-
Sizin brauzer HTML5-i dəstəkləmir
BİZ POLŞAYA AZƏRBAYCANDAN GETMİŞDİK...
1999-cu il idi. Bir neçə nəfər Polşaya yerli özünüidarəetmə təcrübəsini, bələdiyyələrin işini öyrənmək üçün getmişdik. Bizim üçün ekskursiyalar və görüşlər təşkil etdilər. Bir xeyli material topladıq...
«Deyəsən, bu bir-iki həftədə hansı ölkədən gəldiyimizi unutmusan» dedi...
Növbəti maraqlı müzakirə bitəndə yolda dostlardan biri dedi ki, onsuz da bunların heç bir faydası olmayacaq. Niyə belə düşündüyünü soruşdum. O da mənə «Deyəsən, bu bir-iki həftədə hansı ölkədən gəldiyimizi unutmusan» dedi...
Ona heç nə demədim. Amma dediyi düz çıxdı. Biz bələdiyyələrlə bağlı bir xeyli bilik topladıq, hətta ilk dəfə Avropa Yerli Özünüidarəetmə Xartiyasını da azərbaycancaya tərcümə etdik. Amma hökumət bələdiyyələrin normal və işlək institutlara çevrilməsi üçün heç nə etmədi...
Bu məsələ niyə bizi bu qədər maraqlandırır? Polşada olarkən bir bələdiyyə məmurundan soruşduq ki, bu institutlara ayrılan vəsaitlər doğrulurmu? Dedi ki, Polşada da proses təzə başlayıb. Amma bütün Avropa belə işləyir...
Avropanın yerli özünüidarəetmə təcrübəsini bilirdik. Avropada bu məsələ subsudarlıq prinsipinə söykənir. Məğzi də budur ki, yerlərdə həll oluna bilən bütün məsələlər onların səlahiyyətinə verilir...
İNSAN ÖDƏDİYİ VERGİ HAQDA DÜŞÜNMÜRSƏ...
Azərbaycanda da bələdiyyə strukturlarının saxlanılmasına vəsait ayrılır. Bu vəsait az olsa belə yenə Azərbaycanlı vergi ödəyicisinin cibindən gedir...
Artıq neçə illərdir ki, Azərbaycanda da bələdiyyə strukturlarının saxlanılmasına vəsait ayrılır. Bu vəsait az olsa belə yenə Azərbaycanlı vergi ödəyicisinin cibindən gedir...
Amma nə edəsən ki, azərbaycanlılar hələ ödədikləri verginin təyinatının fərqində deyillər. Burada bir daha bələdiyyə seçkilərini xatırlatmayacağıq. O səbəbdən ki, xatırlanası elə bir şey də yoxdur...
BİR GERÇƏK RÖYA...
Sadəcə, bir neçə il bundan əvvəl bir röya vardı-demokratiya röyası. O vaxt heç kim onu röya hesab etmirdi, hamı düşünürdü ki, bu, gerçək bir şeydir...
Ən maraqlısı bilirsiniz nədir? Demokratiyaya əngəl törədə bilən bütün amillər, geosiyasi, siyasi faktorlar sadalanırdı, amma bir detal unudulurdu... O da bu idi ki, demokratiyanın vəziyyəti əhəmiyyətli dərəcədə insanlardan, cəmiyyətdən asılıdır, cəmiyyət demokratiya istəyirsə, o olacaq, istəmirsə və ya bunun fərqində deyilsə, onda məsələ qəlizdir...
Ən maraqlısı bilirsiniz nədir? Demokratiyaya əngəl törədə bilən bütün amillər, geosiyasi, siyasi faktorlar sadalanırdı, amma bir detal unudulurdu...
Bəzən insanlara, cəmiyyətə bəraət qazandırmaq üçün özümüzü elə çətinliklərə salırıq ki, adam bir az keçəndən sonra bunun faydasızlığını anlayır. Biganəlik mərəzinin heç bəraəti varmı? Sözsüz ki, cəmiyyət atomistik bir quruluşa malikdir, burada ilk baxışda biri-birilə əlaqəsi olmayan milyonlarla «atom»-insan var. Onlar ilk baxışda tam sərbəst görünsələr də əslində biri-birilə əlaqəlidirlər-insan digərlərilə ünsiyyət olmadan yaşaya bilməz, çünki o, həm də sosial varlıqdır...
Bu gün Azərbaycanda isə cəmiyyət az qala bu əlaqələri minimuma endirib-insanlar biri-birilə yalnız və yalnız zəruri olduğu qədər, minimal həddə əlaqədədir. Çox vaxt adamda belə təəssürat yaranır ki, bu əlaqələr də sünidir, insanlar daim onları azaltmağa cəhd edirlər...
HAMI BİRİ-BİRİNƏ DOĞRU ADDIM ATSA...
Fiziklər böyük kollayderlər qururlar. Onların işi sadə prinsipə əsaslanır - iki zərrəcik seli qarşı-qarşıya hərəkət edəndə böyük sürətlər və bunun da nəticəsi kimi yeni zərrəciklər yaranır...
Əslində normal cəmiyyət də belədir. İnsanlar biri-birinə doğru hərəkət etməlidir. Bu halda yeni keyfiyyət dəyişikliyi baş verə bilər. Biri-birinə ən son həddə olan inamsızlıq, etibarsızlıq, assosiasiyalaşmamaq meyli-bunlar son nəticədə gətirib biganəliyə çıxarır...
İndi insanlar var ki, son müraciətlərini edib siyasətdən getmək istəyirlər. Amma cəmiyyət onları eşitmir. Müəyyən insanlar var ki, əksinə, siyasətə gəlmək istəyirlər. Amma bu cəmiyyət onları da eşitmək istəmir...
Elə məsələlər var ki, onları yalnız qruplaşaraq həll etmək mümkndür. Müəyyən bir qrup olur. Onlara sosiologiyada bəzən «fokus qrupları» da deyirlər...
Bir neçə adamdan ibarət olan bu qruplar cəmiyyətin diqqətini nəyəsə yönəldə bilir. Yetər ki, cəmiyyət eşitmək istəsin. İndi insanlar var ki, son müraciətlərini edib siyasətdən getmək istəyirlər. Amma cəmiyyət onları eşitmir. Müəyyən insanlar var ki, əksinə, siyasətə gəlmək istəyirlər. Amma bu cəmiyyət onları da eşitmək istəmir...
BU DƏFƏ GÖYDƏN ALMA DÜŞMƏYƏCƏK...
Bəs onda necə olsun? Doğrudanmı, iki-üç, hətta on adam hər şeyi bilir və insanlara nə lazım olduğunu onların özlərindən yaxşı hiss edirlər? Doğrudanmı, insan öz taleyini tamamilə bir neçə adamın öhdəsinə buraxar və bundan zərrə qədər də narahatlıq duymaz?..
Əslində danışacağımız demokratiya nağılını bir qədər fərqli rakursda düşünürdük. Amma belə alındı. Fərq etmir. Bütün hallarda demokratiya haqda nağıllar digərlərindən tamam fərqlənir-bu nağıllarda nə «ağ atlı oğlan» olur, nə də sonda göylərdən alma düşür...
Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.