Niyə Avropa?

Bəxtiyar Hacıyev

-

Bəxtiyar Hacıyev. «Müsbət Dəyişiklik» Gənclər Hərəkatının həmtəsisçisi

İstər Çar Rusiyası, istər Rusiya İmperiyası, istərsə Sovetlər dövründə, tarix boyunca Rusiya öz qonşu dövlətlərini özünün mütləq nəzarətində görmək istəyib. Vladimir Putin Sovet İttifaqının çöküşünü 20-ci əsrin ən böyük faciəsi saymışdı və hətta ən zəif anlarında da ambisiyalarını davam etdirərək, Avrasiya İqtisadi Birliyi adı ilə yenidən qonşu dövlətləri öz nəzarəti altına almağa çalışır. O, Avropa Birliyinə alternativ kimi planlaşdırdığı bir qurum qurmaq istəyir. Rusiya hər şeyi özü, Belarus və Qazaxıstanla ilk addımlarını atan Gömrük İttifaqından başlayır. Gömrük birliyi reallaşdıqdan sonra üzv ölkələrin ticarət, investisiya və maliyyə bağlarının ortaya çıxacağını, daha sonra vahid valyutanın olacağını, nəticədə yeni bir iqtisadi-siyasi birliyin yaranacağını və digər ölkələrin də Rusiyanın təsir dairəsinə düşəcəyini planlaşdırır.

Keçmiş sovet ölkələri üçün Rusiyanın təsir dairəsindən qopmağa çalışmaq yanan körpünün üzərindən keçməyə bənzəyir. Latviya, Litva və Estoniya bu yanğının ilkin mərhələsində az itkilər verərək, Avropa Birliyi və NATO üzvlüyünə nail oldular. Ukrayna, Moldova və Gürcüstansa bir xeyli sonra, yanğının şiddətləndiyi ərəfədə və nisbətən böyük qurbanlarla öz ölkələrinin gələcəyini Avropaya inteqrasiya istiqamətinə yönəltdilər. Azərbaycan bu seçimi nə qədər gecikdirsə, qurbanlar da bir o qədər çox olacaq və bəlkə də körpü tam yanıb bitəcək və Rusiyanın təsir dairəsindən çıxmaq mümkünsüz sayılacaq.

AVROPA - SINANMIŞ UĞURLU MODEL. GÖMRÜK İTTİFAQI - GƏLƏCƏYİ DUMANLI QURUM

AB 50 illik varlığı ilə öz effektivliyini sübut edib. AB üzvləri dünya sıralamasında insan ömrünün uzunluğu, yaşam keyfiyyəti, sosial proqramlar, ətraf mühit, biznes imkanları, təhsil, elm və texnologiya baxımından lider ölkələrdir.

Avropa Birliyi

AB ilə iqtisadi əməkdaşlıq üzv dövlətlərin adambaşına düşən ÜDM-in 25 min avro olduğu 500 milyondan artıq istehlakçısına və dünyanın ən böyük, ən varlı bazarına çıxış deməkdir. 28 üzv dövlətin hər biri ilə ayrıca ticarət standartları və strategiyası əvəzinə, AB-nin öz üzv dövlətləri ilə vahid ticarət standartı var. Avropa Birliyinə üzv dövlətlərin ümumi ÜDM-i dünya üzrə ÜDM-in 26 faizini təşkil edir. Hazırda Gömrük İttifaqına üzv olan və üzv olması ehtimal edilən ölkələrin ÜDM-i isə qlobal ÜDM-in 5 faizindən də azdır. Azərbaycanın idxal və ixracında Gömrük İttifaqına üzv ölkələrin payı azdır. Üstəlik, Avropaya ixrac edilən neft və qaz qiymətləri, qaydaları da Gömrük İttifaqı ilə razılaşdırılmalıdır. Bu isə Azərbaycanın əsas gəlir mənbəyi olan enerji layihələrinin də risk altına düşməsi deməkdir.

AB ilə Assosiativ Sazişin imzalanması, qanunların harmonizasiyası və digər islahatlar, sadəcə ticarət, xarici investisiyalar baxımından yox, həm də insanların rifah səviyyəsini, orta həyat uzunluğunu artırmaq baxımından faydalıdır. Məsələn, keçmiş sovet respublikaları, indi Avropa Birliyi və NATO üzvü olan Latviya, Litva və Estoniyanı Gömrük İttifaqı üzvləri olan Rusiya, Belarus və Qazaxıstanla müqayisə edək.

İnsan inkişafı indeksini (HDI) müqayisə etsək, hətta AB-nin ən aşağı sıralarında dayanan Baltikyanı ölkələrin göstəriciləri Gömrük İttifaqına daxil olan ölkələrin göstəricilərindən üstündür. Dünya sıralamasında Estoniya 33-cü sırada (HDI-0.840), Litva 35-ci sırada (0.834), Latviya 48-ci sırada (0.810) dayanır. Gömrük İttifaqına daxil olan ölkələrdə isə göstəricilər belədir: Belarus 53-cü sırada (0.786), Rusiya 57-ci sırada (0.778), Qazaxıstan isə 70-ci sıradadır (0.757).

Adambaşına düşən ÜDM göstəriciləri də AB üzvü olan postsovet ölkələrində Gömrük İttifaqına üzv olan ölkələrdən yüksəkdir. Baltikyanı ölkələrin AB daxilində adambaşına düşən ÜDM-i 19-23 min ABŞ dolları təşkil edirsə, Gömrük İttifaqına üzv dövlətlərdə bu rəqəm 16-18 min ABŞ dolları civarındadır.

Gözlənilən həyat uzunluğu göstəricilərinə görə də Latviya, Litva və Estoniya Gömrük İttifaqına üzv dövlətləri qabaqlayır.

Riqa

Litvada insanlar orta hesabla 74.4 il, Latviyada 71.6 il, Estoniyada 71.4 il yaşasalar da, Rusiyada bu göstəricilər 65.5 il, Qazaxıstanda 67.2 il, Belarusda isə 69 ildir. Azərbaycanda isə bu göstərici 67.5 ildir.

Beynəlxalq Şəffaflıq təşkilatının Korrupsiya Qavrama İndeksinə (CPI) görə də Baltikyanı ölkələr Gömrük İttifaqına üzv dövlətlərdən öndədirlər. Estoniya dünya üzrə 28-ci, Litva 43-cü, Latviya 49-cu sıradadır. Bu siyahıda Gömrük İttifaqına üzv olan Belarus 123-cü, Rusiya 127-ci, Qazaxıstan 140-cı sıradadır. Demokratik institutların inkişafı, söz və mətbuat azadlığı, şəffaf və ədalətli seçkilərin keçirilməsi və digər məsələlərlə bağlı müqayisələrə isə, çox güman, ehtiyac qalmır. Gömrük İttifaqının iqtisadi gələcəyi Rusiyanın Ukrayna ilə münaqişəsindən və bu böyük bir bazarı, ticarət tərəfdaşını itirməsindən sonra böyük bir sual doğurur.

GÖMRÜK İTTİFAQINA ÜZVLÜK: WIN-WIN, YOXSA ZERO SUM?

Avrointeqrasiya əleyhdarları çox zaman qeyd edirlər ki, Azərbaycanın Assosiativ Sazişi imzalaması yalnız AB-nin maraqlarına xidmət edəcək. Nəzərə almaq lazımdır ki, Rusiyanın qonşuluğunda güclü və müstəqil Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova Avropanın maraqlarındadır, Rusiyanın yox. Məhz buna görə də Rusiya bu ölkələrdə ərazi konfliktləri yaradır, münaqişələri alovlandırır və münaqişələrdən təzyiq aləti kimi yararlanır. Avropa bu ölkələrdəki münaqişələrin qısa zamanda həllində, iqtisadi rifaha vacib şərt sayılan sabitliyin əldə edilməsində maraqlı olsa da, Rusiya bu ölkələri təsiri altında saxlamaqdan ötrü özünün yaratdığı münaqişələri hər zaman alovlandırmağa çalışacaq.

Digər tərəfdən, Avropa Birliyində əsas qərarlar kollektiv razılaşma yolu ilə əldə edilir, Gömrük İttifaqında isə hətta ərazi bütövlüyü, münaqişələr barədə qərarların necə qəbul ediləcəyi sualını LDPR rəhbəri V.Zhirinovsky bu yaxınlarda «Rusiya prezidenti necə qərar qəbul etsə, elə də olacaq» cümləsi ilə cavablamışdı. Avropa Birliyi ilə yaxınlaşma strateji oyunlar baxımından Azərbaycan və AB üçün hər iki tərəfin qələbəsi (win-win) durumu yaratsa da, Gömrük İttifaqına üzvlük «zero sum», yəni tərəflərdən birinin qazanmasının, digər tərəfin itkiləri hesabına baş verməsi olacaq. Heç şübhəsiz ki, bu situasiyada qazanan tərəf Rusiya, itirən tərəfsə Azərbaycan və Gömrük İttifaqına «qoşulacaq» hər hansı başqa ölkə olacaq.

Prezident İlham Əliyev Vilnüsdə Şərq Tərəfdaşlığı sammitində - 2013

ASSOSİATİV SAZİŞ AB ÜZVLÜYÜNƏ ÇIXARACAQMI?

Avrointeqrasiya əleyhdarlarının ən çox istifadə etdikləri arqumentlərdən biri də budur ki, hətta rəsmi Bakı AB ilə Assosiasiya Sazişi imzalasa da, uzun illər Avropa Birliyi üzvü ola bilməyəcək. Bu arqument qismən haqlıdır, axı heç kim bir sazişlə AB üzvlüyünü gözləməməlidir. Saziş, sadəcə, ölkələrə islahat aparılması, standart və qanunların harmonizasiyası üçün çərçivə verir. Yerdə qalanlar ölkənin rəhbərliyinə, bu islahatların nə qədər sürətlə və keyfiyyətlə aparılmasına bağlıdır. AB üzvlüyünə gedən yol bəlkə də 10-15 il çəkəcək. Lakin bu 10-15 illik yolu nə vaxtsa başlamalıyıq və nə qədər tez başlasaq, proses bir o qədər də tez yekunlaşa bilər.

SADƏCƏ İQTİSADİ YOX, HƏM DƏ SİYASİ VƏ STRATEJİ SEÇİM

Avropa Birliyi və Gömrük İttifaqı arasındakı seçim, sadəcə, iqtisadi baxımdan deyil, həm də siyasi tərəf seçmək baxımından da əhəmiyyətlidir. Avropa Birliyinin faydaları təsdiq edilib, hələ formalaşmaqda olan Gömrük İttifaqının isə gələcəyi qeyri-müəyyəndir. Gömrük İttifaqı təşəbbüsünə liderlik edən Rusiyanın Azərbaycana qarşı tarixi hökmranlığı da sübut edilib, Avropa Birliyinin isə Azərbaycana ola biləcək zərərləri, hələ ki, sadəcə, xəyal məhsuludur. Belə olan halda, dəqiq faydaları və xəyali zərərləri olan Avrointeqrasiya seçimi ilə, dəqiq zərərləri və xəyali faydaları olan Gömrük İttifaqı arasında seçim etmək Azərbaycan cəmiyyəti üçün elə də çətin olmamalıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.