.
Sizin brauzer HTML5-i dəstəkləmir
HAMI KİMİ OLMAQ DƏRDİ...
İnsan psixologiyası olduqca qəribədir. Bəzən insnlar hamısı bir şey deyir, eyni bir şeydən gileylənir, amma hamı da dediyinin əksini edir.
Bunun niyə belə olduğunu izah etmək çətindir. Bəlkə də ən sadə izahı budur ki, mentalitetdən və ənənələrdən ayrılmaq elə də asan deyil.
Bütün cəmiyyətlərdə standart davranış tərzi, standart davranış tipi olur. Hamı onlara əməl etməyə, onları yamsılamağa çalışır, çünki bu tipdən kanaraçıxmalar o qədər də yaxşı qarşılanmır, bəzən isə hətta problemlərə gətirib çıxarır.
İnsanların əksəriyyəti isə problem istəmir. İnsanların əksəriyyəti tənələrə məruz qalmaq, cəmiyyət tərəfindən qınanmaq istəmir.
İnsanlar özlərinin və ölkələrinin resurslarına uyğun səviyyədə nəsil artırmalıdırlar. Bu məsələdə istehza ən yaxşı halda məsuliyyətsizliyin göstəricisi kimi dəyərləndirilə bilər.
Ona görə də hamı “Palaza bürün, ellə sürün!” misalı ilə yaşayır və ya bir qədər başqa cür desək, cəmiyyətlə ayaqlaşmağa cəhd edir.
Elə məhz bunun nəticəsində müəyyən stereotiplər mentalitetə, davranış tərzinə çevrilir. Bu, elə davranış tərzidir ki, guya orta statistik azərbaycanlını rusdan, rusu isə, tutaq ki, gürcüdən fərqləndirir.
Amma bu fərqlərin mahiyyətinə varanda görürsən ki, burada fundamental bir şey yoxdur, onlar daha çox situativ, ötəri dəyərlərdir...
HÖKUMƏT OLMASAYDI...
Bir müddətdir ki, yenə də yas və toy məclislərilə bağlı mübahisələr başlayıb. Hətta bu məsələlərə hökumətin müdaxilə edəcəyi bildirilir.
Amma bunlar elə ciddi məsələlərdir ki, onlar tək bu gün, dünən aktuallaşmayıb. Bu məsələlər uzun müddət jurnalistikanın, ədəbiyyatın problemi olub. İndiki anda isə onlar hökumətin müdaxiləsi sayəsində aktuallıqlarını bir az artırıb.
Düzdür, bu müdaxilənin davamlı olacağını zənn etmək çətindir, çünki söhbət çox böyük, bəlkə də nəhəng bir xidmət şəbəkəsindən gedir, elə bir şəbəkədən ki, onun oliqarx məmurlara çıxışının olmaması hətta ilk baxışda şübhəli görünərdi...
Amma qeyd olunan məsələlərlə bağlı müzakirələrin aparılması, onların aktuallaşdırılması, bu müzakirələr ətrafında ictimai rəyin formalaşdırılması ola bilsin, hökuməti də hansısa addımlar atmağa vadar edəcək...
TOYLA YASI AYIRMAQ OLMUR...
Qərəz, müasir Azərbaycan toyu və yası həqiqətən də düşünüləsi məsələlərdir.
Toy və yas mərasimlərinin cilovlanmasında hökumətin uzağa gedə biləcəyi real görünmür. Azı ona görə ki, təmtərağı və dəbdəbəni cəmiyyətə aşılayan elə birinci növbədə hakimiyyətin özü, onun oliqarx məmurlarıdır...
İsrafçılıq, böyük xərc, vətəndaşların əksəriyyətinin imkanlarına uyğun olmayan təm-təraq və bəzək - bunlar məsələlərin sosial tərəfləridir. O ki qaldı işin mental tərəflərinə, bu haqda əvvəldə dedik.
Azərbaycan toyu və yası heç də həmişə indiki formada olmayıb. Ona görə də onları bütünlüklə adət-ənənələrin siyahısına yazmaq məsələni qəlizləşdirmək demək olardı.
Ən qəliz cəhət isə budur ki, problem tək toylarla və yaslarla bağlı deyil. Ana sosisal problemlər ucbatından əkiz uşaqlarından imtina edir. Gənc ailə çox uzun müddət uşaq üzünə həsrət qalır. Axırda da məlum olur ki, problem ərlə arvadın qohum olmasındadır.
Bütün bunlar problem deyilmi? Bu gün ölkədə elə problemlər var ki, onlar daha çox mentalitetdəki sapınmaların, əyriliklərin nəticəsi kimi təzahür edir və onlarla vidalaşmaq etnik-milli koda elə bir xələl gətirməzdi.
3 PROBLEM, 3 DƏRD...
Sadalasaq bəlkə də həllini gözləyən 3 mühüm, 3 fundamental problem var.
Onlardan ən birincisi,
ailənin planlaşdırılmasıdır. İnsanlar öz resurslarına və ölkənin resurslarına uyğun səviyyədə nəsil artırmalıdırlar.
Bəzən belə məsələləri qaldırmaq istehza ilə qarşılanır. Amma burada istehza ediləsi bir şey yoxdur. Bu məsələdə istehza ən yaxşı halda məsuliyyətsizliyin göstəricisi kimi dəyərləndirilə bilər. Məsuliyyətsizlik isə son nəticədə cəmiyyətlə qarşıdurmaya aparıb çıxarır.
Digər mühüm problem
qohum nigahların qadağan edilməsidir.
Azərbaycanda ailə institutu yüz illər ərzində formalaşıb. Bu institutun dindən, etnik köklərdən gələn özəllikləri var. Onları dəf etmək o qədər də asan məsələ deyil, bunu etiraf edirik.
Amma başqa yol da yoxdur. Dünyada qohum nigahlara yaxşı baxılmır, onlar nəinki ictimai, hətta tibbi-bioloji baxımdan bir o qədər də təqdir olunmur.
Nəhayət, üçüncü məsələ
əvvəldə qeyd etdiyimiz toy və yas mərasimləridir. Bu mərasimlər öz dəbdəbəsi, təmtərağı ilə artıq bütün sərhədləri keçib. Onlar təkcə mentalitet problemi deyil, bu, həm də iqtisadi məsələdir.
Güman etmirik ki, bu məsələdə hökumət uzağa gedə biləcək. Ən azı ona görə ki, təmtərağı və dəbdəbəni cəmiyyətə aşılayan elə birinci növbədə hakimiyyətin özü, onun oliqarx məmurlarıdır...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.