetəqədərki dönəmdə. XIX əsrin sonunda da, XX yüzilin əvvəllərində də belə olub, sovet dövründə də. Tariximiz belədir, onu qurdalayıb bəsitləşdirmək lazım deyil.

Mənim bəxtim gətirib. Ötən əsrin 60-cı illərində (gör nə qədər vaxt ötüb!) rusdilli ziyalıların çox parlaq nümayəndələriylə (ən əvvəl də memarlarla) görüşüb-danışmaq (daha çox dinləmək) qismətimə düşüb. Aralarında müxtəlif millətlərin təmsilçiləri vardı, amma dünyagörüşlərinə görə daha çox kosmopolit idilər. Mənim gözümdə onların ən parlağı arxitektor Şulqin olub. Sovet şüarları, ideoloji hökmlər onun beyninə hopmamışdı. O, dünya mədəni təcrübəsinə açıq insan idi. Osip Mandelştamın, Knut Qamsunun adlarını ilk dəfə onun ağzından eşitmişdim. Xüsusi vurğulayıb sezdirirəm: Şulqin və həmkarları Bakı mədəni mühitinin təbii zərrələriydilər. Eynən keçmişin rusdilli alim və sənətçiləri kimi (qısa olsun deyə, ümumiləşdirirəm).

Azərbaycanın bugünkü rusdilli mədəniyyəti «Bakı kosmopolitlərinin» (onları, şərti olaraq, belə adlandıraq) və onların söykəndiyi dünya mədəniyyətinin danılmaz davamı olmadı.

Sezdirəcəyim qeydlər. Bu üzdən, xarici parametrlərinə görə, onları Azərbaycan milli mədəniyyətinin (üstündən ötdüyüm yeni suallar silsiləsi) tərkib hissəsi saymaq çətin olsa da, Bakının mədəni tarixi həmin şəxsləri gözardı edə bilməz. Bakı Tarixi Muzeyi yaradılacaqsa (mütləq yaratmaq lazımdır), bu muzeydə onların da adı əksini tapmalıdır. Elə həmin səbəbdən, Bakıda arxitektora abidə ucaldacağıqsa, konyunktura güdməməli, estetik mülahizələrə üstünlük verməliyik (icazənizlə, millətçi mülahizələri də konyunkturaya aid edirəm).

Beləcə, öz paradoksumun sırası çatır – Azərbaycanın bugünkü rusdilli mədəniyyəti «Bakı kosmopolitlərinin» (onları, şərti olaraq, belə adlandıraq) və onların söykəndiyi dünya mədəniyyətinin danılmaz davamı olmadı. Bu səbəbdən, onlar get-gedə daha çox submədəniyyətə çevrilirlər. Bənzətmə işlədib onları «Şən və Hazırcavablar Klubu» (KVN) və «Nə, harada, nə zaman» («Çto, qde, koqda») adlandırıram. Fikrimi hərfi mənada qəbul etməyin və hər hansı şəxs səviyyəsində cavab axtarmayın. Rusca yazan gözəl yazıçı və şairlərimizin yaradıcılığıyla tanışam. O ehtimalla da razıyam ki, bu günü rusdullilərindən biri ciddi araşdırıcı, parlaq sənətçi, hətta uğurlu siyasətçi ola bilər (və ya olub). Mən şəxslərdən deyil, mədəni proseslərdən danışıram.

Oluşduğu yerdən doğan, hətta şərq çalarlı yeni rusdilli «bakılılıq» (ruscası «bakinstvo») getdikcə daha çox submədəniyyətə çevrilməkdədir (hər şeydən öncə məhz «oriyent» olsa da, bu, kimlərəsə «milli»nin təzahürü kimi görünə bilər). Onların rus dili də get-gedə daha çox əyalət damğası daşıyır – istər sözlüyünə, istərsə intonasiyasına görə.

ERKİN QƏDİRLİ İLƏ NƏDƏ RAZIYAM

«Bəs Dostoyevski?»: bizim rusdilli üst kəsimə ünvanlasaq, məzəli sualdır. Axı onlar, təbii ki, «lənətli suallar»a cavab axtarmayacaqlar (öz mahiyyəti baxımından və «rus» sözünün yüksək mənasında həmin suallar əsl «rus»lara xasdır)... Buna daha çox azərbaycandillilər cavab tapmağa cəhd göstərəcəklər (və cəhd göstərirlər də). Özü də rus dilini mükəmməl bilmədən, incəliklərini anlamadan, əvvəlcə maarifçi qurdları oyandığına görə, sonra da elə hey dərinə vararaq... İntellektual mədəniyyətin neofitləri olsalar da, «lənətli suallar»ın mahiyyətinə rusdillilərdən qat-qat çox yaxınlaşmaları mümkün görünür. Rusdillilərdən ötrü isə (heç şübhəsiz, istisnalar var) rus ədəbiyyatı daha çox «qlamur» sahəsidir («qlamur» barədə az sonra). Onlar üçün parıldaşıb-qamaşmaq rus ədəbiyyatının bütün dünyaya verdiyi «lənətli suallar» içərisində qıvrılıb əzab çəkməkdən daha vacibdir.

«Biz rusları qəzəbləndirə bilərik» arqumenti mənə sadəlövhlükdən çox, utandırıcı görünür. Belə arqumentləri utanmadan dilə gətirmək də göz önündəki mental qüsurdan soraq verir və bu qüsur haqqında açıq-aşkar danışmağa dəyər.

«Bəs Dostoyevski?»: bizim rusdilli üst kəsimə ünvanlasaq, məzəli sualdır. Axı onlar, təbii ki, «lənətli suallar»a cavab axtarmayacaqlar (öz mahiyyəti baxımından və «rus» sözünün yüksək mənasında həmin suallar əsl «rus»lara xasdır)...

Rus bölməsində təhsil səviyyəsinin Azərbaycan bölməsindən üstünlüyü barədə fikir mübahisəlidir. Bu fikrin çoxlu incəlikləri var. Qəti şəkildə «hə» və ya «yox», «daha yaxşıdır» və ya «daha pisdir» demək hələ heç nə demək deyil. Bununla məsələ bitməz. Cəmi 3 aspektə toxunacağam.

Birincisi, rusca və ya Azərbaycan dilində təhsil bir çox səbəbdən ölçüyə gəlmir. O başqa məsələ ki bizim «rus bölməsi» yüksək «rus təhsili»nin göstəricisi roluna iddia edə bilməz və buna haqqı çatmır.

İkincisi, iş elə gətirib ki, bu il boyunca Azərbaycan və rus dərsliklərinin məktəb proqramları əsasında nəvəmlə məşğul olmuşam. Birbaşa deyirəm: Azərbaycan dərslikləri qorxuncdur, kif basmış dünyagörüşünün məhsuludur. Belə dərsliklərlə sırınan «millətçilik» bizi atılmışlar-qovulmuşlar-dışlanmışlar-lənətlənmişlər ölkəsinə çevirə bilər. Xoşbəxtlikdən, artıq üzə çıxıb ki, pedaqoqların çoxu bənzər dərsliklərin bir çox mətninə şübhəylə yanaşır.

«Slavyanofil» ruhları Azərbaycan üçün qəbuledilməz olsa da, rus dərslikləri daha yaxşıdır. Nə etmək olar? Bir ona yanıram ki (bu barədə yazmışam da), bizdə valideynlər birliyi yaranmayıb. Belə birliklər fiziki, psixoloji, mənəvi, intellektual və s. baxımdan uşaqların sağlam böyüməsinə yardım edərdi. Axı bizim məktəblər yad uşaqları deyil, onların doğmalarını şikəst qoyur.

Nəhayət, üçüncüsü – daha bir təzad odur ki, rus və Azərbaycan dillərində təhsil keyfiyyəti ölçüləbilməz olsa da, orta və ali məktəblərin ən yaxşı məzunları (sezdirirəm: ən yaxşı) Azərbaycan bölməsində yetişir. Bu, bəlkə də daha böyük maraq, daha böyük qürurla və qlamurluğun olmamasıyla bağlıdır. Başqa səbəblər də ola bilər – hər halda fikriylə hesablaşdığım pedaqoqların çoxu 10-15 il öncə gözə çarpmayan bu fərqdən danışır.

4. ERKİN QƏDİRLİ İLƏ NƏDƏ RAZI DEYİLƏM

Ən əvvəl «bağlamaq» çağırışıyla prinsipial şəkildə razı deyiləm: problemin özü çözülmürsə, qadağalar yaxşılığa aparmaz. Bütövlükdə «əleyhinə» mübarizə «uğrunda» mübarizəyə çevrilməz. Rus bölməsinin qapadılması və ruscanın yayılma sahəsinin daraldılması, hələ ki, rəqabətqabiliyyətli olmayan Azərbaycan dilinə kömək etməz.

O başqa məsələ ki Azərbaycan dili işlənən sahələrin gerçəkdən genişləndirilməsi tədricən və təbii şəkildə rus dilini sıxışdıracaq. Çoxillik, bəlkə də onillik proqramla bu işi görmək olar. Amma bunun rus dili probleminə dəxli yoxdur.

Bunu da deyim ki, məncə, Azərbaycandakı rus dili bizim milli sərvətimizdir və onun yayılma sahələrini daraltmaqla yanaşı (bu, müstəmləkə keçmişimizi aşmaq üçün qaçılmazdır), həm də qoruyub dərinləşdirməliyik (burada iki istiqaməti gözardı etməməliyik: 1) Rus dilinin keyfiyyətini. Axı boynumuza almalıyıq ki, bu baxımdan rusdillilərimizin səviyyəsi üz güldürmür; 2) Əslində bütün xalqlara xas olan «lənətli» rus sualların aktuallaşdırılmasını). Bir sözlə, 3 feili sezdirmək istəyirəm: Daraltmaq. Qorumaq. Dərinləşdirmək. Bu feillər Azərbaycanda rus dilinə yanaşma strategiyamızı müəyyənləşdirməlidir.

Birbaşa qərarlara gəlincə, bu müddəaları təklif edərdim:

а) vətəndaşlıq almaq istəyənlər və dövlət qulluqçularının hamısı üçün Azərbaycan dilindən məcburi imtahan verməlidirlər. Dil biliyinə tələblər, kimlərin imtahan götürməsi ayrıca müzakirəni qaçılmaz edir.

Bu gün rusdillilərdən söhbət gedir, sabah ingiliscə «danışanlardan», o biri gün Qərbdə təhsil alanlardan, daha sonra elektriklə çalışan avtomobili olanlardan və s. və i.a.

b) rus bölməsinin ibtidai siniflərində pulsuz təhsil;

c) ibtidai təhsildən sonra rus bölməsində ödənişli təhsilin tətbiqi;

5. RUSDİLLİ AZƏRBAYCANLILARI «5-Cİ KOLON»A AİD ETMƏK OLARMI?

Bir dəfə yazmışdım ki, şəhərimiz qlamurla evsiz-eşiksizlərin («bomj»ların) qarışığıdır. Vilnüsdən qayıdarkən, bunu özəlliklə hiss etdim. Mirzəağa Əliyev küçəsindən yuxarı – Nərimanov küçəsinə qalxmaq yetər (aşağı hissə heç də yaxşı deyil). Ya da M.Müşfiq küçəsindəki yaşadığım evin həyətinə çıxmaq, hər şey bir yana, uşaqların gözü önündəcə kəsilən inəyə-qoyuna baxmaq bəsdir. Və bu yerlər heç də istisna deyil. Alışmışıq bunlara, bütün bunlar bizi ürküdüb dəhşətə gətirmir, çünki rutin işdən bezmişik. İçimizdən kimin ağlına gəlir ki, dərsliklərimizlə uşaqların gözü önündəcə kəsilib-doğranan heyvanlar və hər yanı saran dağıntılar arasında bir bağlantı quraq? Bunda ötrü, olsa-olsa, Bakını qonaqlarını heyrətləndirəcək qlamur binalardan onca metr qırağa çəkilməliyik...

Soruşacaqsınız ki, bunun mövzumuza nə dəxli var? Məncə, birbaşa dəxli var. Bizim mühitimiz bizi pərən-pərən salır, bizim pərən-pərənliyimiz bir ucdan yeni «5-ci kolon»ların törənməsini fitilləyir. Bu gün rusdillilərdən söhbət gedir, sabah ingiliscə «danışanlardan», (bəsit ofis «ingiliscəsi» mədənilik işarəsi kimi qavranmayacaq?), o biri gün Qərbdə təhsil alanlardan, daha sonra elektriklə çalışan avtomobili olanlardan və s. və i.a.

Hakimiyyət öz yerində, – o barədə ayrıca danışmaq istəmirəm, ancaq normal sivil cəmiyyət qurmaqdan ötrü usanmadan, üsullu-üsullu, inadla, hövsələni basaraq və çığır-bağır salmadan çalışmaq gərəkdir.

Məhz rus bölməsini qapatmaqla bu çətin işi başlamağın uğurlu seçim olduğuna əmin deyiləm...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.