-
Sizin brauzer HTML5-i dəstəkləmir
DƏNİZLƏ TƏKBƏTƏK QALMAQ ÜÇÜN...
Quruda təskinlik tapmayanda üzü suya doğru gedirsən. İllah da ki, yuxuda üzü suya doğru getmək aydınlığa doğru getmək kimi yozulur...
Bu yaxınlarda fikirləşdim ki, görən, çayların, dənizlərin tək qalan vaxtı olurmu? Ağlıma bir şey gəldi. Uşaqlıqda nənəm deyərdi ki, sakit durun, atanız işdən gəlib, acıqlıdır... Biz də atamız yatan otağın həndəvərinə dolanmazdıq...
Bilmirəm, nədəndir, çayları, dənizləri həmişə qadın timsalında görürlər. Amma mənim üçün Kür də, Xəzər də həmişə kişi timsallı olub. Ona görə də ağlıma gəldi ki, dənizin də tək qaldığı vaxtlar onun hirsli vaxtları olur. O vaxtlar bir-iki adamı çıxmaq şərtilə hamı çalışır ki, dənizdən uzaq dursun...
Amma bəlkə də dənizin insanlara ən çox narahat, dalğalı-hirsli vaxtında ehtiyacı olur. Belə vaxtlarda boşalmış çimərliklərə getmək və kiçik bir tonqal qalayıb dənizə tamaşa etmək bir ayrı aləmdir...
Əgər sən özünlə, ya dənizlə tək, baş-başa qala bilirsənsə, heç kim sənə «Buradan dur! O yanda otur!» və yaxud da ki, «Day-day, olar burada oturum?» demirsə, deməli azadsan..
Xüsusən də erkən payızda boşalmış çimərliyin və tək qalmış dənizin ayrı hüznü var. Amma bu günlərdə evdə otura bilmədim, dedim ki, dənizə bir baş çəkim. İndi deyəcəyim bəlkə çox, olduqca qəribə səslənəcək: mən dənizi isti havada, yayın cırhacırında sevmirəm...
Düşünürəm ki, çimmək üçün hamam da var, dənizlə isə ünsiyyətdə olmaq lazımdır. Məni düzgün başa düşün, mənə elə gəlir ki, yayın cırhacırında bu ünsiyyət alınmır.
Ona görə ki, yayın cırhacırında dənizə böyük ləyən kimi baxırıq... Amma dəniz ləyən deyil axı... Yayın cırhacırında dənizin qoynunda olsan belə, o, yadına düşmür: kimi qızmar yayın əlindən canını qurtarmaq üçün başını suya soxur, kimi qaşınmasını azaltmaq üçün günəş vannası qəbul edir, kimi kök qadınlara baxır, kimi də pal-paltarının hayında olur, qorxur ki, telefonunu və yaxud başqa şeyini çırpışdırarlar....
Ona görə də çimərliyin ən gur vaxtında da əslində dəniz tənha olur... Elə insan da belə deyilmi? Bəzən üç milyonluq şəhərdə özünü elə tənha hiss edirsən ki! Azacıq kənara çəkilib xudmani bir yer tapanda elə bilirsən ki, lap dünya sənindir! İnsana bəzən çox şey lazım olmur. Bir yer axtarırsan ki, heç kim səni narahat etməsin, zəhlətökən sualları, ondan da zəhlətökən «hikmətlər»i ilə beynini yormasın. Bax, beləcə, oturasan, sakitcə dünyanın gəliş-gedişi haqda düşünəsən...
Əslində azadlıq bəlkə elə budur. Əgər sən özünlə, ya dənizlə tək, baş-başa qala bilirsənsə, heç kim sənə «Buradan dur! O yanda otur!» və yaxud da ki, «Day-day, olar burada oturum?» demirsə, deməli azadsan...
Ona görə də dəniz mənə tək-tənha lazım idi. Amma bilirdim ki, dənizin indi belə vədəsi deyil, yazıq adam əlindən lap zinhara gəlib... Ona görə də durub parka tərəf getdim.
Bu günlərdə bir yubileydən veriliş verirdilər. Söz yubilyara çatanda dedi ki, sağ olsun hökumətimiz ki, rəhbərlərimiz ki, biz belə asudə-rahat yaşayırıq...Bu sözlər məni tutdu. Düşündüm ki, əcəba, bu ölkəni rahat-asudə hesab etmək olarmı?
Şəhərimizin ağıllı əksəriyyəti üçün bu axmaqlıqdan başqa bir şey deyil – adam yayın cırhacırında parka yox, çimərliyə gedər... Amma mən suyun səsi, arabir gözə dəyən seyrək qağayı dəstəsi üçün qəribsəmişdim...
SİZİN YUBİLEY KEÇİRMƏYİNİZ ÜÇÜN....
Hə, darıxmağımın əsl səbəbini demədim axı sizə... Bu günlərdə bir yubileydən veriliş verirdilər. Söz yubilyara çatanda dedi ki, sağ olsun hökumətimiz ki, rəhbərlərimiz ki, biz belə asudə-rahat yaşayırıq...
Bu sözlər məni tutdu. Düşündüm ki, əcəba, bu ölkəni rahat-asudə hesab etmək olarmı?
Bəlkə də bu adamlar tamam başqa koordinat sistemində yaşayırlar. Əgər mən həmin yubileydə olsaydım deyərdim ki, ağsaqqal, sənin belə rahat-asudə yubiley keçirməyin üçün hər gün bizim əsgərlərimiz ölür! Sən bunun fərqindəsənmi? Sən burada özünə asudə-rahat yubiley keçirirsən, amma bizim oğullarımız hər gün barıt qoxuyur, hər gün bir əsgərin ölüm xəbəri gəlir...
Mən həmin yubilyara bunları deyərdim. Amma... Ona görə də bunları dənizə danışmaq üçün parka yollandım... Amma orada bir rus şairinin misraları yadıma düşdü. Onları bizim dilə şeir kimi çevirməkdə acizəm. Amma həmin misralarda deyilirdi ki, Allah neyləsin, onun da oğlunu öldürüblər...
Dənizi də belə aciz gördüm. Ona görə ki, biz dənizə tək öz kirimizi tökmürük, evimizin-eşiyimizin zir-zibilinin axıtmırıq, onun ürəyini neft-qaz boruları ilə dəlmə-deşik etmirik. Biz dənizin qızlarını-qağayıları dənizdən qaçaq salmışıq, onları dənizdən savayı şəhərin hər yerində, xüsusən də zibilliklərdə görmək olar...
Hamısı da nədən ötrüdür? Ondan ötrüdür ki, bizim qocalarımız, məmur-sənətkarlarımız özlərinə rahatca yubiley keçirə bilsinlər... Amma uzaqlarda döyüş gedir və o döyüşlərdə yubiley yaşına çatmamış oğullar ölür...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir