-
Sizin brauzer HTML5-i dəstəkləmir
ERMƏNİSTAN BİRLİYƏ NECƏ ÜZV OLDU?
Siyasətdə nəyin və nə vaxt baş verəcəyini irəlicədən demək olduqca çətindir.
Bir günün içində məlum oldu ki, digər iki Qafqaz ölkəsindən bütün parametrlər üzrə geridə olan Ermənistan ən azı bir parametrə görə irəlidədir - bu ölkənin müxalifəti lazım olanda on minlərlə insanı meydanlara çıxara bilir.
Sonuncu etiraz aksiyasına gəldikdə isə, bu, həqiqətən də möhtəşəm tədbir idi.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə qəbul edilməsi ilə eyni vaxta təsadüf edən aksiyada hətta «Çiçəklənən Ermənistan» Partiyasının liderinin prezidentliyə namizədliyini elə aksiyanın gedişində irəli sürəcəyi gözlənilirdi.
Bəs nədən son aylarda nisbi siyasi sakitlik içində bulunan Ermənistanda birdən-birə belə böyük etiraz dalğası başladı?
Etirazlar ölkənin Avrasiya İqtisadi Birliyinə qəbul edilməsindən sonra başlaması onları elə bu hadisə ilə bağlamağa təhrik edir, hərçənd ki, elə digər səbəblər də az deyil-ölkə dərin iqtisadi böhran içindədir, güzəran ağırdır, hakimiyyət ölkəni, az qala, yarımilitarist qaydalarla idarə edir...
Etirazçılar Avrasiya Birliyinə qəbula, özü də adi qəbula deyil, bir növ aşağılayıcı şərtlərlə qəbula etiraz etdilər. Avrasiya İqtisadi Birliyinin təsisçisi olan üç ölkə - Rusiya, Qazaxıstan və Belarus Ermənistanın da bu Birliyə həmin statusla qəbul olmasına imkan vermədilər.
Üstəlik, Qazaxıstan prezidentinin təkidi ilə Ermənistan Birliyə Dağlıq Qarabağsız qəbul olundu. Görünür, etirazçıları ən çox qeyzləndirən də elə bu amillərdir...
Ermənistanın Avrasiya İqtisadi Birliyinin təsisçilərinin heç birilə sərhədi yoxdur. Üstəlik, digər iki ölkə - Qazaxıstan və Belarusla onun iqtisadi əlaqələri minimum səviyyədədir. Ona görə də sonuncu iki ölkə Ermənistanın Birliyə daxil olmasına bir o qədər də önəm vermir...
AZƏRBAYCAN MDB-DƏ MÖHKƏMLƏNƏ BİLİB...
Burada bir amili - Azərbaycanın da rolunu qeyd etmək lazımdır. Etiraf etmək gərəkir ki, Azərbaycan MDB liderləri ilə çox möhkəm, mükəmməl əlaqələr və etimad bazisi qura biliblər. Belarus və Qazaxıstan prezidentləri Azərbaycana çox müsbət yanaşır. Xüsusən də Belarus prezidentini qeyd etmək lazım gəlir. Belarus prezidenti dəfələrlə Azərbaycanı minnətdarlıqla qeyd edib və bildirib ki, Azərbaycan heç vaxt onun ölkəsini darda qoymayıb...
Bu mənada Azərbaycan diplomatiyasının işinə önəm vermək lazım gəlir. Baxmayaraq ki, bu ölkə MDB ilə dərin inteqrasiyaya meylli deyil. Sammitin gedişində Azərbaycan prezidenti onun ölkəsi üçün ikitərəfli əlaqələrin daha çox önəm kəsb etdiyini dedi...
İlham Əliyev sammitdə həm də onu dedi ki, MDB-nin potensialı hələ tükənməyib. Diplomatik leksikada buna mədəni şəkildə «yox» deyirlər. Məsələ bundadır ki, bununla Azərbaycan Rusiyanın MDB-ni daha «effektiv» bir qurumla əvəz etmək istəyinə bir növ «yox» dedi...
NƏTİCƏ ÇIXARMAQ HƏLƏ TEZDİR...
Ermənistanın prezidenti isə sammitdə çox pərt görünürdü. Bunu hətta ekrandan da sezmək mümkün idi. Görünür, bu, Ermənistanda da hiss edilmiş və etirazların güclənməsində bir amil olmuşdu...
Amma etirazlardan uzağa gedən nəticələr çıxarmağın da əleyhinəyik. Məsələ bundadır ki, Ermənistandakı indiki hakimiyyətdən fərqli olaraq müxalifət bu vaxta qədər Dağlıq Qarabağın tanınmasını təkid edirdi...
Həm də Ermənistanın bütün siyasi spektrində Rusiyaya bağlılıq böyükdür, bu ölkənin siyasətçiləri həmişə birinci növbədə Rusiyanın xeyir-duasını almağa çalışırlar. Rusiya üçün isə indiki hakimiyyət daha sərfedicidir.
Ermənistan müxalifətinin və erməni lobbisinin fəallaşmasının bir səbəbi də budur ki, qarşıdan 2015-ci il, «genosid»in guya ki, yüz illiyi gəlir və onlar öz hakimiyyətlərini bu hadisənin tanınması üçün daha qəti addımlara təhrik etməyə çalışırlar...
Ona görə də bu küləyin hara əsməsini indidən demək olduqca çətindir. Rusiya üçün bir az əvvəldə qeyd etdiyimiz kimi, heç indiki hakimiyyət də pis deyil və onlar güman ki, axıra qədər ona dəstək verəcəklər.
Məsələ bundadır ki, müxalif qüvvələr də Rusiya amilinə yüksək önəm versələr də, Qərblə də inteqrasiyanı dərinləşdirmək əzmindədir. Bu isə təbii ki, Rusiyaya xoş getməz. İndi bir məsələ aydındır ki, artıq Ermənistanda başa düşürlər ki, nə qədər ki, siyasətdə «Qarabağ klanı» liderlik edəcək ölkə elə belə də yaşamaqda davam edəcək...
Ona görə də hələ bir az gözləmək lazım gələcək. Etirazlar davamlı olsa və bu prosesin tələblərinə aydınlıq gəlsə, məhz onda Ermənistanın hansı səmtə istiqamət götürdüyünü demək mümkün olacaq.
İndilikdə isə bu xüsusda deyilənlərin hamısı yalnız siyasi fərziyyə statusunda çıxış edə bilər...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.